Ermənistanda hərbçilərə maaş verilmir

 

 

Son aylarda Ermənistanda ərzaq məhsullarının, daşınan və daşınmaz əmlakın, yanacağın, müxtəlif xidmətlərin qiymətləri xeyli artıb.

Onsuz da yoxsul vəziyyətdə olan əhalinin yaşayışı gündən-günə ağırlaşır. Hökumət isə buna dünya bazarında baş verən proseslərlə bəraət qazandırmaq istəyir. Ermənistan Milli Statistika Komitəsinin 2022-ci ilin yanvar-fevral ayları üçün xülasəsində bildirildiyi kimi, ölkə iqtisadiyyatı hələ ötən ilin səviyyəsindən də 5 faiz geri qalır.

İstehlak mallarında 5,2 faiz, sənaye mallarında 7,1 faiz qiymət artımı olub ki, bu da təsadüfi deyil. Daxili valyutanın dollara nisbətən ucuzlaşması, dəyərdən düşməsi də diqqətçəkən məqamlar sırasındadır.

Bütün qiymət artımları fonunda Ermənistanda əməkhaqlarında, əhali gəlirlərində əks istiqamətdə, yəni azalmaya doğru mənfi göstərici müşahidə olunmaqdadır. Xüsusilə də bu azalma erməni hərbçilərin əməkhaqlarında özünü daha aydın büruzə verir. Ermənistanın “Forrights.am” nəşri yazır ki, Ermənistan-Azərbaycan sərhədində qulluq edən erməni hərbi qulluqçular təxminən 200 min dram maaş alırlar.

Qeyd olunur ki, ölkədə yoxsulluğun dərinləşməsi və ilin əvvəlindən başlamış, dayanmayan inflyasiya fonunda Ermənistan hakimiyyəti müqaviləli hərbçilərin maaşlarının artırılması üçün gözəçarpan addımlar atmayıb. Hərbçilərin sosial şəraiti yox dərəcəsindədir. Hakimiyyət isə onların həyatını firavanlaşdırmaq üçün səylər göstərmir. Hərbi qulluqçu Xaçik Barseğyan deyib ki, bu gün erməni müqaviləli hərbi qulluqçu ailəsinin minimum yaşayış şəraitini təmin etmək üçün kifayət qədər maaş almır: “Yayda biz ilanların, əqrəblərin içində işləyirik, torpaqalaq otları ilə mübarizə aparırıq, amma patruldanya avtobus sürücüsündən daha az maaş alırıq. Hökumətimiz bütün bunları bilməlidir. Mövqelərdə kreditlər və borclar haqqında düşünürük, maaş çox aşağıdır”.

Orduda xəstəlik və səfalətin durmadan genişləndiyi bir vaxtda hərbi qulluqçuları müalicə etmək üçünmaddi vəsait, nə də yer çatışır. Bu isə xəstəlikdən ölən erməni əsgərlərinin sayının durmadan artmasına səbəb olur. Qarşıdakı dövr ərzində Ermənistan ordusunda vəziyyətin daha da pisləşəcəyi gözlənilir. Çünki ordunun maddi təminatı üçün Ermənistan hakimiyyətinin bütün resursları tükənmiş durumdadır. Belə vəziyyətdə orduda fərarilik hallarının miqyasının daha da genişlənəcəyi gözlənilir.

Bu günlərdə Ermənistan ordusunun hərbi hissələrindən birində komandirin vəzifə səlahiyyətlərini aşması səbəbindən baş verən cinayət nəticəsində tabor komandiri gənc zabiti döyüb. Bildirilir ki, yeni xidmətə başlayan leytenant Armen Manosyan tabor komandirinin qanunazidd hərəkətlərinə və təhqirlərinə etiraz etdiyi üçün döyülüb. Komandanlıq döyülmə faktını ört-basdır etmək istəyir. Fiziki və mənəvi təhqirlərə məruz qalan leytenant A.Manosyan xidmət yerinin dəyişdirilməyəcəyi təqdirdə, hərbi prokurorluğa şikayət edəcəyini bildirib.

Yaranan belə acınacaqlı vəziyyətlərdən qorxuya düşən valideynlər indi müxtəlif üsullarla övladlarını hərbi xidmətdən yayındırmağa çalışırlar. Ən geniş yayılmış üsul isə erməni gənclərinin hərbi çağırış yaşına çatmağa az qalmış xarici ölkələrdən birinə, əsasən də Rusiyaya göndərilməsidir. Bu da Ermənistan ordusunun insan resursu baxımından ciddi problemlər yaşamasına təkan verib.

Göründüyü kimi, İkinci Qarabağ müharibəsində ağır itkilərlə üzləşmiş Ermənistan ordusu hələ normal fəaliyyətini bərpa edə bilməyib. Son iki ildə fərarilik edən, qeyri-döyüş şəraitində ölən hərbçilərin sayı artıb. Bu cür faktları erməni mediası ilə yanaşı, ictimai-siyasi fəallar da üzə çıxarırlar. Təkcə bir məqamı xatırladaq ki, ötən ilin yazında qeyri-döyüş şəraitində xidmət aparan erməni hərbçini yaxınları, Müdafiə Nazirliyi tapa bilir.

 

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 2 aprel.- S.1;6.