28 illik fəaliyyətsizlik
ATƏT-in Minsk
qrupuna verilmiş mandat artıq de-fakto etibarsız
sayılır
Dünyanın siyasi müstəvisində özünü qabarıq şəkildə göstərən əsas problemlərdən biri də ikili standartlarla bağlıdır. Xüsusən də Qərb dövlətləri və onların təmsil olunduğu bəzi beynəlxalq təşkilatlar tərəfindən dünyada gedən proseslərə ikili standartlar əsasında yanaşılması özünü getdikcə daha çox büruzə verməkdədir.
Vətən müharibəsinə kimi beynəlxalq ictimaiyyət Ermənistanın Qarabağ danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirməsinə, status-kvonun qorunub saxlanması cəhdlərinə, danışıqların pozulmasına yönəlik addımlarına kəskin iradını bildirmirdi. Ermənistan hətta münaqişənin həlli üçün mandat verilmiş ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatlarında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinməsi və problemin sülh yolu ilə həlli təkliflərini də hesaba almırdı.
Bu, bir həqiqətdir ki, 1992-ci il martın 24-də ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupun 1997-ci ildən həmsədrləri (ABŞ, Fransa və Rusiya) münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıb. Qrupun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilirdi. Lakin tərəfsiz vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti göstərirdi ki, münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyiş olmayacaq. Belə olan halda sual yaranır: əgər münaqişə tərəfləri öz aralarında razılığa gələ bilirdilərsə, onda Minsk qrupunun yaradılması hansı məqsədi daşıyırdı və bu qurumun keçən dövr ərzində apardığı çoxsaylı danışıqların mənası nə idi?
Təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirmişdi. Minsk qrupu yarandığı vaxtdan indiyədək qəbul etdiyi sənədlərdə bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətindən nəinki danışılmır, əksinə, müxtəlif vaxtlarda digər beynəlxalq təşkilatların da işğal faktının əks olunduğu sənədlərin qəbuluna etiraz edərək məsələnin yalnız qurum çərçivəsində həll edilməsinə üstünlük vermişdi.
Ötən müddət ərzində Ermənistan danışıqlar adı altında imitasiya ilə məşğul idi. Təbii ki, buna rəvac verən ATƏT-in Minsk qrupunun mücərrəd və ənənəvi bəyanatları da elə status-kvonu qoruyub saxlamağa çalışan Ermənistanı hər dəfə bir az da şirnikləndirirdi. ATƏT-in Minsk qrupu təcavüzkarı öz adı ilə çağırmalı, onu sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını birmənalı şəkildə tələb etməli idi.
Beləliklə, Minsk qrupunun həll etməli olduğu problemi 2020-ci ilin Vətən müharibəsində Azərbaycan 44 günə hərbi yolla həll etdi. Xatırladaq ki, müharibə müddətində Minsk qrupunun həmsədrləri onilliklərdi uzadaraq yubatdıqları problemin sülh yolu ilə həllinin vacibliyini diqqətə çatdırırdılar. Ancaq hər kəs şahidlik edirdi ki, sülhü onlar heç vaxt təmin edə bilmədilər. Çünki sülhün əldə edilməsinin yolları beynəlxalq hüquqla dəqiq təsbit olunmuşdu. Elə buna görə də hələ 2020-ci ilin dekabrında Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edən Prezident İlham Əliyev Minsk qrupunun 28 il ərzində problemin həllində heç bir rol oynamadığını birbaşa onların özlərinin diqqətinə çatdırmışdı.
2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev bir daha bu mövzuya toxunaraq deyib ki, bu münaqişəni özümüz həll etdik: "Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur. Bu haqda çox danışmaq istəməzdim. Nəticə göz qabağındadır və bir daha demək istəyirəm ki, nəticə sıfır və Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib. Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər".
Qeyd edək ki, Vaşinqton və Paris ATƏT-in Minsk qrupu həmsədrlərinin "üçlüyü" çərçivəsində Moskva ilə bütün əlaqələri dayandırıblar. Bu barədə danışan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev yeni qisimdə - məhz Rusiya Federasiyası xarici işlər nazirinin Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılmasına kömək məsələləri üzrə xüsusi nümayəndəsi kimi öz işini davam etdirəcək.
Rusiyanın xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayevin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının təşviqi üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilməsi Kremlin Minsk qrupu formatından uzaqlaşaraq xüsusi nümayəndəlik institutuna üstünlük verdiyini göstərir. Artıq üçtərəfli görüşlərdə, qəbul olunan bəyanatlarda Minsk qrupunun adı belə çəkilmir.
Göründüyü kimi, baş verən son siyasi proseslər Minsk qrupunun artıq "ofsayd"a salındığını və Prezident İlham Əliyevin qurumun mandatının de-fakto etibarsız olduğu haqda fikirlərini növbəti dəfə təsdiq edir.
Azərbaycan Prezidenti bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycanın Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Bəs onda Minsk qrupu nə ilə məşğul olmaq istəyir? Vətən müharibəsi başa çatdıqdan indiyə qədər bu qurum göstərəcəyi fəaliyyətin istiqaməti ilə bağlı heç bir təklif verməyib. İndiki şəraitdə isə Minsk qrupu, onun həmsədrlər formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir. Bunu artıq həmsədr ölkələrin yüksəkvəzifəli şəxsləri də bildirirlər və belə olan halda əlbəttə ki, hər hansı bir qrup şəklində fəaliyyətdən söhbət gedə bilməz. ATƏT-in Minsk qrupu ona bəslənən ümidləri doğrultmadı. Prezidentin söylədiyi kimi, ATƏT yalnız bir mötəbər beynəlxalq təşkilat kimi öz rolunu oynaya bilər.
Elçin CƏFƏROV
Azərbaycan.- 2022.- 17 aprel.- S.4.