Qüdrətli Azərbaycanın qalib
idmançıları
Azərbaycanda idman mövzusu yenidən aktuallaşmaqdadır. Ölkəmizin idman həyatında böyük bir canlanma hiss olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son günlər ölkə idmançıları ilə görüşləri, proqram xarakterli çıxışları, bu sahədə qarşıya qoyduğu strateji vəzifələr də bunun bariz göstəricilərindəndir.
Ötən həftə dövlət rəhbərimizin Macarıstanda keçirilmiş Güləş üzrə Avropa Çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüşü də müasir idman tariximizin maraqlı faktlarından biri kimi yadda qaldı.
Böyük nailiyyət
Prezident İlham Əliyevin idmançılarla bu görüşü təsadüfi deyildi. Budapeştdə keçirilmiş Avropa çempionatında Azərbaycanın idman şərəfini layiqincə qoruyaraq parlaq qələbələri ilə bayrağımızı yüksəltmiş güləşçilərimizi bu nailiyyət münasibətilə şəxsən təbrik etmək, onları yeni qələbələrə ruhlandırmaq niyyəti daşıyırdı.
Xatırladaq ki, Budapeştdə təşkil olunmuş Güləş üzrə Avropa Çempionatında Azərbaycan idmançıları üç qızıl, altı gümüş və yeddi bürünc olmaqla, ümumən, 16 medal qazanıblar. Bu, qitə çempionatında qardaş Türkiyədən (yeddi qızıl, üç gümüş və yeddi bürünc medal) sonra ən yaxşı nəticə olub. Digər qonşumuz Gürcüstan isə bu turnirdə 11 medalla (2-4-5) üçüncü yeri tutub.
Beləliklə, Azərbaycan sərbəst güləşdə baş məşqçi Namiq Abdullayevin rəhbərliyi altında bir qızıl, dörd gümüş və iki bürünc medal qazanmaqla üçüncü dəfə Avropa çempionu olub.
Prezident İlham Əliyev güləşçilərlə görüşü zamanı bunu böyük qələbə, ciddi nailiyyət kimi dəyərləndirdi: "Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Əlbəttə ki, bir daha Azərbaycan güləşçilərimiz bizim güləşimizi təbliğ etmişlər. Çünki güləş bizim ənənəvi idman növümüzdür. Güləşin çox böyük ənənələri vardır və bu ənənələr yaşayır".
İdman ölkəsi
Bütün bu nailiyyətlər Azərbaycanın idman ölkəsi kimi öz statusunu qoruduğunu və daha da inkişaf etdirdiyini göstərir. Ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan idmanı hər zaman dövlət rəhbərimizin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyev hələ ötən əsrin 90-cı illərinin sonlarından Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi idman siyasətinin həyata keçirilməsinə yüksək töhfələrini verib. Milli Olimpiya Komitəsinin prezidenti kimi bu sahədə ictimai fəaliyyəti ilə Azərbaycan idmanının inkişafında böyük rol oynayıb. Təsadüfi deyil ki, idmançılarımızın ən böyük qələbələri məhz dölət başçısının bu sahəyə rəhbərliyi illərində qazanılıb.
Azərbaycanda çoxsaylı idman növləri üzrə ən müasir standartlara cavab verən infrastruktur qurulub. Ayrı-ayrı regionlarımızda olimpiya-idman kompleksləri tikilib. İdman federasiyalarının fəaliyyəti, idmançılarımızın problemlərinin həlli dövlətimizin daimi diqqətindədir.
Ölkəmiz son onilliklərdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına evsahibliyi edib. Bütün bunlar Azərbaycanda idmana kütləvi marağı artırmaqla yanaşı, digər sahələrdə də irəliləyişlərə kömək göstərir. Turizmin və mədəniyyətin inkişafına, iqtisadi əlaqələrin genişlənməsinə fayda verir.
Mədəniyyət diplomatiyası
İdman oyunlarının, olimpiadaların dövlətlərarası uğurlu əlalqələrin, dostluğun, sülhün əsasını təşkil edən amillərdən olduğunu nəzərə alsaq, Azərbaycan dövlətinin idmana olan diqqət və qayğısı tam təbiidir. İdman dövlətimizin beynəlxalq aləmdə uğurla həyata keçirdiyi mədəniyyət diplomatiyasının çox əhəmiyyətli tərkib hissəsidir.
Azərbaycanın idman ölkəsi kimi dünyada tanınması, bu sahədə əldə etdiyi nailiyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bu, respublikada idman sahəsindəki inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. Eyni zamanda dünya ictimaiyyəti bizi idmançılarımızın nailiyyətləri işığında bir daha görüb tanıyır. Azərbaycanı beynəlxalq idman arenalarında yüksəklərə ucalan bayrağımızla görüb kəşf edirlər.
İdman nailiyyətləri həm də istənilən ölkənin inkişaf göstəricilərindəndir. Prezident İlham Əliyev bu xüsusda demişdir: "Bizim idmançılar uzun illərdir Azərbaycanı dünyada təbliğ edirlər. Mən dəfələrlə idman ictimaiyyəti ilə görüşlər əsnasında deyirdim ki, idman bizim dövlət siyasətimizdir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Çünki əgər beynəlxalq yarışlarda, olimpiya oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq, görərik ki, adətən, inkişaf etmiş ölkələrin nümayəndələri daha da böyük uğurlar qazanırlar. Bu da təbiidir, çünki həm təlim-məşq toplanışlarının keçirilməsi, ümumiyyətlə, hazırlıq işlərinin aparılması, iqtisadi baza - bütün bu amillər önəmli rol oynayır. Əlbəttə ki, dövlət siyasəti burada aparıcı məsələdir və Azərbaycan bu ölkələrin sırasındadır. Biz nəinki iqtisadi və digər sahələrdə, idman sahəsində də qabaqcıl ölkələrin sırasındayıq və bu liderliyi qorumalıyıq".
Şəxsi nümunə
İdmanın strateji əhəmiyyəti təkcə bununla məhdudlaşmır. İnsan sağlamlığının ölkələr, cəmiyyətlər üçün nə qədər əhəmiyyətli olduğunu xüsusilə pandemiya dövründə hər kəs bir daha görüb anladı. Ona görə də bəşəriyyət bu mövzuda indi daha da həssasdır. Sağlam həyat tərzinin təbliği, insanların idmana kütləvi marağının artması bu gün bütün dünyada müşahidə edilən müsbət bir tendensiyadır. İdman cəmiyyətin fiziki və mənəvi sağlamlığına xidmət edir. İnsanda rahatlıq hissi, müsbət enerji yaradır. İş qabiliyyətini, məhsuldarlığı artırır. Uzunömürlülüyə kömək göstərir. Fərdlərin onlara əta edilmiş ömrü müxtəlif xəstəliklərin gətirdiyi əzabla deyil, məmnunluq içində yaşamasına şərait yaradır.
Azərbaycanda da idmanın kütləviliyi təbliğ olunur. Onun müxtəlif növləri ilə məşğul olan və fiziki formasını mükəmməl şəkildə qoruyan dövlət rəhbərimiz rəsmiyyətdən uzaq bir çox məqamlarda bununla bağlı cəmiyyətimizə şəxsi nümunə göstərir. İnsanlarımızı bədən tərbiyəsi ilə məşğul olmağa, sağlam həyat tərzi keçirməyə həvəsləndirir. Vətəndaşlarımızın idmanla rahat şəkildə məşğul ola bilmələri üçün zəruri infrastruktur formalaşdırılır. Bir tərəfdən, idman sahəsində özəl sahibkarlıq fəaliyyəti təşviq edilir, sahibkarlar insanların idmana kütləvi marağının getdikcə artdığını, yüksək tələbin yarandığını nəzərə alaraq bu sahədə uğurlu biznes qurur, müasir tələblərə cavab verən idman məkanları yaradırlar. Digər tərəfdən, dövlət özü də vətəndaşlarımızın heç bir ödəniş etmədən açıq havada idmanla məşğul ola bilmələri üçün ictimai yerlərdə - parklarda müxtəlif idman qurğuları quraşdırır. İdman kütləvi informasiya vasitələrində geniş təbliğ edilir. Bakıda və regionlarımızda mütəmadi olaraq müxtəlif idman tədbirləri keçirilir. Bu sahədə istedadlı gənclərimiz aşkar edilir və onların inkişafına zəruri şərait yaradılır.
Gənc nəslin fiziki və mənəvi
sağlamlığı
İdman
gənc nəslin sağlam mühitdə
yetişməsi baxımından da çox önəmlidir. Gənclərin zərərli
vərdişlərdən, mənfi çevrələrdən
qorunması, onların asudə vaxtlarının səmərəli
təşkili bu gün
qlobal dünyamızda aktual
problemdir. Azərbaycanda idmanın prioritet hesab edilməsində bu amilin böyük
rolu var. İdman həmçinin gənclərin
vətənpərvərlik tərbiyəsində çox
mühüm rol oynayır. İdmançılarımızın qələbələri, bunun insanlarımızda yaratdığı mənəvi
ruh cəmiyyətdə
milli birliyi daha da gücləndirir.
Vətəndaşlarımızı milli-dövlətçilik idealları ətrafında
səfərbər edir.
Tarixi qələbəmizlə
tamamlanan 44 günlük
Vətən müharibəsi
gedişində Azərbaycan
gənclərinin necə
böyük ruhla, əzmlə cəbhəyə
can atdıqlarına hər
birimiz şahidlik etdik. Gənclər kütləvi şəkildə
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarına axın edir, könüllü şəkildə cəbhəyə
yazılır, döyüşlərə
təcili göndərilmək
istəyirdilər. Azərbaycan gənci
hərbi əməliyyatlar
zamanı dağlıq
şəraitində günlərlə
piyada yol gedir, kəndirlə qayalardan dırmanır, əlindəki yüngül
silahla düşmənin
tankının, topunun
üzərinə atılır,
yanındakı döyüş
yoldaşı yaralananda
belə onu çiyinlərində daşıyaraq
yenə döyüşlərə
davam edirdi. Belə bir fiziki hazırlıq
idmana olan maraqdan, onun daimi həyat tərzinə çevrilməsindən
irəli gəlir.
Azərbaycan gəncliyindəki bu vətənpərvərlik ruhunun
formalaşmasında ölkəmizin
son onilliklərdəki idman
qələbələrinin müstəsna
rolu var. Torpaqlarımızı
işğaldan dövlət
rəhbərimiz İlham
Əliyevin yetişdirdiyi
Azərbaycan gəncliyi
azad etdi. Gənclərimizin
vətənpərvərlik ruhunda yetişməsində
bu sahənin böyük əhəmiyyətini
dövlət başçımız
belə ifadə etmişdir: "Gənc nəsil də mütləq vətənpərvərlik
ruhunda tərbiyə almalıdır, milli ruhda tərbiyə almalıdır, milli dəyərlər əsasında
tərbiyə almalıdır
və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Vətənpərvərliyi daha da gücləndirən amillərdən
biri əlbəttə
ki, tarixi-hərbi Zəfərimizdir və eyni zamanda idman
uğurlarımızdır. Əminəm
ki, Azərbaycan vətəndaşları - həm
idmansevərlər, həm
də idmanla o qədər də maraqlanmayan vətəndaşlar
həmişə idman
arenalarında əldə
edilmiş qələbələrin
xəbəri gələndə
sevinirlər. Hamımız sevinirik, çünki sevinirik ki, siz
buna nail olmusunuz".
Bu mənada
ölkəmizdə idmanın
inkişafı və nailiyyətlərimiz təkcə
Azərbaycanın idman
şöhrəti deyil,
cəmiyyətdə vətənpərvərlik
hisslərinin gücləndirilməsinin,
Vətənə olan sədaqətin, fədakarlığın
mənəvi qaynağıdır.
Müzəffər xalqın
təmsilçiləri
Prezident İlham Əliyev gənc idmançıları
böyük qələbələrə
ruhlandırır. Onları əzmkarlığa, öz qabiliyyətlərini
təkmilləşdirməyə, peşəkarlıqlarını daim artırmağa, heç zaman ruhdan düşməməyə
səsləyir. Cəmiyyətimizin
hər zaman onların yanında olduğunu idmançılarımıza
hiss etdirir. Eyni zamanda tarixi qələbəmizdən sonra
idmançılarımızın artıq başqa bir Azərbaycanı təmsil etdiklərini, yarış meydanlarına
qalib gəlmiş müzəffər bir xalqın təmsilçiləri
kimi çıxdıqlarını
onlara xatırladır:
"Siz gənclər
artıq başqa Azərbaycanı təmsil
edirsiniz. Siz qalib gəlmiş
müzəffər xalqı
təmsil edirsiniz.
Əminəm ki, o arenaya çıxanda sizin ürəyinizdə mütləq
bu duyğular olmalıdır. Təkcə
Azərbaycan vətəndaşları
yox, bütün dünya azərbaycanlıları
bu gün özlərini əmin hiss
edirlər, yaşadıqları
ölkələrdə Azərbaycan
həqiqətlərini çatdıraraq,
o cümlədən İkinci
Qarabağ müharibəsi
haqqında qürur hissi ilə danışırlar".
Bu kəlmələr
Azərbaycan idmançılarının
qalibiyyət uğrunda
əzmkarlıq göstərmələri,
özlərini yorulmadan,
usanmadan qələbələrə
hazırlamaları üçün
böyük ruhdur. İdman
arenasına qalib xalqın təmsilçisi
kimi çıxmaqda bu qələbə uğrunda canını fəda etmiş şəhidlərimizin, torpaqlarımızı
misilsiz fədakarlıqlar
hesabına düşməndən
təmizləmiş qəhrəmanlarımızın,
üçrəngli bayrağımızı
azad yurdlarımızda
dalğalandırmış igidlərimizin qarşısında
mənəvi məsuliyyət
hissi də var. Ona görə də idmançılarımız
məşqlər zamanı
bu məsuliyyət hissini heç zaman unutmamalıdırlar.
Öz peşəkar imkanlarını
daim artırmalıdırlar
ki, rəqiblərindən
bir addım öndə olsunlar.
Ləyaqət meyarı
Azərbaycan Vətən müharibəsini
yüksək ləyaqətlə
apardı, ulularımızdan
bizə miras qalmış comərdliyi qorudu. Mülki əhaliyə, kütləvi
şəkildə təslim
bayrağı qaldırıb
əsir düşən
düşmən hərbçilərinə
əl qaldırmadı.
Ermənistanın mülki əhalimizə
qarşı ən azğın davranışları,
böyük şəhərlərimizi
raket atəşinə
tutub yüzlərlə
mülki vətəndaşımızın
ölümünə bais
olduğu anlarda da xalqımız yenə ləyaqət hissini qorudu. Azərbaycan Prezidentinin idmançılarımızdan əsas
gözləntisi də
yarışlarda hər
zaman ləyaqətli davranmaqdır: "Ədalət,
eyni zamanda mərhəmət, məğlub
edilmiş tərəfə
müəyyən dərəcədə
mərhəmət hisslərinin
göstərilməsi də
xalqımıza xas olan xüsusiyyətlərdən
biridir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini
məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub
etməliyik. Bunu görərkən
mən bir daha əmin oldum ki, Azərbaycan
xalqının gələcəyi
bundan sonra da çox parlaq
olacaq, bundan sonra da istənilən
idman növündə".
Prezident İlham
Əliyev "Qarabağ"
Futbol Klubunun baş məşqçisi
Qurban Qurbanovun bir müddət əvvəl "Qarabağ"-"Olimpik Marsel" komandalarının qarşılaşması
zamanı öz oyunçumuzun mübahisəli
qolunu ləğv etdirməsi faktını buna nümunə göstərdi: "Bizim məşhur məşqçimiz
Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdir
və qol sayıla biləcək vəziyyətdə demişdir
ki, yox, bu, bizə lazım
deyil, bizə saxta nailiyyət lazım deyil, qazanılmamış uğur
lazım deyil. Nəyi qazanmışıqsa, öz
əməyimizlə qazanmışıq.
O cümlədən Qarabağ
məsələsini də
öz əməyimizlə,
gücümüzlə, zəkamızla
həll etmişik".
Azərbaycanı bundan sonra da
həyatın müxtəlif
sahələrində ləyaqətli
qələbələr gözləyir.
İradə ƏLİYEVA
Azərbaycan.- 2022.- 17 aprel.- S.3.