Onun rənglər dünyası

 

 

Rənglər insanı fəallaşdıra, sakitləşdirə, həyəcanlandıra, üşüdə və ya isidə, ona narahatlıq və ya rahatlıq gətirə bilər. Rənglərə ən yaxın olan, onlarla danışanlar isə, sözsüz ki, rəssamlardır…

Rəssamların yaratdıqları möhtəşəm əsərlər heç bir sərhəd tanımır. Bu sənət ciddi təxəyyül, istedad, əmək, səbir və mütaliə tələb edir. Rənglərin diliylə danışan peşəkarlardan biriAdil Əsədlidir.

O, 1954-cü ildə Lənkəran şəhərində anadan olub. 1980-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1986-cı ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Bədii qrafika fakültəsini bitirib. Uzun müddət  Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin direktoru işləyib.

İlk sərgisini 1983-cü ildə tələbə ikən açıb, on il sonra Lənkəranda fərdi sərgisini keçirib. 1996-cı ildə ikinci, iki il sonra isə fərdi sərgisi təşkil edilib.

2012-ci ildə Bakıda “LN Art” rəsm qalereyasında A.Əsədlinin 15-ə yaxın əsəri sənətsevərlərə təqdim edilib.

Azərbaycan Rəssamlar İttifaqının üzvü olan A.Əsədlinin 45 ilə yaxın pedaqoji stajı, müəllim kimi təqdir olunmalı fəaliyyəti var. Onun çoxlu sayda şagirdi yerli və beynəlxalq sərgilərdə iştirak edərək fəxri fərman, diplommedal qazanıblar.

2014-cü ildə A.Əsədlinin “Rəngkarlıq və qrafika” adlı kitabı çapdan çıxıb. “Rəsmin tədrisi metodikası” adlı başqa bir kitabı Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz tərəfindən dərs vəsaiti kimi çap olunub.

O, həm rəngkar, həm də qrafik kimi tanınır. Rəngkarlıq və qrafik əsərləri Türkiyə, İran, Rusiya, İngiltərə, Fransa, Polşa, Gürcüstan, Yaponiya, Çin, İsrail, Ukrayna və Özbəkistanda şəxsi kolleksiyalarda saxlanılır. 2013-cü ildə Lənkəranda səfərdə olan Yaponiya səfiri Şu Suki Vatanabeyə A.Əsədlinin “Lənkəranda xan evi” əsəri hədiyyə olunub. ABŞ-ın Kentucki ştatından olan George Rusell isə rəssamın bir neçə tablosunu alaraq vətəninə aparıb.

2014-cü ildə A.Əsədlinin V.Səmədova adına sərgi salonunda, 2015-ci ildə isə Lənkəran Dövlət Dram Teatrının foyesində fərdi yaradıcılıq sərgiləri açılıb.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Ziyadxan Əliyev Adil Əsədlinin uğurlarının çoxdan respublikamızın sərhədlərini aşdığını deyir: “Adil mənim tələbəm olub. Sonra bu tələbə-müəllim münasibəti dostluğa çevrilib. Onun əsərlərini rəssamlığa böyük bir töhfə kimi qəbul etmək olar. Rəssamın işləri Türkiyə, İran, Rusiya, ABŞ, İngiltərə, Fransa, Polşa, Gürcüstanbaşqa ölkələrin vətəndaşlarına məxsus nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır”.

İstedadlı rəssamın 2016-cı ilin fevral ayında “ATV Qalereyada keçirilən fərdi sərgisini də onun yaradıcılığında mühüm mərhələ kimi dəyərləndirmək olar.

Teatrşünas alim Vidadi Qafarov A.Əsədov haqqında deyir ki, rəssamın rəng dünyası çox maraqlıdır. Əsərlərinin heç biri digərini təkrarlamır.

Xalq rəssamı Arif Hüseynovun da Adil Əsədlinin yaradıcılığı haqqında dəyərli fikirləri var: “Bizim üçün çox maraqlıdır ki, bölgələrdə çalışan rəssamlar çox vaxt əyalətlilik təsiri altında olurlar. Adil müəllimin əsərləri çox yüksək, hətta Avropa, dünya səviyyəsindədir. Mən bir qrafik kimi, onun əsərlərini çox yüksək qiymətləndirirəm”.

Onu da bildirək ki, 2017-ci ilin noyabrında Dədə Qorqud Milli Fondu tərəfindən Adil Əsədliyə “Dədə QorqudMilli Mükafatı təqdim olunub. Rəssam mükafatı alarkən sevincini belə ifadə edib: “20 ilə yaxındır ki, “Dədə Qorqudmövzusunda rəsm və rəngkarlıq əsərləri yaradıram. Bu əsərlərimin külliyyatı “Dədə Qorqud” mükafatını verən fond tərəfindən müsbət qarşılandığına görə qürur hissi duyuram”.

Adil Əsədli hazırda əmək fəaliyyətini Lənkəran Dövlət Dram Teatrının baş rəssamı vəzifəsində davam etdirir.

 

 

Ağaddin BABAYEV,

Lənkəran

Azərbaycan.-2022.- 15 aprel.- S.7.