BMT ilə Azərbaycan
arasında tərəfdaşlığın 30-cu
ildönümünə həsr olunmuş
konfransın açılış mərasimi keçirilib
Aprelin
13-də ADA Universitetində BMT ilə Azərbaycan arasında
tərəfdaşlığın 30-cu ildönümünə
həsr olunmuş üçgünlük BMT Modeli
Konfransının açılış mərasimi
keçirilib.
AZƏRTAC
xəbər verir ki, konfrans BMT-nin Azərbaycandakı nümayəndəliyi,
Xarici İşlər Nazirliyi, ADA Universiteti və ADAMUN-un birgə
təşkilatçılığı ilə
reallaşıb.
Tədbirin
açılış mərasimində 120-dən çox
hökumət və BMT rəsmisi, eləcə də akademik
dairələrin, vətəndaş cəmiyyətinin və
KİV nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edən xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, bu il Azərbaycan və BMT səmərəli tərəfdaşlıq və əməkdaşlığın 30 illiyini qeyd edir. BMT-nin ölkə üzrə Bakıdakı İdarə Heyəti ilə birlikdə bu əlamətdar hadisəni qeyd etmək üçün bir sıra tədbirlər təşkil edirik. Bu gün açılışını etdiyimiz Simulyasiya Konfransı parlaq gəncləri bir araya gətirən tədbirlərdən biridir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv olduqdan sonra BMT Nizamnaməsinin məqsəd və prinsiplərini rəhbər tutaraq qaydalara əsaslanan beynəlxalq nizama ciddi riayət olunmasını qorumaq və təşviq etmək üçün səylərini əsirgəməyib.
“Biz davamlı inkişaf üçün kollektiv öhdəliyə fəal töhfə veririk və BMT-nin geniş əhatəli gündəliyində bütün səviyyələrdə iştirak edirik. Biz digərləri ilə yanaşı, regionumuzda və onun hüdudlarından kənarda sülhü təşviq edir, digər ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlığımızı inkişaf etdirir, BMT-nin sülhməramlı əməliyyatlarında iştirak edir, COVID-19 pandemiyasının mənfi nəticələrinin aradan qaldırılması üçün səyləri dəstəkləyir və humanitar çağırışlara cavab veririk. Biz həm də çoxtərəfliliyin güclü tərəfdarıyıq və mədəniyyətlərarası dialoqun ən böyük təşviqatçılarından biriyik. Azərbaycan hazırda dünyada ikinci ən böyük dövlətlər qrupuna - Qoşulmama Hərəkatına (QH) sədrlik edir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi qəbul etməsi dövrümüzün ən böyük qlobal problemlərindən biri - COVID-19 pandemiyası ilə üst-üstə düşdü. Bununla belə, biz mövcud problemləri əməkdaşlıq imkanlarına çevirə bilmişik. Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Prezident İlham Əliyevin təşkilatın sədri kimi irəli sürdüyü qlobal miqyaslı bir sıra mühüm təşəbbüslər vasitəsilə çoxtərəflilik yeni təkan qazanıb. bəşəriyyət, davam edən pandemiya ilə yanaşı, beynəlxalq təhlükəsizlik sisteminin müxtəlif blokların təzadlı yanaşmaları ilə yenidən sınaqdan keçdiyi çox çətin bir dövrü yaşayır. Artan ziddiyyətlər Qoşulmama Hərəkatının etibarlılığını və tarixi aktuallığını bir daha təsdiqləyir”, - deyə Ceyhun Bayramov əlavə edib.
Azərbaycanın davamlı inkişaf üçün kollektiv öhdəliyə fəal töhfə verdiyini və BMT-nin geniş əhatəli gündəliyində bütün səviyyələrdə iştirak etdiyini söyləyən nazir deyib: “Biz digərləri ilə birlikdə regionumuzda və onun hüdudlarından kənarda sülhü təşviq edir, digər ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlığımızı inkişaf etdirir, BMT-nin sülhməramlı əməliyyatlarında iştirak edir, COVID-19 pandemiyasının mənfi nəticələrinin aradan qaldırılması üçün səyləri dəstəkləyir və humanitar çağırışlara cavab veririk. Biz həm də çoxtərəfliliyin güclü tərəfdarıyıq və mədəniyyətlərarası dialoqun ən böyük təşviqatçılarından biriyik”.
Tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva bildirib ki, Azərbaycan BMT-nın dəyərli tərəfdaşı və üzvüdür. O, dayanıqlı, güclü dünyanın qurulmasında Azərbaycanla BMT-nin birlikdə çalışacaqlarına inandığını qeyd edib.
“Gənclərin təxəyyülü, idealları və enerjisi onların yaşadıqları cəmiyyətlərdə davamlı inkişaf üçün çox əhəmiyyətlidir. Çalışmalıyıq ki, gənclərin masa arxasında öz yeri olsun və onlar daha yaşıl, sağlam və təhlükəsiz dünyanın qurulması üçün həllərin hazırlanmasında kömək etsinlər. Bugünkü simulyasiyada gənclər BMT platformasında qlobal çətinliklərlə mübarizədə qəbul edilən qərarların necə verildiyini öyrənəcəklər”, - deyə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi diqqətə çatdırıb.
Qlobal problemlərdən danışan Vladanka Andreyeva diqqətə çatdırıb ki, iqlim dəyişikliyi, ksenofobiya, dezinformasiya, münaqişələr, aclıq, kibertəhlükələr və digər bu kimi problemlər bu gün bütün dünyanın üzləşdiyi çətinliklərdir. Bütün bunlar, eyni zamanda, gənclərə də təsir edir. Hazırda münaqişə zonalarında yaşayan gənclər həyati risklərlə üzləşir, onların təhsilə əlçatanlığı bir çox halda qeyri-mümkün olur.
Konfrans 8 universitet və 7 orta məktəbdən qatılmış 70 tələbə
və şagird BMT-nin
Təhlükəsizlik Şurasının iclasını, BMT-nin İqlim Dəyişmələri
Konfransını – ADACOP-u, eləcə də
BMT-nin İqtisadi və
Sosial Şurasının sessiyasını
simulyasiya edəcək. Onlar kibertəhlükəsizlik,
insanların məcburən didərgin düşməsi, iqlim dəyişiklikləri və ərzaq təhlükəsizliyi
kimi qlobal təxirəsalınmaz
məsələlər ətrafında müzakirələr aparacaq və qətnamələr qəbul edəcəklər.
Azərbaycan.-2022.- 14 aprel.- S.3.