Böyük
qayıdış ərəfəsində
İşğaldan azad edilmiş ərazilərdə
sosial-iqtisadi infrastrukturun
bərpası sürətlənir
Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 12-də cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə ölkə üçün əhəmiyyətli sosial-iqtisadi məsələlər geniş müzakirə edildi. Dövlət başçısının xüsusi əhəmiyyət verdiyi sahələrdən biri də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri oldu.
İndi Azərbaycan dövlətinin qarşısında dayanan əsas məsələlərdən biri ermənilər tərəfindən doğma yurdlarından zorla qovulan soydaşlarımızın geri dönməsidir. Onların tez bir zamanda yurd-yuvalarına qayıtması isə işğaldan azad edilən ərazilərdə sosial-iqtisadi infrastrukturun bərpasından asılıdır. Bu səbəbdən dövlət başçısı həmin yerlərdə tez bir zamanda infrastrukturun bərpası və yenidən qurulmasında maraqlıdır.
Ermənilərin 30 il ərzində işğal altında saxladıqları ərazilərdə bütün infrastrukturun məhv etməsinin əsas məqsədi azərbaycanlıların doğma yerlərinə qayıtmasının qarşısını almaq idi. Bunun üçün onlar "viran edilmiş torpaq" taktikasını həyata keçirirdilər. Erməni vandalları öz xislətlərinə uyğun hər şeyi dağıdırdılar ki, soydaşlarımızda ümidsizlik yaransın və doğma yerlərə qayıtmağın mümkün olmadığını düşünsünlər. 44 günlük Vətən müharibəsi ermənilərin bəd niyyətini gözündə qoydu, işğal etdikləri torpaqlar azad olundu.
İşğaldan azad olunan ərazilərdə ötən il 700 kilometr yol çəkilib. Bu proses davam edəcək. Cari ildə Naftalandan Talış kəndinə qədər çəkilən yolların tam istismara verilməsi planlaşdırılır. Həmin yol həmçinin Naftalanla Suqovuşanı birləşdirəcək. Beləliklə, iki potensial turizm mərkəzi arasında avtomobil əlaqəsi yaranacaq.
Bu sahədə ən vacib məsələlərdən biri də Laçın şəhərindən yan keçən yeni alternativ yolun istifadəyə verilməsidir. Bu, təkcə yol-nəqliyyat infrastrukturu deyil, həm də mühüm siyasi-hərbi əhəmiyyət daşıyan bir layihədir. Belə ki, Ermənistanla Xankəndi ərazilərində yaşayan erməniləri birləşdirən yol Laçın şəhərindən keçir. Bu səbəbdən də hazırda orada abadlıq-quruculuq işləri görülmür. Bir də ki, hələ orada ermənilər qeyri-qanuni məskunlaşmaqda davam edir. Bu yolun çəkilməsi bir sıra sosial-iqtisadi, həm də siyasi məsələlərin həll olunması deməkdir. Dövlət başçısı cari ildə yolun istismara hazır olması barədə göstəriş verib.
İstifadəyə veriləcək yollar arasında Füzuli-Hadrut avtomobil yolu, Qubadlı-Eyvazlı kənd yolu və digər yollar da var. Ölkəmizin ərazi bütövlüyünün qorunmasında önəm daşıyan, sərhədboyu xidmət edən hərbi hissələrin təminatına imkan verən hərbi əhəmiyyətli yolların çəkilməsi də davam edəcək.
Məlumdur ki, Kəlbəcər rayonu həm hərbi-strateji, həm də yüksək iqtisadi potensialı olan rayonlarımızdandır. Bu rayonla ilin bütün fəsillərində əlaqə saxlamaq üçün Toğana-Kəlbəcər avtomobil yolu çəkilir. Həmin yol 12 kilometrlik tuneldən keçəcək. Bu da Murov aşırımından istifadə etmədən il boyu avtomobillərin hərəkətinə imkan yaradacaq. Prezident İlham Əliyev cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə avtomobil yollarının tikintisi sahəsində gedən işlər barədə demişdir: "Davam edən layihələrlə bağlı Azərbaycan ictimaiyyətini məlumatlandırmaq istəyirəm. Deməli, avtomobil yolları arasında Bərdə-Ağdam avtomobil yolunda işlər çox sürətlə gedir. Kəlbəcər-Laçın avtomobil yolu və təxminən 4 kilometrlik tunel inşa edilir. Xudafərindən Qubadlıya, oradan isə Laçına gedən magistral yol inşa edilir. Cəbrayıl-Hadrut yolu inşa olunur. Zəfər yolu açıldı, amma indi Füzuli-Şuşa 4 cərgəli magistral yol, Horadiz-Ağbənd,Ağdam-Füzuli yolları çəkilir".
100 kilometrlik Horadiz-Ağbənd dəmir yolunun 60 kilometrlik hissəsi tikilib. Bununla yanaşı, Bərdə-Ağdam dəmir yolunun inşası davam edir. Bu yolun gələn il istifadəyə verilməsi nəzərdə tutulub. Eyni zamanda Ağdam və Füzulidə dəmir yolları ilə bərabər, vağzalların da inşa olunması planlaşdırılır.
Füzuli Beynəlxalq Hava Limanının 8 ay ərzində tikilməsi dostlarımızı sevindirmiş, düşmənlərimizi isə kədərləndirmişdir. İndi isə Zəngilan Beynəlxalq Hava Limanının tikintisinin başa çatdırılması üçün inşaat işləri sürətlə davam edir. İşğaldan azad edilən ərazilərdə tikiləcək 3-cü aeroportun Laçın Beynəlxalq Hava Limanının inşaat işlərinə isə 2024-cü ildə başlanması planlaşdırılıb. Bu hava limanlarının istismara verilməsi bölgədə sosial-iqtisadi sahələrin, o cümlədən turizmin inkişafı baxımından çox əhəmiyyətlidir.
Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulamışdır ki, biz işğaldan azad edilən əraziləri cənnətə çevirəcəyik. Həmçinin bildirmişdir ki, məcburi köçkünlər doğma yerlərinə qayıtdıqda onların yaxşı yaşamaları üçün hər cür şəraiti olmalıdır. Həmin torpaqların yenidən abad olması, dədə-baba yurduna qayıdan insanların rahat yaşaması orada nəqliyyat infrastrukturunun yenidən qurulmasından keçir.
Rüstəm KAMAL,
Azərbaycan.-2022.- 15 aprel.- S.5.