Azərbaycanda
mina probleminə həsr olunmuş beynəlxalq konfransın nəticələrinə
dair brifinq keçirilib
Aprelin 1-də “Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri” mövzusunda beynəlxalq konfransın nəticələrinə dair brifinq keçirilib. Brifinqdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin müvəqqəti işlər vəkili Suhrob Hocimatov iştirak ediblər.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov konfransın kifayət qədər məhsuldar olduğunu bildirib. Onun sözlərinə görə, tədbir zamanı geniş fikir mübadiləsi aparılıb, müxtəlif təkliflər irəli sürülüb.
“Biz 4 qurumla birlikdə tərəfdaşlıq haqqında Niyyət Protokolu imzaladıq. İmzalanmış bu sənədlərə əsaslanaraq gələcək əməkdaşlığımızın hansı sahələrdə ola biləcəyi istiqamətində işlər aparacağıq”, – deyə Vüqar Süleymanov qeyd edib.
BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin müvəqqəti işlər vəkili Suhrob Hocimatov Azərbaycanda humanitar minatəmizləmənin təşviqinə və Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqələndirilməsinə töhfə verən bütün konfrans təşkilatçılarına dərin minnətdarlığını bildirib. O, iki gün ərzində sülhün və insanların təhlükəsizliyinin təmin olunması, gender bərabərliyi, sosial-iqtisadi inkişaf, köçkünlərin yenidənqurma və bərpa işləri aparılan yerlərə geri dönüşü ilə bağlı məlumat və fikir mübadilələri, müzakirələr aparıldığını diqqətə çatdırıb.
“Düşünürəm ki, bu cür qarşılıqlı müzakirələrin aparıldığı platformalar Azərbaycanın humanitar minatəmizləmə fəaliyyəti üçün çox önəmlidir. Biz hədəflərimizə çatmaq üçün ANAMA və digər tərəfdaşlar ilə strateji əlaqələrimizi və əməkdaşlığımızı davam etdirəcəyik”, – deyə Suhrob Hocimatov vurğulayıb.
Qeyd edək ki, aprelin 1-də Bakıda Azərbaycan Respublikası Hökuməti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə “Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri” mövzusunda konfrans keçirilib.
Konfrans
insanların həyatı və normal yaşayış şəraiti
üçün mina təhlükələrinin aradan
qaldırılmasında humanitar minatəmizləmə fəaliyyətinin
əhəmiyyətini müzakirə etmək məqsədilə
beynəlxalq ictimaiyyət, mina əməliyyatları üzrə
operator, dövlət qurumları və vətəndaş cəmiyyətindən
olan mühüm simaları hibrid formatda bir araya gətirib.
Azərbaycan.-2022.- 2 aprel.- S.4.