Bənzərsiz aktyor
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, öz qrim otağında əyləşmişdi. Çox əsəbi, pərişan idi. Gənc Cəlalı “öldürdüyünü” ona bağışlamırdılar. Tamaşaçıları İsmayıl Osmanlıya təhqir dolu məktublar yazırdılar.
Kələntərin “cəzasını” çəkən İsmayıl Osmanlı...
Vəziyyət o yerə çatmışdı ki, İsmayıl Osmanlı tamaşaçıların əlindən küçəyə çıxa bilmirdi. Peşəkar aktyor idi. Bilirdi ki, belə böyük nifrətə tuş gəlməsinin, ona ünvanlanan təhqir dolu sözlərin səbəbi, əslində, aktyor kimi uğurudur. Yeni ekranlara çıxmış “Yeddi oğul istərəm” filmində ona həvalə edilmiş Kələntər rolunu elə bacarıqla ifa etmişdi ki, tamaşaçıların nifrətini qazanmışdı. Bunu çox yaxşı başa düşsə də, istər-istəməz inciyir, əsəbiləşirdi.
Sonralar İsmayıl Osmanlı xatırlayırdı: “Bir axşam tamaşadan sonra teatrdan çıxıb evə gedirdim. Avtobusa təzə qalxmışdım ki, bir neçə orta yaşlı qadın məni dövrəyə aldı. İlk sözləri:
- Əlin qurusun! - oldu.
- Cəlalı Gəray bəyə necə satdın? - bir başqası həqarətlə söylədi.
Vəziyyətin nə yerdə olduğunu anladım. Artıq bir neçə dəfə oxşar hadisə ilə qarşılaşdığım üçün özümü təmkinli aparmağa, cavab verməməyə çalışdım.
- Niyə cavab vermirsən, ay kaftar? Necə qıydın gül kimi uşağa?
Vəziyyət get-gedə gərginləşir,
başqa sərnişinlər
də bu qadınlara havadar çıxırdılar. Hələ yoluma
bir neçə dayanacaq qalsa da, avtobus dayanan
kimi düşdüm”.
Aktyor ertəsi
gün bu hadisəni teatrda sənət dostlarına sarsılaraq danışdı. İsmayıl Osmanlı adamların onu təhqir edəcəyindən, hətta
daşa basacağından
ehtiyat edirdi. Gəray bəy rolunu böyük ustalıqla oynamış Həsanağa Turabov qoluna girib İsmayıl
Osmanlını sakitləşdirdi:
“- İsmayıl əmi,
- dedi, - hər aktyora nəsib olmur oyandığı rola görə sevgi qazansın.
- Nə sevgi, ay oğul? Az
qala arvadlar məni parçalayacaqdılar.
- Elə aktyorun yaratdığı obraza nifrət, aktyorun özünə sevgidir də. Gör bir necə ustalıqla oynamısan ki, adamlar səni
parçalamaq istəyirlər.
Mən də Şəki ləhcəsi ilə zarafata salıb:
- Ha indi saa nə
var ki? Düşəydin
o arvaddarın əlinə,
onda bilərdin sevgi nədir, nifrət nə...”.
Aylar, illər
ötdü. Daha İsmayıl Osmanlı
Kələntərin namərdliyinin,
riyakarlığının “cəzasını” çəkmədi.
Kələntər rolu isə kino tarixində özünəməxsus yer
tutdu. Bu rolu ifa edən aktyorun
adı Azərbaycan kino sənətində unudulmaz oldu...
Səhnəyə uzanan yol...
İsmayıl Osmanlı 1902-ci ilin 11 aprelində Nuxada (indiki Şəki) dünyaya gəlib. Kasıb ailəsi
onun yaxşı təhsil almasına şərait yarada bilməyib. On bir yaşında ikən atası Osmanı itirib. Yetimlik həyatın sərt üzünü İsmayıla
o vaxt tanıdıb.
Şəki İpək Fabrikində,
dabbaqxanada ağır
işlər görüb.
Həyatın çətinlikləri, dolanışıq qayğıları
uşaqlıq, ilk gənclik
sevinclərinə kölgə
salsa da, arzularını,
xəyallarını əlindən
ala bilməyib. O, Şəkidə
həvəskar aktyorları
ətrafına toplayan
fəhlə-kəndli klubundakı
dram dərnəyinə üzv
yazılıb. İsmayıl
Osmanlının xatirələrindən:
“Cavanlıqda nədənsə
həmişə darıxırdım,
həmişə narahat
idim. Məni ovunduran, mənə təsəlli verə bilən bir iş axtarırdım. Ancaq onun nə olduğunu
bilmirdim. Bir dəfə
Şəkidə klubun
yanından keçirdim.
Gördüm çalıb-oynayırlar.
Orda
Mahmud adlı bir oğlan var idi. O məni apardı kluba. Rəhbərimiz rejissor, artist, həm
də müəllim Baxşəli Axundov idi. O vaxtdan,
yəni 1921-ci ildən
mənim teatr həyatım başlandı”.
Möhsün Sənaninin Bakıdan Şəkiyə qastrola gəlişi onun səhnəyə marağını
artırıb. Dram dərnəyində
aktyorluq edən İsmayıl Osmanlı onunla Azərbaycanın rayonlarına birgə qastrola çıxıb.
Bundan sonra daha böyük
həvəslə aktyorluq
fəaliyyətini davam
etdirib.
1922-ci ildə Gəncəyə
köçüb. Altı
il Gəncədə
həvəskarlar teatrında
çalışıb. İfa etdiyi
rollar, tərəf-müqabilləri
sayəsində aktyorluq
təcrübəsi qazanıb.
1928-ci ildə tanınmış rejissor Kirmanşahlının təklifi
ilə Tiflis Dövlət
Azərbaycan Dram Teatrına
dəvət olunub.
1929-cu ildə isə başqa bir teatra - Azərbaycan
Dövlət Dram Teatrına
dəvət edilib.
Bakıya gəlib. İsmayıl Osmanlının Azərbaycan
Dövlət Dram Teatrının
səhnəsində ilk rolu
Şəmsəddin Abbasovun
“Qələbə” pyesindəki
traktorçu Bəhram
olub.
Ömrünün sonunadək çalışdığı
bu teatrda onu məşhurlaşdıran,
tamaşaçı sevgisi,
alqışları ilə
mükafatlandıran müxtəlif
xarakterli rollar oynayıb. İsmayıl Osmanlı “Xanlar”da Keçəl Aslan, “İnsan”da Fon Hols, “Vaqif”də Şaliko, “Pəri cadu”da Əmrah, “Şeyx Sənan”da Şeyx Hadi, “Səyavuş”da Vali, “Knyaz”da Şakro, “Nizami”də Munis, “Alov”da Kərim Rəhimli, “Qatır Məmməd”də Əliş,
“Qızıl çeşmə”də
Nikita Pavloviç, “Dağılan
tifaq”da Məşədi
Cəfər, “Ölülər”də
Məşədi Oruc,
“Dəli yığıncağı”nda
Hacı Naib, “Hacı Qara”da Səfər bəy, “Hacı Qəmbərdə,
Cəbi, “Oqtay Eloğlu”da Xaspolad, “Aydın”da Mirzə Cavad, “Xoşbəxtlər”də
Mirzə Qərənfil,
“Aydınlıq”da Zakir,
“Küləklər”də Əhməd
bəy, “Əliqulu evlənir”də Xəlil,
“Nişanlı qız”da
Qasım, “Qaçaq Nəbi”də Koxa Məmməd, “Bahar suları”nda Kefli Bəşir, “Həyat”da Mirzə Heydərqulu, “Kəndçi qızı”nda
Şəkinski, “Türkiyədə”də
Əşrəf, “Canlı
meyit”də Aleksandrov,
“Otello”da Baş
senator, “On ikinci gecə”də
Feste, “Hamlet”də Gilderstern, “Darıxma, ana!”da İsidor Cakeli, “Şəxsi iş”də
General Berqoyn və başqa rollar ifa edib.
Böyük sənətkar, sevilən
adam...
İsmayıl Osmanlı həm də istedadlı kinoaktyor kimi tanınıb. O, “Kəndlilər”də
daxili işlər naziri, “Bir məhəlləli
iki oğlan”da Mahmud,
“O olmasın, bu olsun”da Rza bəy,
“Əsl dost”da Usta Şirəli, “Yenilməz batalyon”da Yusif, “Mən ki gözəl deyildim”də poçt müdiri, “26-lar”da Şahbazov,
“Ulduzlar sonmür”də
Hacı Zeynalabdin Tağıyev, “Nəsimi”də
Nəimi, “Yeddi oğul istərəm”də
Kələntər və
başqa rollara ekran ömrü verib.
Şux təbiətli, sadə, mehriban, duzlu-məzəli söhbətli, şirin və ibrətamiz Şəki lətifələrini
özünəməxsus tərzdə
söyləməyi xoşlayan
İsmayıl Osmanlı
sevilən adam
olub. Çalışdığı teatrda gənc
aktyorlar ona “İsmayıl dayı” deyə müraciət edib, böyük ehtiramla yanaşıblar.
O da gənc həmkarlarından öz qayğısını, məsləhətlərini
heç zaman əsirgəməyib.
İstedadı və əməyi yüksək qiymətləndirilib. İsmayıl
Osmanlı 1940-cı ildə
Azərbaycan SSR-nin Əməkdar artisti,
1949-cu ildə Xalq artisti, 1974-cü ildə isə SSRİ Xalq artisti fəxri adları ilə təltif olunub.
Aktyor İsmayıl
Osmanlı teatrda son dəfə Nodar Dumbadzenin “Darıxma, ana” pyesindəki İsidor Cakeli rolu ilə səhnəyə
çıxıb. Böyük aktyor
22 iyun 1978-ci ildə vəfat edib. Fəxri xiyabanda dəfn olunub.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2022.- 15 aprel.- S.7.