Tənzilə NARBAYEVA: “Özbəkistanla
Azərbaycan bir çox
sahələrdə uğurla əməkdaşlıq
edir”
Özbəkistan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova aprelin 1-də bu ölkənin Ali Məclisi Senatının Sədri Tənzilə Narbayeva ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayan Senatın Sədri Sahibə Qafarovanın Milli Məclisin Sədri kimi bu ölkəyə ilk səfərinin ölkələrimiz və qanunverici orqanlarımız arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inandığını bildirib. O, dost ölkələrimiz arasında münasibətlərin dinamik inkişaf etdiyini vurğulayaraq Azərbaycanla Özbəkistanın bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Tənzilə Narbayeva ölkələrimiz arasında münasibətlərin dinamik inkişafında dövlət başçılarının rolunu xüsusi qeyd edərək Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük nailiyyətlərin dost ölkə olan Özbəkistanda da maraqla qarşılandığını bildirib. O, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin yüksək diqqətə layiq olduğunu, fond tərəfindən həyata keçirilən layihələrin hər kəs tərəfindən təqdir edildiyini diqqətə çatdırıb.
Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında parlamentlərin rolunu vurğulayan Tənzilə Narbayeva Milli Məclisin Sədri ilə bundan əvvəlki görüşlərini məmnunluqla xatırlayıb. O deyib ki, qanunverici orqanlarımız arasında sıx təmaslar mövcuddur. Bu isə münasibətlərin daha da dərinləşməsinə şərait yaradır.
Göstərilən yüksək qonaqpərvərliyə və ölkəmizin ünvanına söylənilən xoş sözlərə görə minnətdarlığını bildirən Milli Məclisin Sədri Azərbaycan və Özbəkistanın dost ölkələr olduqlarını bildirib. O, xalqlarımız arasındakı oxşar dini və mənəvi dəyərlərin, dil birliyinin dərin tarixi köklərə malik olan əlaqələrimizin daha da dərinləşməsinə böyük töhfələr verdiyini qeyd edib. Sahibə Qafarova Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin ölkələrimiz müstəqillik əldə etdikdən sonra keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini xatırladaraq əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin və aparılan danışıqların əhəmiyyətli rolunu qeyd edib. Onun sözlərinə görə, bu səfərlər və aparılan danışıqlar dinamik, səmərəli və qarşılıqlı faydalı münasibətlərin inkişafında mühüm rol oynayır. Yüksək-səviyyəli siyasi dialoq digər sahələrdə də münasibətlərimizin inkişafına müsbət təsirini göstərib.
Milli Məclisin Sədri iqtisadi sahədə əməkdaşlıqda son illərdə artan dinamikaya nəzər salaraq bildirib ki, pandemiya ilə əlaqədar qlobal iqtisadiyyatda mövcud vəziyyətə baxmayaraq, Azərbaycanla Özbəkistan arasında ikitərəfli ticarət müsbət inkişaf dinamikası nümayiş etdirib. Azərbaycan və Özbəkistan investisiya sahəsində də əməkdaşlığın təşviqində müəyyən uğurlar qazanıblar.
İkitərəfli əlaqələrin dərinləşməsində qanunverici orqanların özünəməxsus rolunu qeyd edən Sahibə Qafarova deyib ki, qarşılıqlı təmasların genişləndirilməsi parlamentlərimiz arasında münasibətlərin inkişafına əsaslı töhfələr verir. O, hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyini xatırladıb. Qeyd edib ki, parlamentarilərimiz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir və bir-birinin mövqeyini dəstəkləyirlər.
Görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə və regionda yaranmış yeni reallıq barədə də məlumat verib. Bildirib ki, Azərbaycan bu qələbə sayəsində öz ərazi bütövlüyünü bərpa edib və işğala son qoyub. S.Qafarova xüsusilə qeyd edib ki, münaqişə artıq öz həllini tapıb və Azərbaycan bunu özü edib. Milli Məclisin Sədri dost ölkə olan Özbəkistanın artıq keçmişdə qalmış münaqişənin beynəlxalq hüquq normaları, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini hər zaman dəstəklədiyini qeyd edərək xalqımızın bunu yüksək qiymətləndirdiyini bildirib.
Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan regionda daimi sülh və sabitliyin təmin olunmasını istəyir. Ölkəmiz hazırda işğaldan azad etdiyi ərazilərində böyük bərpa və quruculuq işləri aparır. Milli Məclisin Sədri Füzuli rayonunda məktəb tikintisi ilə bağlı verdiyi dəstəyə görə Özbəkistana minnətdarlığını bildirərək bunu dost münasibəti kimi dəyərləndirib.
Qeyd
edək ki, görüşdə Özbəkistanla parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri
Eldar İbrahimov, qrupun üzvləri Cavanşir Paşazadə,
Ağalar Vəliyev, Anar İsgəndərov və Razi
Nurullayev də iştirak ediblər.
Azərbaycan.-2022.- 2 aprel.- S.2.