Azərbaycan xarici investorların böyük maraq göstərdiyi nadir ölkələrdəndir

 

 

Hazırda onları, xüsusilə "yaşıl enerji" layihələrimiz cəlb edir

 

 

 

Azərbaycanda xarici sərmayələrin yüksək səviyyədə qorunması hamıya yaxşı məlumdur. Buna misal olaraq uzun illərdir həyata keçirilən neft-qaz layihələrimizi göstərmək olar. Xarici investorlar yaxşı bilirlər ki, Prezident İlham Əliyevin sözü də imzası qədər qiymətli və dəyərlidir. Ona görə ölkəmizə 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub.

Vətən müharibəsindəki qələbəmiz, postmünaqişə dövründə iqtisadiyyatla, ərazilərin bərpası ilə bağlı addımların inamla atılması, qarşıya qoyulan vəzifələrin ardıcıllıqla yerinə yetirilməsi, real nəticələrin əldə olunması Azərbaycana beynəlxalq ictimaiyyətin həm hörmət, həm də marağını artırıb. Bunu həyata keçirilən investisiya layihələri də təsdiqləyir. Belə ki, təkcə bu ilin üç ayında iki böyük investisiya layihəsinə start verilib. Bərpaolunan enerji sahəsində iki elektrik stansiyasının təməli qoyulub. Yanvar ayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Enerjisi Stansiyasının tikintisinə başlanıb. Daha sonra - martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə "Qaradağ" Günəş-Elektrik Stansiyasının bünövrəsi qoyulub. Beləliklə, ümumi gücü 470 meqavat olan bu stansiyalar xarici investorlar tərəfindən inşa edilir və gələn il istismara veriləcək.

Prezident İlham Əliyev cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bunların digər investorlar üçün də önəmli bir məsələ olduğunu demişdir: "Hazırda həm aparılan islahatlar, həm şəffaflıq, həm kadr islahatları nəticəsində, eyni zamanda İkinci Qarabağ müharibəsindəki qələbəmiz nəticəsində Azərbaycana çox böyük maraq var. İş görmək, biznes əlaqələri qurmaq müraciətləri kifayət qədər çoxdur. Bu gün dünya miqyasında Azərbaycan nadir ölkələrdəndir ki, bu qədər marağı özünə cəlb edə bilib".

İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlərdə neçə-neçə xarici şirkət iştirak edirbu istəkdə olanlar da çoxdur. Məsələn, bp şirkəti ilə imzalanmış icra müqaviləsinə əsasən, Cəbrayıl rayonunda 240 meqavat gücündə günəş-elektrik stansiyasının tikilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə müəyyən təhlillər aparılır.

Günəş-elektrik stansiyası 500 milyon kVt-saatdan çox elektrik enerjisi istehsal edəcək. Yeri gəlmişkən qeyd edək ki, bundan əlavə, gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda artacaq elektrik enerjisi təminatının qarşılanması üçün digər rayonların ərazisində də bərpaolunan elektrik stansiyalarının tikintisi nəzərdən keçiriləcək.

Ümumiyyətlə, xarici investorlar Azərbaycanın uzunmüddətli, dayanıqlı, ucuzekoloji cəhətdən təmiz enerji növləri ilə təmin edilməsi prosesinə həvəs və inamla qoşulublar. Xatırladaq ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizi "yaşıl enerji" zonası elan edib. Bu, 10 min kvadratkilometr ərazidir. Buraya daxil olan bölgələr 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri həmin ərazilərdə formalaşır. Bu ehtiyatlar "yaşıl enerji" zonasının yaradılması istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi qarşısında yaşıl işıq yandırır.

 

Dövlət başçısı sözügedən müşavirədə də bu məsələyə toxundu: "Bütövlükdə artıq bu rəqəmi mən səsləndirmişdim. Təkcə azad edilmiş torpaqlarda bərpaolunan stansiyaların 9 min meqavatdan çox potensialı varbiz dünyanın aparıcı xarici şirkətlərindən çoxlu təkliflər alırıq. Nəzərə alsaq ki, bizim qonşu ölkələrlə elektrik xətləri mövcuddurixrac imkanlarımız genişlənir və keçən il elektrik enerjisinin ixracatı 2020-ci ilə nisbətdə daha da artıb. Burada doğrudan da həm ölkə üzrə, həm Xəzər dənizini nəzərə almaq şərti ilə çox unikal bir potensial var. Amma mən bu gün azad edilmiş torpaqlarda görüləcək işlər haqqında danışarkən məhz bu məsələni diqqətinizə çatdırmaq istərdim. Eyni zamanda Zəngilandan İran üzərindən Naxçıvana və oradan yenə də İranın enerji sisteminə və Türkiyəyə elektrik xətlərin çəkilişi də gündəlikdə duran məsələlərdəndir".

 

Ümumiyyətlə, azad olunmuş ərazilərdə elektrik təchizatı ilə bağlı işlər davam etdirilir. Keçən il burada 20 meqavat gücündə 4 su-elektrik stansiyası inşa olunub. Onlardan ikisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda Lev çayı üzərindədir. Məlumdur ki, erməni vandalları torpaqlarımızı tərk edərkən

 

30-dan çox elektrik stansiyasını dağıdıb və yandırıb. Keçən ildən bu stansiyaların bərpasına başlanıb. Bu il də "Azərenerji" 5 stansiyanı bərpa edəcək və onların gücü 27 meqavata bərabər olacaq. Prezident qalan stansiyaların bərpasının və sonra işləməsinin sahibkarlar tərəfindən həyata keçirilməsinin məqsədəuyğun olduğunu bildirib: "Çünki, əlbəttə, dövlət də bu işi öz üzərinə götürə bilər, ancaq dövlətin digər başqa xərcləri çoxdur - bu, birincisi. İkincisi, bu, sahibkarlar üçün də əlverişli investisiya ola bilər. Nəzərə alsaq ki, azad edilmiş bütün bölgələr bu gün Azərbaycanın digər bölgələri ilə elektrik xətləri ilə birləşdirilib, ona görə orada istehsal olunacaq enerji ümumi sistemə daxil ediləcək. Mən hesab edirəm ki, sahibkarlar üçün bu, çox cəlbedici ola bilər. Mən bilirəm ki, İqtisadiyyat NazirliyiPrezident Administrasiyası bu işlə məşğuldurlar və təkliflər də verildi. Hesab edirəm ki, hər bir stansiya üzrə təkliflər verilsin və bəlkə bu müşavirədən sonra sahibkarlar da bu məlumatı məndən eşidib daha da həvəsli olacaqlar. Yaxşı olar ki, bu məsələ ilə maraqlanan sahibkarlar üçün qalan stansiyaların yerləri ilə bağlı xüsusi bir təqdimat keçirilsin, təkcə ermənilər tərəfindən dağıdılmış stansiyalardan söhbət getmir".

 

 Hazırda, xüsusilə Kəlbəcər və Laçın rayonlarında külək-elektrik stansiyalarının tikintisi ilə bağlı xarici şirkətlərlərdən müraciətlər daxil olur. Xarici şirkətlər üçün bura əlbəttə, mənfəət götürəcəklərinə ğörə maraqlıdır. Odur ki, öz şirkətlərimiz ya xarici həmkarları ilə birlikdə, ya da ayrılıqda bu işə cəlb olunmalıdır. Potensialdan səmərəli şəkildə istifadə edilməlidir. Bununla həm bərpaolunan enerji növlərinin ümumi enerji balansımızdakı payını 30 faizə çatdırar, həm də təbii qaza qənaətlə onu indiki yüksək qiymətlərlə ixrac edə bilərik.

 Prezident İlham Əliyev bütün bölgələri birləşdirən xətlərin olduğunuazad edilmiş torpaqlarda keçən il 9 elektrik yarımstansiyasının tikildiyini xatırladaraq demişdir: "Bu, çox böyük göstəricidir. Eyni zamanda ən çətin relyefə malik olan Daşkəsəndən, Kəlbəcər dağlarından da elektrik xətləri çəkildi - Daşkəsəndən Kəlbəcərə. Orada dağların hündürlüyü 3500 metrdir, ağır, çətin şəraitdə, qış aylarında biz bunu bacardıq. "Azərenerji"nin mütəxəssisləri yüksək qiymətə layiqdirlər. Bu il "Xudafərin" və "Qız qalası" Su-Elektrik stansiyalarının tikintisi ilə bağlı işlər sürətləndirilməlidir. İran İslam Respublikası ilə danışıqlar aparılır və hesab edirəm ki, daha da sürətlə aparılmalıdır ki, biz tezliklə burada da razılığa gələk. Çünki bu stansiyaların potensialı çox böyükdür - 240 meqavat gücündədir və bu stansiyalar inşa ediləndən sonra bunun yarısı bizə çatacaq".

Bir sözlə, imkanların hamısından səmərəli istifadə etməliyik.

 

 

Flora SADIQLI,

Azərbaycan.-2022.- 15 aprel.- S.4.