Qonşu, dost və tərəfdaş
Gürcüstan ilə Azərbaycanın hərtərəfli
əlaqələri yüksək səviyyədədir
Azərbaycan-Gürcüstan əlaqələri hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır. Bu münasibətləri xalqlarımızın milli maraqları şərtləndirir. İki qonşu dövlət arasında olan strateji əhəmiyyətli siyasi münasibətlər həm də çoxsaylı iqtisadi layihələrlə dəstəklənir. Azərbaycan-Gürcüstan əlaqələrinin geniş gündəliyə malik olduğu bu il aprelin 15-də Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilini qəbul edərkən bir daha vurğulanıb. Həm ikitərəfli, həm də çoxtərəfli formatda əldə olunmuş razılıqların uğurla həyata keçirildiyi bildirilib. Bu baxımdan ilk növbədə ölkələrimizin icra etdiyi birgə nəqliyyat və enerji layihələrinin önəmi qeyd olunub.
Azərbaycanın nəhəng neft-qaz kəmərləri və nəqliyyat kommunikasiya xətləri Qərbə Gürcüstandan keçərək istiqamətlənir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin 1768 kilometrlik yolunun bir hissəsi bu ölkədən keçir. Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri başlanğıcını Bakı yaxınlığındakı Səngəçal terminalından götürərək Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda BTC ilə eyni marşrut boyu uzanır. BTƏ-nin ayrılmaz hissəsi olan Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ümumi uzunluğu 691 kilometrdir. O, Azərbaycanda 443 , Gürcüstanda 248 kilometr məsafə qət edir. Gürcüstan-Türkiyə sərhədində CQBK-ya 280 kilometrlik boru kəməri qoşulur ki, bununla Azərbaycan qazı Ərzuruma çatdırılır. Səngəçal-Ərzurum marşrutu ilə uzanan bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır. Qeyd edək ki, CQBK Azərbaycan qazını Gürcüstana 2006-cı ildə çatdırıb.
"Cənub qaz dəhlızi"nin təməlini də əslində elə BTƏ yaradıb. Azərbaycandan İtaliya torpağınadək 3500 kilometrlik məsafə boyu uzanan, üç kəmərdən ibarət olan bu dəhlizin bir seqmentini də genişləndirilmiş CQBK təşkil edir.
Qərb İxrac Boru Kəməri (QİBK) uzun illərdir Azərbaycan neftini Gürcüstanın Supsa limanına çatdırır. Bakı-Tbilisi-Qars dəmir yolunun polad magistralları iki ölkə arasında əməkdaşlıq və tərəfdaşlığı daha da möhkəmləndirib.
Ölkəmiz tərəfindən Gürcüstan iqtisadiyyatına sərmayələrin yatırılmasına başlandığı vaxtdan 15 ildən çox keçir. Xüsusilə son illər ərzində SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstan iqtisadiyyatına sanballı investisiyalar yönəldib. Bu şirkətin Gürcüstanda Kulevi Neft Terminalı, qazpaylayıcı şəbəkəsi və yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. "SOCAR Georgia Petroleum" MMC onlarca yanacaqdoldurma məntəqəsi, xidmət mərkəzləri və neft terminalına malik olduğu Gürcüstan bazarında Azərbaycanın və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışını təşkil edir. "SOCAR Georgia Gas" MMC qonşu ölkənin regionlarına təbii qaz tədarükü və paylanmasını həyata keçirir, yerli qaz şəbəkəsini idarə etməklə minlərlə abonentə xidmət göstərir.
Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı sərmayənin xeyli hissəsi qazlaşdırmaya yönəldilir. SOCAR-ın son 15 ildə Gürcüstanda 700-dən çox yaşayış məntəqəsini qazlaşdırması buna aydın misaldır.
Prezident İlham Əliyevin göstərişi ilə Gürcüstanda yaşayan soydaşlarımızın sosial şəraitinin yaxşılaşdırılması üçün də bir sıra layihələr həyata keçirilir. Gürcüstan hökuməti də azərbaycanlıların sıx yaşadığı bölgələrin inkişafına diqqət ayırır, həmçinin SOCAR-ın layihələrini dəstəkləyir və onların reallaşdırılması üçün şərait yaradır. Bu layihələr soydaşlarımızın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına və cəmiyyətə daha səmərəli inteqrasiya olunmasına xidmət edir. Məsələn, son dövrlərdə Marneuli rayonunun Qızılhacılı kəndində inşa olunmuş idman kompleksini və Laqodexi rayonunun Qabal kəndində tikilmiş uşaq bağçasını misal göstərmək olar.
Azərbaycan və Gürcüstan həm də sakinlərinin bir-birinə ən çox gediş-gəlişi olan ölkələrdir. COVID-19 hər yanda turizmə zərbə vursa da, postpandemiya dövründə artıq həmin sahədə də canlanmanın yaranacağına şübhə yoxdur.
Bu günlərdə Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilini qəbul edərkən də məhz Azərbaycanla Gürcüstan arasında hərtərəfli əməkdaşlığın önəmindən və perspektivlərindən bəhs olunub. Dövlətimizin başçısı yükdaşımaların həcminin, mövcud infrastrukturun buraxılış qabiliyyətinin artırılmasının zəruriliyini qeyd edib və bunun üçün yaxşı əsasın yaradıldığını bildirib. Prezident eyni zamanda ticarət dövriyyəsinin artımından məmnunluğunu ifadə edərək onun həcminin daha da çoxaldılması perspektivlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ölkələrimiz arasında sıx əlaqələrin mövcudluğunu bir daha xatırladaraq bütün sahələrdə, o cümlədən iqtisadi sferada əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Həyata keçirilən enerji və nəqliyyat layihələrinin həm regional, həm də qlobal əhəmiyyətini qeyd edib. Qonaq eyni zamanda ticarət dövriyyəsinin artırılması üçün də böyük potensialın mövcud olduğunu bildirib.
Görüşdə kənd təsərrüfatında və iqtisadiyyatın digər sahələrində birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti, Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının hər iki ölkənin iqtisadi inkişafında vacib rolu qeyd edilib.
Bir sözlə, Azərbaycanla Gürcüstan arasında hərtərəfli əlaqələr yüksək səviyyədə davam edir və bu, bir nümunədir. Sözügedən görüş də göstərir ki, iki qonşu ölkə arasında münasibətlər bundan sonra da bütün sahələr üzrə inkişaf edəcək və hər iki xalqın maraqlarının təmin olunması üçün daha yaxşı perspektivlər yaradacaq.
Flora SADIQLI
Azərbaycan.- 2022.- 17 aprel.- S.4.