Şuşa türk dünyasının qürur
mənbəyidir
Qarabağın incisi
2023-cü ildə “Türk
Dünyasının Mədəniyyət Paytaxtı” olacaq
Qarabağın azadlığının simvolu olan xarıbülbül türk dünyasının Zəfər simvolu, Şuşa isə qürur mənbəyi sayılır.
Bəli, Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyi parlaq Zəfərlə həm də tarixən var olan türk birliyinin etnosiyasi coğrafiyasını bərpa edib. Prezident İlham Əliyevin qətiyyəti, əzmi, siyasi iradəsi ilə qazanılan bu şanlı qələbə türk birliyinin daha da güclənməsi üçün yeni yollar açıb, həmrəyliyimizin daha da güclənməsində mühüm rol oynayıb.
Vətən müharibəsi günlərində və ondan sonra ötən müddət ərzində daim türkdilli dövlətlərin xalqları Azərbaycan xalqına yüksək dəstəklərini nümayiş etdiriblər. Azərbaycanın əldə etdiyi şanlı qələbəni öz zəfərləri kimi dəyərləndirən qardaş xalqların nümayəndələri milli qürur, milli güvən, milli birlik hissi yaşayıblar.
İşğaldan azad olunan yurdlarımızın, o cümlədən Qarabağın incisi Şuşanın tarixi əzəmətinin, mədəni, dini irsinin bərpa olunması istiqamətində də türkdilli ölkələr daim öz dəstəklərini nümayiş etdirirlər. Bu qardaşlıq dəstəyinin daha bir təntənəli nümayişi isə Şuşa şəhərinin 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilməsidir. Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunub.
Türkdilli ölkələrin irsinin təbliğinə yönəlmiş tədbirlər keçirilir
TÜRKSOY 2009-cu ildən etibarən türkdilli ölkələrin irsinin təbliğinə yönəlmiş tədbirlər keçirir, üzv ölkələrin mədəniyyət və incəsənət xadimlərinin yaxınlaşmasına yardımçı olur. 2010-cu ildən başlayaraq hər il türk dünyasının bir dahi şəxsiyyətinin adına elan edilir, onunla bağlı silsilə tədbirlər keçirilir, kitablar çap olunur. 2017-ci il “Molla Pənah Vaqif ili” elan olunub, 2018-ci ildə görkəmli Azəbaycan bəstəkarı Qara Qarayevə tədbir həsr edilib, 2019-cu il “İmadəddin Nəsimi ili” kimi yaddaşlarda qalıb.
2012-ci ildən etibarən türk dünyasının önəmli tarixi və mədəni şəhərləri türk dünyasının mədəniyyət paytaxtı elan edilir. 2016-cı ildə Şəki şəhəri bu ada layiq görülüb və il boyu TÜRKSOY-un tədbirlərinin bir çoxu məhz Şəkidə keçirilib. Bu tədbirlər vasitəsilə dahilərimiz və tarixi şəhərlərimiz həm qardaş xalqlarımız arasında, həm də dünyada daha geniş tanıdılıb. Bu il TÜRKSOY çərçivəsində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyinin qeyd edilməsi planlaşdırılır.
Qədim şəhərimizin mədəni zənginliyinə xüsusi diqqət yetirilir
2023-cü ildə isə Şuşa “Türk Dünyasının Mədəniyyət Paytaxtı” kimi bayram əhvali-ruhiyyəsinə bürünəcək. Doğma Qarabağımızın baş tacı olan Şuşanın bu müstəsna və qürurlu ünvana layiq görülməsi Türk dünyasının Azərbaycanın qədim şəhərinin mədəni zənginliyinə diqqətinin daha bir göstəricisi, Azərbaycanın türk ölkələri birliyində tutduğu önəmli mövqenin bariz nümunəsidir.
Xüsusi vurğulayaq ki, İlham Əliyevin səyləri nəticəsində bu gün ən yüksək əməkdaşlıq zirvəsinə qalxan türk birliyinin daha da güclənməsinin vacibliyi və əhəmiyyəti Vətən müharibəsi dövründə bir daha özünü təsdiq etdi. Hazırda da dünyada baş verən qlobal siyasi proseslər müstəvisində bütün güclər qarşısına türkün güclü birliyi ilə çıxmaq dövlətlərimizə əlavə güc verir.
Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin başçılarının Türk Dünyasının Ali Ordeninin Azərbaycan Prezidenti İlham Əliyevə verilməsi ilə bağlı qərarları da məhz bu ümumi mənafelərə xidmət edən reallıqlar nəzərə alınaraq qəbul edilib.
Türkdilli ölkələr siyasi, iqtisadi sahələrdə olduğu kimi, mədəni sahədə də gücünü nümayiş etdirmək üçün də birləşiblər. Bu təntənənin daha bir nümayişi 2023-cü ildə Şuşadan bütün dünyaya sərgilənəcək.
Şuşa xoşbəxt günlərə qanad açıb
Azadlığına qovuşan tarixi yurdumuz Şuşa xoşbəxt günlərinə qanad açıb, gündən-günə əzəli şöhrətini bərpa edir. Bu gün biz də özümüzü bəxtəvər nəsil adlandırırıq ki, Şuşanın şanlı günlərinin, necə ki, illər idi ki, arzusunda idik, fəxarətli şahidliyini edirik. Prezident İlham Əliyev tərəfindən Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. İllərdən sonra Şuşada “Xarıbülbül” musiqi festivalı keçirilib, Vaqifin bərpaolunan əzəmətli mavzoleyinin qarşısında “Vaqif Poeziya Günləri” gerçəkləşdirilib. Bu il isə Şuşa yaradılışının 270 illiyini təntənə ilə qeyd edəcək, tarixi ilə bir daha qürurlanacaq.
2023-cü
ildə isə Azərbaycan xalqının mənəvi qibləsi,
türk dünyasının qürur mənbəyi olan
Şuşa “Türk Dünyasının Mədəniyyət
Paytaxtı” kimi mədəni irsinin möhtəşəmliyini
dünyaya sərgiləyəcək.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2022.- 2 aprel.- S.1;6.