Həmrəyliyin Azərbaycan nümunəsi
Ukraynaya göndərilən humanitar
yardımlar bunun əyani təzahürüdür
Müasir dünyada humanitar fəaliyyətlər təbii mərhəmət hisslərinin ifadəsi ilə yanaşı, dövlətlərin xarici siyasətinin də mühüm parçasıdır. Yəni humanitar yardım müxtəlif fəlakətlərə, məşəqqətlərə düçar olan ölkə ilə həmrəylik nümayiş etdirir ki, bu da bütövlükdə beynəlxalq sabitliyin və əmin-amanlığın güclənməsinə dəstək deməkdir.
Müxtəlif böhranlı vəziyyətlərə zəruri hazırlığı təmin etmək məqsədi ilə humanitar fəaliyyətlərə bağlı olduğunu ifadə edən Azərbaycan bu gün xoşməramlı siyasət yürüdür.
Humanitar yardım məfhumunun özü ilk növbədə hər hansı təbii və ya insani fəlakətlərə düçar olmuş əhalinin ən qiymətli dəyər olan həyatını, həmçinin ləyaqətini qorumaq, mühafizə etmək deməkdir. Bu istiqamətdə Azərbaycan dünyaya nümunə göstərən ölkələrdən biridir. Axı vaxtilə Azərbaycanın özü də bu fəlakətlərə düçar olub və beynəlxalq yardımlara böyük ehtiyacı yaranan ölkə idi. Müstəqillik dövrünə müharibənin dəhşətlərini yaşayan, ərazisinin böyük hissəsi işğal edilən, bir milyon qaçqın və məcburi köçkünün problemləri ilə üz-üzə qalan gənc dövlətimiz təbii ki, kənar yardımlara möhtac vəziyyətə düşmüşdü. Ölkənin müxtəlif bölgələrində tələm-tələsik qurulan qaçqın düşərgələrini həmin çətin dövrdə yerli imkanlarımızla saxlamaq qeyri-mümkün idi. Bir sıra ölkələrdən humanitar yardımlar gəlirdi. O keşməkeşli illərə nəzər saldıqda həmin mürəkkəb dövrün bizə çox qiymətli təcrübə qazandırdığını söyləyə bilərik. Müstəqilliyi bərpasının ilk illərində bir çox çətinliklərlə qarşılaşan Azərbaycan bu gün iqtisadi qüdrəti getdikcə artan və öz gücünə arxalanan müasir ölkəyə çevrilib.
Dünənədək başqalarından humanitar yardımlar qəbul etmiş Azərbaycan bu gün humanitar yardımlara möhtac olan ölkələrə əl tutan donor dövlətə çevrilib. Bu status isə ölkəmiz qarşısında beynəlxalq arenada yeni perspektivlər və imkanlar açır.
Hazırda Azərbaycan böhranlı vəziyyətlərlə üzləşən ölkələrə mütəmadi olaraq yardım əlini uzadır. Bu cür yardımlar Asiya, Afrika, Latın Amerikası ölkələrinin bir çoxuna göstərilib.
Bu gün BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Prezidenti həm də qlobal miqyaslı təşəbbüsləri ilə diqqətləri cəlb edir. Prezident İlham Əliyevin irəli sürdüyü təkliflər əsasında keçirilən həmrəylik tədbirləri, yardım kampaniyaları böyük dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən daim təqdir edilir.
Xatırladaq ki, qlobal pandemiya ilə mübarizə dövründə ölkəmiz beynəlxalq arenada, iqtisadi, sosial sahədə özünü güclü dövlət kimi göstərdi. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərini təşkil etməklə dünyanı birləşdirdi. Zirvə görüşləri uğurlu oldu, qəbul edilmiş sənədlərdə Azərbaycanın təşəbbüsü və bu sahədə oynadığı rol, həmrəyliyə hesablanmış addımları yüksək qiymətləndirildi.
Ümumiyyətlə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə, humanitar yardımlar edib. Azərbaycanın koronavirusa qarşı ümumbəşəri mübarizəyə ciddi maddi və mənəvi dəstək verməsi, bütövlükdə bu prosesə qoşulmaqla ortaya çox ciddi nəticələr qoyması təsdiq edir ki, Prezident İlham Əliyevin səyləri təkcə rəhbəri olduğu xalqın deyil, həm də bütün bəşəriyyətin xilasına yönəlib.
Xeyriyyəçilikdən, yardımlardan danışarkən ilk növbədə Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun fəaliyyəti yada düşür. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi fondun təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda gördüyü xeyriyyəçilik işlərinin, humanitar yardımların sayı-hesabı yoxdur. Fond yarandığı gündən mədəniyyətlərarası və dinlərarası münasibətlərin inkişafına, digər ölkələrlə humanitar sahədə ikitərəfli münasibətlərin dərinləşməsinə kömək edir. Müxtəlif xarici ölkələrdəki tarixi abidələrin bərpası üçün ayrılan maliyyə vəsaitləri, tibbi, sosial humanitar yardımlar bu məqsədə xidmət edir. Bu xoşməramlı missiyası ilə Azərbaycanı dünyada yardımsevər, etibarlı tərəfdaş, sivilizasiyalar arasında körpü kimi tanıdan Mehriban xanım Əliyeva dünyada sülhə və təhlükəsizliyə töhfə verir. Azərbaycan dövləti mədəni müxtəliflik dəyərlərini irəlilədir, sivilizasiyalar arasında qarşılıqlı anlaşma, multikulturalizm, dialoqun inkişafında mühüm rol oynayır.
Aprelin 15-də Ukraynada yaşanan böhran nəticəsində Moldova Respublikası ərazisinə keçmiş ukraynalı məcburi köçkünlərə göndərilən humanitar yardım da bu siyasətin tərkib hissəsidir. Göndərilən 29 tonluq humanitar yardımın məbləği 1,7 milyon manatdan çoxdur. Bu, Ukraynaya göndərilən sayca üçüncü yardımdır.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Ukraynadakı vəziyyətlə əlaqədar bu il fevralın 27-də və martın 12-də Azərbaycan tərəfindən dost ölkəyə dərman vasitələri, tibbi sərf, cihaz və avadanlıqlardan, eləcə də ərzaq məhsullarından ibarət ümumi məbləği 21,5 milyon manat olan 520 tona yaxın humanitar yardım göndərilib.
Azərbaycan qlobal pandemiyadan öncə də, postpandemiya dövründə də yardımlarını ehtiyacı olanlardan əsirgəməyib. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bu məsələyə münasibət bildrərkən qeyd edib ki, Azərbaycanın çoxlu humanitar proqramları var: "Pandemiya dövründə biz 80-dən çox dövlətə həm maliyyə yardımı, həm də maddi yardım göstərmişik. Bu, əlbəttə, yüksək qiymətləndirilir. Xüsusən ona görə ki, bu ölkələrin resursları məhduddur".
Xatırladaq ki, 2021-ci ildə Azərbaycan dünya ölkələrinə 30 milyon ABŞ dolları dəyərində humanitar yardım göstərib. Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan pandemiya dövründə 80-dən çox ölkəyə humanitar dəstək verib, həmçinin 5 ölkəni 2 milyon dollar dəyərində peyvəndlə təmin edib.
Bir sözlə, Prezident İlham Əliyevin yürütdüyü bu siyasətlə Azərbaycanın beynəlxalq nüfuzu getdikcə artmaqdadır. Azərbaycan dövləti öz ənənəsinə sadiq qalaraq ehtiyacı olan ölkələrə yardım əlini uzadır və bundan sonra da xoşməramlı missiyasını davam etdirəcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2022.- 17 aprel.- S.4.