Quruculuğun baş meydanı

 

İlham Əliyev Qarabağ və Şərqi Zəngəzuru dünyaya nümunə göstərəcək

 

Vətən müharibəsində böyük zəfərdən sonra geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bütün infrastrukturlar yenidən qurulur.  Yeni avtomobil və dəmir yolları, körpülər, tunellər, hava limanları, elektriksu xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir.

Qarabağı "Dəmir yumruq"la alan Qalib Komandan İlham Əliyev Böyük qayıdış planının tezliklə reallaşması üçün işğaldan azad edilən torpaqlarımızda çox böyük layihələr həyata keçirir.

Aprelin 12-də cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə görülən işlərə bir daha toxunan İlham Əliyev həm reallığa çevrilən layihələrdən söz açdı, həm də hazırda həyata keçirilən proseslərin gedişatı ilə bağlı ətraflı məlumat verdi. İlham Əliyev bir daha vurğuladı ki, bütün layihələri Azərbaycan heç kimdən maddi yardım almadan yalnız öz gücünə reallaşdırır. Heç bir beynəlxalq təşkilat və fond bu prosesdə Azərbaycana yardım etmir. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan yalnız öz iqtisadi gücünə arxalanaraq böyük işlər görür: "Azad edilmiş torpaqları da yüz faiz öz gücümüzə bərpa edirik. Bəli, xarici şirkətləri dəvət etmişik. Onlar orada podratçı kimi işləyir. Amma bu günə qədər heç kimdən bir manat almamışıq. Ancaq öz gücümüzə, öz istedadımıza güvənirik".

 

Builminalardantəmizləmə əməliyyatlarına 100 milyonmanatvəsaitayrılıb

 

Prezident ilk növbədə quruculuqtikinti işlərinin aparılması üçün ərazilərin minalardan təmizlənmə prosesinin sürətləndirilməsinin vacibliyini bildirərək dedi ki, bunun üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulubbu, dövlət üçün prioritet məsələdir. Çünki bu məsələ həll olunmadan vətəndaşların o bölgələrə yerləşdirilməsi qorxuludur. Ərazilər tam təmizləndikdən sonra soydaşlarımızın yurd-yuvalarına qayıdışına başlanılacaq.

Hazırda işğaldan azad olunmuş ərazilərdə üç qurum - ANAMA, Müdafiə Nazirliyinin bölmələri və Fövqəladə Hallar Nazirliyi minatəmizləmə işləri ilə məşğuldurlar. Dövlət tərəfindən prosesə dəstək verilməsi üçün yeni texnikanın alınması təmin edilir, o cümlədən ən müasir texnika, dronlar və digər cihazlar alınır. Prezident İlham Əliyev bu prosesdə iştirak etmək üçün digər yerli şirkətlərə də tövsiyələr verərək bildirdi ki, bu təşəbbüs həm də sahibkarlığın inkişafına təkan verəcək, eyni zamanda yerli şirkətlər burada təcrübə toplayıb öz xidmətlərini təqdim edə biləcəklər. Xarici şirkətlərə gəldikdə onların təklifi bu günə qədər qiymət baxımından o qədər də məqbul sayılmayıb. Çünki yerli şirkətlərin verdikləri qiymətlə xarici şirkətlərin verdikləri qiymətlər arasında dəfələrlə fərq var. Ona görə də üç dövlət qurumu ilə bərabər, minatəmizləmə əməliyyatlarında yerli şirkətlər nə qədər çox yaransa, o qədər məqsədəuyğundur.

 

Bütün şəhər və qəsəbələrin baş planları bu il təsdiqlənməlidir

 

Qlobal böhranın dünya iqtisadiyyatına mənfi təsir etdiyi dönəmdə belə Azərbaycan öz gücünə işğaldan azad edilmiş torpaqlarında yenidənqurma, tikinti-quruculuq işləri aparır, həmçinin digər bölgələrimizdə də dövlət proqramında əksini tapmış layihələri gerçəkləşdirir.

Azərbaycan Prezidenti mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrə şəxsən nəzarət edir, müxtəlif yeni obyektlərin təməlini qoyur, bəzilərinin isə açılışını edib xeyir-duasını verir.

Dövlət başçısı müşavirədə bir daha görülən işləri dəyərləndirdi, qarşıda dayanan vacib işlərlə bağlı ciddi tapşırıqlarını verdi. Qeyd edildi ki, Qarabağın yenidən qurulması proqramının icrası üçün dövlət büdcəsindən ayrılan  2,2 milyard manat vəsaitin 346 milyon manatı, yaxud 16 faizə yaxın hissəsi artıq yerinə yetirilib.

Hazırda AğdamFüzuli şəhərlərinin baş planlarının təsdiqləndiyini söyləyən Prezident tapşırdı ki, digər şəhərlərin də baş planlarının təsdiqlənməsi bu yaxınlarda öz həllini tapmalıdır. Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, HadrutSuqovuşan qəsəbələrinin baş planları hazırlanmalıdır, bu il təsdiq edilməlidir və ondan sonra Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramında əlavələr edilməlidir.

 

9 elektrik yarımstansiyasının, 4 SES-in açılışı olub, bu il daha 5 yarımstansiya inşa ediləcək

 

Hazırda Qarabağ və Şərqi Zəngəzurda elektrik yarımstansiyalarının inşası davam etdirilir. Xatırladaq ki, keçən il azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edilib. Bu da çox böyük göstəricidir. Eyni zamanda ən çətin relyefə malik olan Daşkəsəndən, Kəlbəcər dağlarından da elektrik xətləri çəkilib.

Ötən il Prezidentin iştirakı ilə 4 SES - Laçındakı "Güləbird",  "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su-elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub, "Kəlbəcər-1" Kiçik Su-Elektrik Stansiyasında işlər tamamlanıb. Mayın 12-də "Şuşa", iyunun 14-də "Füzuli" və "Şükürbəyli", avqustun 16-da "Kəlbəcər", oktyabrın 4-də "Cəbrayıl", oktyabrın 20-də "Zəngilan", oktyabrın 25-də isə "Qubadlı" yarımstansiyalarının açılışı olub. Ağdam rayonunda iki yerdə inşa edilən 110/35/10 kV-luq "Ağdam-1", "Ağdam-2" yarımstansiyalarının, o cümlədən "Qarabağ" Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi yekunlaşıb.

Azad olunmuş ərazilərdə ümumi uzunluğu 365 km məsafədə iki dövrəli olmaqla 10 istiqamətdə yüksəkgərginlikli 110 kilovoltluq elektrik verilişi xətti çəkilib.

Qarabağ və Şərqi Zəngəzurda tikilən 9 yarımstansiyanın hamısı Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, tam rəqəmsallaşdırılıb. Belə ki, IV Sənaye İnqilabına uyğun olaraq intellektual enerjisistem konsepsiyası həyata keçirilibmüasir, dayanıqlı, rəqəmsallaşdırılmış yarımstansiyalar modeli formalaşdırılıb. İstismara verilən yarımstansiyalarda aktivlərin, proseslərin, resursların idarə edilməsi, açılıb qoşulma əməliyyatları, tədarükpaylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması proqram təminatı vasitəsilə avtomatik həyata keçirilir.

Görüləcək işlərə gəlincə isə Prezident dedi ki, azad edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək. Düşmən tərəfindən dağıdılan stansiyaların bərpası istiqamətində bu il beş stansiya bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq.

Bu il "Xudafərin" və "Qız qalası" su elektrik stansiyalarının tikintisi ilə bağlı işlər sürətləndirilməlidir. Hazırda İran İslam Respublikası ilə danışıqlar aparılır. Həmçinin "bp" şirkəti ilə Cəbrayılda günəş-elektrik stansiyasının tikintisi üzrə danışıqlar gedir. Zəngilandan İran üzərindən Naxçıvana və oradan yenə də İranın enerji sisteminə və Türkiyəyə elektrik xətlərinin çəkilişi də gündəlikdə duran məsələlərdəndir.

Bütövlükdə təkcə azad edilmiş torpaqlarda bərpa olunan stansiyaların 9 min meqavatdan çox potensialı varbu, Azərbaycanın ixrac imkanlarına da müsbət təsir göstərəcək.

 

Bu il yeni yollar açılacaq, Zəngilan Beynəlxalq Hava Limanının inşası başa çatdırılacaq

 

İşğaldan azad edilmiş torpaqlarda quruculuq işlərinin həyata keçirilməsi üçün əlbəttə ki, ilk növbədə avtomobil yollarının tikintisi prioritet olmalıdır. Elə bu istiqamətdə görülən işlərə nəzər yetirsək, aydın şəkildə görərik ki, qısa müddətdə çox böyük layihələr reallaşdırılıb.

Prezident vurğuladı ki, tarixdə heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə təkcə keçən il 700 kilometrə yaxın yollar çəkilib. Yəni Azərbaycan-Ermənistan sərhədinə qədər bu yollar uzanır.

Hazırda inşa edilməkdə olan digər 15 avtomobil yolundakı vəziyyət ürəkaçandır. Bu il Füzuli-Hadrut, Hadrut-Tuğ-Azıx mağarası, Bərdə-Ağdam, Qubadlı-Eyvazlı, Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yollarının bu il istifadəyə verilməsi planlaşdırılır.

Bundan başqa, Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl-Hadrut, Ağdam-Füzuli, Əhmədbəyli-Füzuli-Şuşa, Əhmədbəyli-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Kəlbəcər-Laçın, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yollarının inşası da sürətlə davam etdirilir.

İlham Əliyev onu da diqqətə çatdırdı ki, ən vacib yollardan biri Toğanalı-Kəlbəcər avtomobil yoludur, çünki bu yol və 12 kilometrlik tunel çəkiləndən sonra daha Murov aşırımından keçməyə ehtiyac qalmayacaq.

Hazırda dəmir yolu xətlərinin çəkilişi də uğurla davam etdirilir. 100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmir yolunun 60 kilometri artıq hazırdır.

Nəqliyyat infrastrukturu ilə bağlı digər vacib məsələ Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsidir. Dövlət başçısı dedi ki, hava limanının tikilib başa çatma prosesi bu il üçün nəzərdə tutulur. Bu, azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci beynəlxalq hava limanı olacaq. Laçın Beynəlxalq Hava Limanının inşası isə 2024-cü ilə planlaşdırılır.

 

Zəngəzur üzərindən Azərbaycana keçid verilməsə...

 

Prezident İlham Əliyev ötən ay İranla Azərbaycan arasında körpülərin, dəmir yolu körpülərinin tikintisi ilə bağlı imzalanan memoranduma da toxunaraq dedi ki, həmin sənəddə elektrik xətlərinin çəkilişi ilə bağlı müddəa da var. Ona görə bu işlərə tezliklə start verilməlidir.  Cəbrayıl yarımstansiyasından Zəngilana qədər xətlərin çəkilməsi və İran İslam Respublikası ilə son razılaşmaya gələndən sonra artıq İran üzərindən bu xətt gedə bilər.

Zəngəzur dəhlizinin tikintisini dəyərləndirən Prezident bildirdi ki, bu dəhliz açılmalıdır. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə keçirilən üçtərəfli görüşdə geniş fikir mübadiləsi aparılıb. Artıq Ermənistan bu planları əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən Azərbaycana keçid verilməsə, Ermənistanın özü itirəcək. İlk növbədə isə 10 noyabr bəyanatını pozmuş olacaq. Çünki 10 noyabr bəyanatında açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir: "Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Onlar bunu bilməlidirlər, vaxtı uzatmamalıdırlar. Onsuz da biz istədiyimizə gec-tez nail olacağıq. Daha yaxşı olar ki, onlar özləri də bir az cəld tərpənsinlər. Yoxsa yenə də dalan kimi qalacaqlar".

Dövlət başçısı digər bir layihə barədə də məlumat verərək bildirdi ki, İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi artıq hazırlanır. Yaxın gələcəkdə təməlqoyma mərasimi də keçirilə bilər və beləliklə, yeni beynəlxalq nəqliyyat dəhlizinin açılması tarixi hadisə olar.

 

Yeni su anbarları yaradılacaq, bolsulu çaylar suvarmanı gücləndirəcək

 

İşğaldan azad edilmiş ərazilərdə suvarma ilə bağlı layihələrin icrasına da diqqət çəkən Prezident qeyd etdi ki, bu il yeni layihələrin reallaşması nəzərdə tutulur. Bu layihələrin xüsusiyyəti ondan ibarətdir ki, hazırlıq işləri çox vaxt aparır. Çünki layihələndirmə işləri düzgün aparılmalıdır, yerlər düzgün seçilməlidir. Suvarma işləri həm azad edilmiş torpaqlar üçün, həm də bütün ölkə üçün ərzaq təhlükəsizliyini şərtləndirən əsas amillərdən biri olacaq.

Xatırladaq ki, işğal dövründə ermənilər bizi Həkəri, Bazarçay (Bərgüşad), Lev çay, Zabux, Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay, Oxçuçaydan məhrum etmişdilər.

İşğal altında qalan su anbarları da yenidən qurulur. Belə ki, 1 milyard 600 milyon kubmetr su ehtiyatı olan ən böyük su anbarı "Xudafərin", həmçinin “Qız qalası”, Suqovuşan, Xaçın, Köndələnçay-1, Köndələnçay-2, Aşağı Köndələnçay, Ağdamkənd  su anbarları işğal altında idilər. İndi Azərbaycan onları bərpa edərək istifadəyə yararlı hala gətirir.

Qarşıdakı dövrdə bu sahədə böyük işlər görüləcək. Həkəriçay və Suqovuşan su anbarlarının tikintisi nəzərdə tutulur. Həmçinin uzunluğu 5,2 kilometr olan kanal da inşa ediləcək. Tikilib başa çatdıqdan sonra Suqovuşandan daha böyük əraziyə suyun verilməsi mümkün olacaq. Xaçınçay su anbarının və 7 kilometr uzunluğunda kanalın təmiri də layihələndirilir. Həmçinin Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay-2 su anbarlarının təmiri nəzərdə tutulur. Tərtərçay sol sahil kanalının, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının su təsərrüfatı kompleksinin yenidən qurulması, o cümlədən su mənbələrinin müəyyən edilməsi gündəmdədir. Çünki sovet vaxtında olan su mənbələri bəzi səbəblərə görə uyğun olmaya bilər. Ona  görə də bu kompleks tədbirlər nəzərdə tutulur və Bərgüşad su anbarının layihəsinin hazırlanması bu il öz həllini tapmalıdır.

Prezident onu da bildirdi ki, bu yaxınlarda verilən yeni təklif əsasında Zəngilanda, ya da Qubadlıda yeni su anbarının tikintisi nəzərdə tutulurbu kanalların inşası bizə imkan verəcək ki, yaxın zamanlarda 10 min hektarı suvarma ilə təmin edək. Yenə də demək istəyirəm ki, bütün bu işlər ümumi su təsərrüfatı sistemimizə inteqrasiya edilməlidir.

 

Böyük qayıdış başlayır - bu il Ağalı kəndinin açılışı olacaq

 

Ən mühüm məsələ isə bu il Böyük qayıdış planının reallığa çevrilməsidir. Prezident bunun da müjdəsini verərək vurğuladı ki, Zəngilanın Ağalı kəndinin sakinləri  bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Yəni bu il Ağalı kəndinin açılışı olacaq.

Qeyd edək ki, bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına isə bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq kəndlər də bərpa ediləcək.

Sosial-iqtisadi infrastruktur layihələri barədə də danışan dövlət başçısı İlham Əliyev dedi ki, bu il üç məktəbin - Ağdamda 1 nömrəli, Cəbrayılda və Şuşada iki orta təhsil ocağının inşası  başa çatmalıdır. Hər üç məktəb 960 yerlikdir.

Dörd xəstəxana inşa edilir. Şuşa şəhərində xəstəxana bu il istismara veriləcək, Ağdamda 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq. Ağdam və Cəbrayıl rayonlarında iki sənaye parkına isə sahibkarlar böyük maraq göstərirlər.

Beləliklə, dövlət keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün kompleks tədbirlər görür. Yaşayış binaları, infrastruktur, yerləri, kənd təsərrüfatı ilə məşğul olmaq imkanları, sənaye parkları planlı şəkildə reallaşır.

İlham Əliyev qətiyyətlə vurğuladı ki, Azərbaycan öz qüdrəti hesabına tezliklə bütün layihələri reallaşdıracaq və istəyinə nail olacaq:  "Əminəm ki, bütün planlar həyatda öz əksini tapacaq. Biz istədiyimizə nail olacağıq... Mən demişəm, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçünbir nümunə olacaq".

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.-16 aprel.- S.4.