Albaniya
Azərbaycanı hər zaman dəstəkləyir və buna
davam edəcək
Aprelin
14-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin ölkəmizdə rəsmi səfərdə olan
Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək
görüşü olub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Baş nazir Edi Ramanı qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Albaniyanın Baş nazirini salamlayan Prezident İlham Əliyev dedi:
-Cənab Baş nazir, Azərbaycana xoş gəlmisiniz, sizi Azərbaycanda görməyimə çox şadam. Bu, bir-birimizi görmək və gündəliyimizdə duran bir çox vacib məsələləri müzakirə etmək üçün olduqca yaxşı fürsətdir. Sizin səfəriniz ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyəsini bir daha nümayiş etdirir. Biz dəfələrlə görüşmüşük, bir çox hallarda telefon əlaqəsi yaradırıq. Eyni zamanda, beynəlxalq tədbirlər çərçivəsində də bir-birimizi görmək imkanından hər zaman istifadə edirik.
Əminəm ki, bu səfər ikitərəfli əlaqələrimizə yeni təkan verəcəkdir. Biz regional inkişaf və dünyanın gündəliyində olan başlıca məsələləri müzakirə edəcəyik. İkitərəfli münasibətlərimizə gəldikdə, mən məlumatla tanış oldum və əlbəttə ki, biz ticarət dövriyyəmizin artırılması üzərində çalışmalıyıq. Rəqəm olduqca kiçikdir, lakin hesab edirəm ki, burada artım potensialı var və biz bunu bu gün müzakirə edəcəyik.
Əlbəttə, enerji sektorunda əməkdaşlığımız haqqında da danışacağıq. Bir ildən artıq müddətdir ki, Azərbaycan Avropaya təbii qazın ixracatçısına çevrilib və Albaniya hər zaman bu təşəbbüsü dəstəkləyib. Ölkənizin yüksək səviyyəli nümayəndələri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında hər zaman iştirak ediblər və həmin layihənin icrasına öz böyük töhfələrini veriblər. Yəni, biz bu tarixi layihəni icra etmiş ölkələrdən ibarət olan komandadayıq. Hesab edirəm ki, bu gün Cənub Qaz Dəhlizi və xüsusilə də Trans-Adriatik boru kəmərinin əhəmiyyəti daha qabarıq görünür.
Bu, əməkdaşlığımızın ən yaxşı sahələrindəndir ki, burada böyük artım potensialı var. Bizim nümayəndələrimiz enerji əməkdaşlığımız ilə bağlı daha geniş portfelə malik olmaq istiqamətində görüşlər keçirirlər. Buraya təbii qaz, tranzit, təchizat, elektrik enerjisi daxildir və bu, həqiqətən də bizim ikitərəfli gündəliyimizin əhəmiyyətli hissəsini təşkil edə bilər. Əminəm ki, hazırda danışıqlar mövzusu olan məsələlər yeni inkişafla nəticələnəcək.
Hesab edirəm ki, biz, həmçinin qarşılıqlı sərmayə qoyuluşu imkanlarını müzakirə edə bilərik. Biz vətəndaşlarımıza turizm sahəsində müxtəlif imkanlar yarada bilərik. Ümumilikdə isə bu görüş tərəfdaşlığımıza daha geniş mənada nəzər salmaq və gələcəkdə yaxşı nəticələr əldə etmək baxımından təkan vermək üçün yaxşı fürsətdir.
Sizi görməyimə şadam. Bir daha xoş gəlmisiniz.
x x x
Baş nazir Edi Rama dedi:
-Təşəkkür edirəm
cənab Prezident. İlk növbədə, uzun illərdən sonra vəziyyətin dözülməz
həddə çatması
nəticəsində ölkənizin
ərazisinin bir hissəsini uğurla geri qaytardığınız
dövrdə burada olmağımdan çox məmnunam. Bildiyiniz kimi, Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi
üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti
və ölkənizin
tarixi hüquqlarını
dəstəkləyir və
bunu etməyə davam edəcək. Biz Sizin qonşunuz
Ermənistanla sülhə
və uzunmüddətli
əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi
alqışlayırıq.
Eyni zamanda, xoşbəxtlikdən Türkiyə
kimi dövlətin simasında güclü körpüyə malikik. Qəti şəkildə
inanıram ki, Sizin də qeyd
etdiyiniz kimi, biz daha çox işlər görə bilərik. Əlbəttə, əməkdaşlığımızın
artırılması potensialına
malik sahələr var və mən
bununla bağlı Sizin fikirlərinizi öyrənmək, habelə
perspektivləri müzakirə
etmək arzusundayam.
Bundan əlavə, heyətlərimiz
müzakirələr aparır
və görək, istər enerji, istərsə də turizm sahəsində hansı nəticələr
əldə olunacaq.
COVID artıq bir
növ sakitləşib
və ümid edirəm ki, Siz Albaniyaya səfərə gələcəksiniz.
Cənab
Prezident, gözəl paytaxtınıza ilk qədəmlərimizdən
bizə göstərilən
bu yüksək qonaqpərvərliyə görə
bir daha təşəkkür edirəm.
x x x
Sonra Azərbaycan
Prezidenti İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə işçi naharı olub.
Azərbaycan.-2022.- 15 aprel.- S.1-2.