Zəfərin fonunda yaradıcılıq böhranı

 

 

Hələ parlaq qələbəmizi əks etdirən nə bir sanballı filmçəkilib, nə fundamentaləsəryazılıb, nə də...

 

 

 

44 günlük Vətən müharibəsi zamanı qazanılan parlaq Zəfər bizə əsrlərdir xalqımızın qanına susamış faşist xislətli ermənilərdən qisasımızın alındığına şahidlik etmək kimi xoşbəxtlik yaşatdı. Amma tale üzərimizə həm də bu yaşananları hərənin öz peşəkarı olduğu sahədə tərənnüm etmək və gələcək nəsillərə ötürmək kimi müstəsna bir missiya da qoyub.

Vətəni bütövləşdirdiyimiz kimi, vaxtilə sonuna üç nöqtə qoyaraq mütləq davam etdirəcəyimiz filmlərimizi, əsərlərimizi, tablolarımızı, musiqilərimizi bitirməyin, bütövləşdirməyin də vaxtı çatdı...

 

***

 

Yarımçıq idi...

 

Son 30 ildə həyatımız, yaşamımız, arzularımız hamısı yarımçıq idi...

 

Yol gedərdik, yarıda qırılardı...

 

Evimizə qayıtmaq istəyərdik, uçuruma yuvarlanardıq...

 

Ən sevincli, şadyana günlərdə də ürəyimizin bir küncündə mütləq kədər var-gəl edərdi... "Kaş" deyərdik, "kaş ki..." bütün bu yaşananlar yuxu olaydı, oyanıb görəydik ki, nə torpaqlarımız işğaldadır, nə məcburi köçkün düşmüşük, nə el-obamızdan uzaq qalmışıq, nə də yaşamımız alt-üst  olub...

 

Ta ki, 2020-ci ilin 8 noyabrına qədər...

 

***

 

"Fəryad" filminə ilk dəfə 9 yaşımda baxmışam. Kəlbəcərdən məcburi köçkün düşməyimizin ilk illəri idi. Müharibənin dəhşətli üzünü görmüş, ağır faciə yaşamış bir uşaq olaraq bu filmə baxanda da o qədər sarsılmışdım ki, sonradan bir neçə il  özümü toparlayıb həmin filmə bir daha baxmaq istəməmişdim. Bu ona görə deyildi ki, film xoşuma gəlməmişdi. Ona görə idi ki, xalqımızın başına gətirilən faciələrin elə fəryad olaraq qalmasına dözə bilmirdim. Qəlbim də, beynim də üsyan edirdi, bu fəryadın harayının duyulacağının, qisasının alınacağının əks olunduğu filmə baxmaq istəyirdim.

 

Ümumiyyətlə, Birinci Qarabağ müharibəsi haqqında qələmə alınan əsərlərin, ekranlaşdırılan filmlərin, bəstələnən mahnıların hamısı yarımçıq gəlirdi mənə. Bütövləşməsini, tamamlanmasını istəyirdim... Torpaqlarımız işğal altında idi, müsibətə tuş gələn soydaşlarımızın, Vətən uğrunda şəhid olan övladlarımızın qisası alınmamışdı. Buna görə də istəməsək belə, bütün ssenarilərin sonunda döyüşdə məğlub olurduq, qəhrəmanlarımız şəhid olurdu, el-obamız talan olur, məcburi köçkünə çevrilirdi. Yaradıcılıq nümunələrimizdəki bütün süjet xəttinin nikbin sonluğu isə yalnız arzularımızda, xəyallarımızda yaratdığımız xoşbəxt gələcəklə bağlı olurdu.

 

Arzulanan o gələcəyin yetişdiyi xoşbəxt sonluğa çatmaq üçün isə hələ taleyimizdən bir qərinəlik zaman da ötməli idi. Və bu 30 illik vaxt ölçümündə yaşından, cinsindən, vəzifəsindən asılı olmayaraq, bütün vətəndaşlarımızı Vətən qarşısında hələ çox sınaqlar gözləyirdi. Bu sınaqlardan üzüağ çıxıb-çıxmadığımızı isə elə

 

yenə də zamanın öz süzgəci ortaya qoyurdu...

 

***

 

Tam əminliklə deyirəm ki, şəxsimdən gətirdiyim nümunədə yaşanan hiss - həyəcanları o dövrdə bütövlükdə xalq olaraq yaşayırdıq və mənəvi bir basqı, məğlubiyyət təzyiqi altında idik.

 

Vətən müharibəsində düşmənə əzici məğlubiyyət yaşadaraq qazandığımız Zəfərdən sonra siyasət, elm, sənət, idman aləmindən olan çox vətəndaşımızdan dəfələrlə eşitmişik ki, xarici səfərlərdə olan zamanlarda hər hansı sahədə uğur qazansalar, qələbə çalsalar belə,  ümumilikdə Vətən torpaqlarımızın işğal altında qalması fonunda özlərini tam qalib, qürurlu hiss edə bilməyiblər. Hətta işğalçı düşmən nümayəndələrinin onlara üstdən aşağı baxan həyasız nəzərlərini üzərlərində hiss etmələri isə bir başqa işgəncə olub... 

 

Bəli, xalq olaraq qürurumuzun, heysiyyətimizin incidiyi çox ağır illər yaşayırdıq. Qisasımızı alacağımız, Vətən torpaqlarımızı bütövləşdirəcəyimiz günü səbirsizliklə gözləyirdik...

 

***

 

Bu da reallıqdır ki, paralel olaraq, ölkəmizdə yaşanan bu çətin dövrlərdə elə bil hansısa gözəgörünməz qüvvə tərəfindən ikinci bir süjet xətti də inkişaf etdirilməyə çalışılırdı. Faciələrimizin unutdurulmağa, Vətən torpaqlarımızın işğalı ilə barışdırılmağa yönəlik ssenarilər inkişaf etdirilirdi. Bu dediklərimizi faktlarla sübut etmək üçün isə nə uzağa getmək, nə də arxivləri ələk-vələk etməyə ehtiyac var. Elə dünənə nəzər salaraq, yaddaşımızı bir balaca çək-çevir etməklə həmin dövrün ictimai-mədəni həyatının mənzərəsini aydın şəkildə görmək mümkündür.

 

Düşünürük... Son 30 ildə çəkilmiş və erməni faşistləri tərəfindən xalqımızın başına gətirilən olmazın faciələri gözlər önünə sərən ("Fəryad" və "Dolu" filmlərini çıxmaq şərti ilə) hansısa bədii film ağlımıza gəlmir.

 

Fikirləşirik, Birinci Qarabağ müharibəsini əks etdirən sanballı bir bədii əsər yadımıza düşmür.

 

Bəs beynəlxalq sərgi zallarında ün salacaq hansısa bir rəsm, tablo, foto, yaxud möhtəşəm heykəltaraşlıq əsəri...

 

Bəlkə, dillər əzbərinə çevrilən bir şeir, mahnı, döyüşə səsləyən marş xatırlayarıq deyə, fikirlərimizi çözələyirik, amma əbəs yerə... 

 

Yoxdur axı... Çəkilməyib, yazılmayıb, bəstələnməyib...

 

***

 

Milyonlarca izləyici auditoriyası olan ən güclü təbliğat vasitələrindən biri və elə son dövrlərə qədər birincisi televiziya olub. TV-nin əlində olan bu geniş imkan ictimaiyyəti məlumatlandırmaq, maarifləndirmək, əyləndirmək üçün geniş imkanlar açır. Lakin Zəfərə qədərki dövrümüzdə əksər televiziyalar sadəcə tamaşaçını əyləndirmək missiyasını yerinə yetirməyi qarşısına prioritet qoydu.

 

Əyləndirmək sözünün ehtiva etdiyi mənanı da tamamilə özlərinə sərf edəcək şəkildə tətbiq edərək, gecə-gündüz yüngül şou proqramları ictimai sifariş adı ilə  hazırlayıb efirə verməyə başladılar...

 

İllərlə azərbaycanlı televiziya seyrçisinin səviyyəsini bazar meyarları ilə ölçən telebazar möhtəkirləri tamaşaçıların yalnız əyləncə, şou ilə maraqlandığını irəli sürüb, bu bəhanələrin arxasına sığınaraq daha asan başa gələn və reklama hesablanan verilişlər, seriallar çəkməyin arxasınca qaçdılar. Milli-mənəvi dəyərlərimizə tamamilə yad verilişlər yayımlayıb, məişət səviyyəsindəki  "ər-arvad", "gəlin-qayınana" münaqişəsini ölkənin əsas müzakirə mövzusu kimi cəmiyyətə sırımağa çalışdılar. Bu verilişlərin əsas qayəsi süni sensasiya yaratmağa, adamları qarşıdurmaya çəkərək qalmaqallar törətməyə, təsadüfi hadisələri şişirdərək millətin və xalqın ümumi bəlası kimi təqdim etməyə yönəldi.

 

***

 

Halbuki düz 30 il idi ki, Azərbaycan erməni millətçilərinin torpaqlarımızı işğal etməsi faktı ilə üz-üzə qalmışdı, Qarabağ tapdaqdaydı, yüz minlərlə vətəndaş qaçqın, köçkün vəziyyətində zillətlə yaşayırdı. Çətin şəraitlərdə ömür sürən o insanların hər birinin taleyi günlərlə davam edəcək silsilə verilişlərin mövzusu ola bilərdi. Xocalı soyqırımı zamanı yaşanan faciədə hər iki valideynini itirən və uşaq yaşlarından bacı-qardaşlarının bütün yükünü çiyninə götürərək onları böyüdüb boya-başa çatdıran övladlarımız ekranların örnək götürüləsi baş qəhrəmanları olmalı idilər. Amma olmadılar...

 

Televiziya, həm də kənardan izləyənlər üçün bir xalq haqqında fikir formalaşdıran mənəvi güzgü də sayılır. Bu illər ərzində istisnasız olaraq heç bir televiziya kanalında Qarabağa həsr olunan, oradakı milli-mənəvi dəyərlərimizi təbliğ edən silsilə proqramlara rast gəlmədik. Əksinə, mənəviyyatımıza tamamilə yad proqramlar hazırlanaraq efirlərdə kriminal ünsürlər, istedadsızlar qəhrəmanlaşdırıldı, bir növ onların həyat tərzi cəmiyyətə təlqin olundu.

 

***

 

Bütün dünyada teleseriallar çəkilir və aralarında milyonlarla tamaşaçı sevgisi  qazanan seriallar da az deyil. Təkcə qardaş ölkə Türkiyədə illər əvvəl çəkilən "Möhtəşəm yüz il", "Diriliş Ərtoğrul" seriallarını misal göstərək ki, şöhrətləri ölkələri deyil, qitələri aşmışdı. Eləcə də hazırda yayımlanan və tarixdən bəhs edən "Alpaslan: Böyük Səlcuqlu", "Quruluş Osman" və digər serialları da eyni müvəffəqiyyətlə, həm ölkə daxilində, həm də ölkə xaricində böyük bəyənmə ilə izlənir.  Elə bu baxımdan, həmin serialları Türkiyə tarixinin, adət-ənənəsinin dünyada təbliğatçısı kimi də dəyərləndirmək olar.

 

Gözümüzü çevirib öz teleməkanımızda yayımlanmış və yayınlanmaqda olan seriallara baxanda isə tamamilə başqa məramlara xidmət edən nüanslarla qarşılaşırıq.

 

Hələ zəfərə qədərki dövrdə bayağı ssenarilər əsasında çəkilmiş məişət xarakterli teleseriallar televiziyalarda başlıca rolda idi. Dövlət büdcəsindən ayrılan vəsait hesabına çəkilən bu serialların əsas mövzusu isə məişət zorakılığı, yalan, xəyanət, vəfasızlıq, saxta sevgi hissləri üzərində qurulmuşdu.

 

Qəribədir ki, həmin serialların birinin də ssenarisi Qarabağa həsr edilməyib, onların birində də hansısa məcburi köçkün baş qəhrəman kimi canlandırılmayıb. Televiziyalarımızda Xocalı həqiqətlərindən bəhs edən, orada yaşanan vəhşət barədə bəşəriyyətə məlumat verməkdə əvəzsiz rol oynaya biləcək heç bir serial çəkilməyib...

 

Qarabağ mövzusu bir yana, teleməkanda sərgilənən seriallarda nə hansısa alimimizin həyatı səhnələşdirilib, nə də elm, təhsil, mədəniyyət sahəsi təbliğ olunub. Halbuki tarixdə, xalqımızın həyatında müstəsna rol oynayan, həyatı, yaşamı ilə örnək olacaq şəxsiyyətlərimiz saysızdır. Qədim Atropatenadan başlayaraq cümhuriyyət quruculuğumuza, müstəqillik qazandığımız dövrlərə qədərki hər səhifəsi zəngin tariximiz maraqlı seriallar üçün mükəmməl ssenarilərdir.

 

Amma həmin dövrlərin, son 30 ildə xalqımızın həyatında baş verənlərin üzərindən müəmmalı sükutla ötülüb.

 

***

 

Bəlkə də o dövrdə bir çox yaradıcı adamın söylədiyi kimi (indi həmin sözlərin bəhanə olduğu üzə çıxır), torpaqlarımızın işğalda olması, müharibənin üzərindən az zaman ötməsi kimi məsələlər ölkə mədəniyyətində, incəsənətində, KİV-də durğunluğa səbəb olmuşdu. Belə deyək, şairlərimizin, yazıçılarımızın, bəstəkarlarımızın, rəssamlarımızın, heykəltəraşlarımızın, rejissorlarımızın və sair və ilaxırlarımızın qol-qanadı sınmışdı, vəcdə gələcəkləri, tərənnüm edəcəkləri, ilham alacaqları ünvan, səbəb olmadığı üçün dərin sükuta, yaradıcılıq böhranına qərq olmuşdular...

 

Haqlı sual doğur. O zaman, bəs indi, yeni, Azərbaycan tarixinin ən qürurverici və şanlı səhifələri, 44 günlük Vətən müharibəsi, Qarabağın azadlığı niyə görməzdən gəlinir? Hanı zəfər tariximizə həsr olunan sanballı filmlər, əsərlər, şeirlər, mahnılar, rəsmlər,

 

seriallar... 

 

Aşılmaz sıldırımlara dırmaşaraq, yalın əllə düşmənin təpədən-dırnağa silahlanmış əsgər və zabitlərini məhv edərək zəfərimizin simvolu Şuşanı azadlığa qovuşduran azman oğullarımızın qəhrəman obrazları niyə yaradıcılıq nümunələrində görünmür? Ölkəmizin ərazi bütövlüyü uğrunda gözünü qırpmadan canından keçən hər şəhidimizin taleyi böyük bir qəhrəmanlıq dastanıdır. Qısa, lakin şərəflə yaşanan o gənc ömürlər haqqında cild-cild kitablar yazmaq, illərlə davam edəcək seriallar, başdan-başa sərgi salonlarını bəzəyəcək tablolar, fotolar çəkmək olar...

 

Heç bir şişirtməyə yol vermədən deyirik ki, dünyanın heyrətlə izləyib taktiki gedişlərinə heyran qaldığı Vətən müharibəmiz şücaətli qəhrəmanları ilə real həyatdan alınmış "Oskar"lıq filmlərin mövzusudur.

 

Lakin əfsus ki, biz hələ də qazandığımız möhtəşəm qələbəni lazımi dəyərində qiymətləndirməyi bacarmamışıq.

 

***

 

Elə zəfərdən əvvəl olduğu kimi, sonra da özəl kanalların efirləri ucuz əyləncə verilişlər, səviyyəsiz şoularla doldurulub. Bu gün televiziyamızın "qəhrəman"ları birdən-birə haradansa peyda olan yeni simalar - mahnısından çox qalmaqalları, evi, maşını ilə xalqa "sənətkar" kimi təqdim olunanlardır.

 

Özəl telekanalların bəhanəsi isə köhnə və absurddur: "Tamaşaçı bu cür verilişlərə baxmaq istəyir"... Əslində, bu cür proqramlar yayınlamaqla Azərbaycan tamaşaçısını yerli teleməkandan uzaqlaşdırmısınız.

 

27 sentyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev televiziya vasitəsilə Ermənistanın işğal etdiyi torpaqlarımızda təxribat törətməsi və Vətən savaşının başlaması ilə əlaqədar xalqa müraciətindən sonra Yer üzündə yaşayan bütün azərbaycanlılar yerli televiziyalarımızın ekranlarına kilidləndi...

 

Nəhayət, o böyük gün gəlmişdi, Azərbaycan xalqı torpaqlarının bütövlüyü uğrunda savaşa atılmışdı. 44 günlük müharibə dövründə Ali Baş Komandanın xalqa müraciətlərini, azad edilən yurdlarımızın adlarını bir-bir çəkməsini, hər ötən gün qələbə müjdələri verməsini gecə-gündüz, böyük coşqu, gözyaşları ilə izlədik.

 

2020-ci il sentyabrın 27-dən 10 noyabra qədərki 44 gün ərzində Azərbaycan tamaşaçısı nə əcnəbi telekanallardakı hansısa verilişi izləməyə, nə də seriala baxmağa maraq, həvəs göstərdi...

 

***

 

44 günlük müharibə ərzində də sübut olundu ki, Azərbaycan vətəndaşlarını ölkənin, xalqın, dövlətin taleyindən daha çox maraqlandıracaq ikinci bir məsələ yoxdur.

 

Odur ki, əziz yaradıcı insanlarımız yaradıcılıq böhranından qurtulmağa çalışın. Artıq biz zəfər qazanmışıq. Ən əsası, real qəhrəmanlar, bütün dünyanı qarşısına alaraq Azərbaycan adlı məmləkətin 30 ildir düyünə düşmüş Qarabağ problemini "dəmir yumruq" sayəsində bir həmləsi ilə çözən İlham Əliyev kimi müzəffər sərkərdə, Vətən uğrunda yer-yerdən hay verərək savaşa atılıb düşmənin belini qıran igid oğullar var.

 

İllərdir dişimiz bağırsağımızı kəsib, içdən-içə qəzəb, qisas atəşi ilə alovlanmışıq. Düşməni məğlub edəcəyimiz, qarşımızda diz çökdürüb, qanlı əməllərinin hesabını soracağımız o günlərin ümidi ilə yaşamışıq. Şükür Tanrıya ki, bu haqq davamızda nəhayət qalib gəldik.

 

İndi isə bütün filmlərimizdə, seriallarımızda, əsərlərimizdə, rəsmlərimizdə, mahnılarımızda, şeirlərimizdə qazandığımız möhtəşəm qələbənin tərənnümünü elə zəfərə yaraşan zirvədə dayanacaq yaradıcılıq nümunələri formasında görmək istəyirik.

 

 İllərdir həsrətində olduğumuz qürurlu zəfərin haqqını verin...

 

Yazın, yaradın, çəkin,  göstərin...

 

Qoy bütün dünya da, gələcək nəsillər də Azərbaycan xalqının haqq uğrunda necə ağır, çətin mübarizələrdən keçərək qəhrəmanlıq salnaməsi yazdığını, əbədi qələbə qazandığını görsün, bilsin, agah olsun...

 

 

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2022.- 15 aprel.- S.5.