Kəlbəcərlə qoşa
anılan igid
Vətən
Müharibəsi Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı,
şəhid polkovnik-leytenant Anar Əliyevin qəhrəmanlıq
dastanı
Aprel... Sən ey illərlə Kəlbəcər elinin heç qarşılamaq istəmədiyi qaş-qabaqlı bahar ayı... Bilirsənmi, daha gəlişinlə Kəlbəcərin işğalından neçə, neçənci illər keçmir, hər ötən an kəlbəcərli bəxtəvərlər olmamızın üzərinə fəxarətli günlər, aylar, illər əlavə edir...
Bu
xoşbəxtlik isə indi məzarı yanında
dayandığımız Kəlbəcər elinin cəsur
oğlu, Vətən Müharibəsi Qəhrəmanı şəhid
Anar Vaqif oğlu Əliyev və onun timsalında minlərlə
igid Azərbaycan oğlu sayəsində
mümkün olub.
Bu da
Tanrının qismətidir ki, Naxçıvan Əlahiddə
Xüsusi Təyinatlı Qüvvələrinin
polkovnik-leytenantı Anar Əliyev haqqında
hazırladığımız yazı da elə aprel ayına,
1993-cü ilin 2 aprelinin qisasının
alındığını qürurla qeyd etdiyimiz günlərə
təsadüf etdi...
Əfsanəvi kəşfiyyatçının yaşadığı qısa, lakin başdan-başa qəhrəmanlıqlarla dolu ömür səhifələrini doğma ailəsi, ata-anası, həyat yoldaşı, övladları ilə birgə II Fəxri xiyabanda, elə Anarın öz yanında vərəqlədik... Anarlı, Anarsız günlərə bir atanın övlad nisgiliylə, bir ananın yanıqlı bala oxşamasıyla, bir ömür-gün yoldaşının həsrətiylə və bir cüt gül balasının ata harayıyla baş çəkdik... Bəzən sözlər susdu, yalnız gözlərdən çarəsizcə axan göz yaşları danışdı... Bəzən isə bizə qəhrəman şəhidin başı üzərində qürurla dalğalanan üçrəngli bayraqlar, məzarını al dona bürüyən qərənfillər və bir dəstə qızılgül anlatdı Anar Əliyevin qəhrəmanlıq dastanını...
“Şuşanın açarı” Anargilin əlindəydi
...Dan yeri sökülür, üfüqdən boylanan solğun payız günəşi gülümsəyərək axşamdan yağaraq qızılı yarpaqların üzərində jaləyə çevrilən iri yağış damlalarının üzərində bərq vurur. Ətrafda qulaqbatırıcı sükut hökm sürsə də, arabir elə də uzaqda olmayan top, qrad mərmilərinin partlayış səsi bu lal sakitliyi pozub meşədə vahiməli əks-səda yaradır. Səhər ala-qaranlıqda bir dəstə xüsusi təyinatlı səbirsizliklə kiminsə yolunu gözləyir.
Elə bu an ağacların arxasından hündürboylu, enlikürəkli, qartal baxışlı bir zabit - polkovnik-leytenant çıxır və günlərdən bəridir ilk dəfə gözlərində gülüş, üzündə təbəssüm onlara şad xəbəri olduğunu söyləyir: “...Marşrut üzrə bizim qrup artıq 180 kilometr düşmənin dərinliyinə girməyi bacarıb. Bizdən qabaqda heç kim yoxdur. Yəni ki, Şuşaya ilk girən, bu müqəddəs məkana ilk bayrağı sancan bizim qrup olacaq...”
Günlər, həftələr, aylar yox, illər idi ki, bu anı səbirsizliklə gözləyirdi polkovnik-leytenant Anar Əliyev....
İşğalda qalan torpaqlarımızın azadlığının yetişdiyi müqəddəs zamanın həyəcanının və bu şərəfli missiyada özünün də əməyinin olmasının qürurverici həyəcanı içərisindəydi. Cəsur komandirin bu həyatdakı ən böyük arzusu isə öz əlləri ilə üçrəngli bayrağımızı ata yurdu Kəlbəcərə sancmaq idi... Peşəkar döyüşçü bilirdi ki, savaşın taleyini məhz Şuşanın azadlığı həll edəcək və bundan sonra digər tapdaq altındakı ərazilərimiz, o cümlədən doğma yurdu Kəlbəcər qurtulacaq...
Bəli, indi hər şey Anar Əliyevin rəhbərlik etdiyi qrupun qarşıdakı taleyüklü tapşırığı həll etməsindən asılı idi. Onlar müharibəyə qatıldıqları gündən bəri bütün əməliyyatları mükəmməl şəkildə həyata keçirdikləri kimi, indi də Xocavəndin Tuğ kəndi ərazisindəki bir yüksəkliyi, “Şuşanın açarı” adlanan yüksəkliyi düşməndən azad etməli idilər. Əməliyyat hava qaralana planlaşdırılmışdı, buna görə də döyüşçülər həyəcanla axşamın düşməsini gözləyirdilər. Kürəyini qollu-budaqlı nəhəng bir palıda söykəyərək fikrə dalan komandir isə çıxacaqları həlledici tapşırığın uğurla həyata keçirilməsi üçün əməliyyat planının ən kiçik detallarını belə dəfələrlə götür-qoy edir və yaxşı bilirdi ki, düşmən bu yüksəkliyin əhəmiyyətinin fərqindədir, onu ciddi qoruyur. Amma igid komandir qəti qərarını vermişdi: nəyin bahasına olursa olsun, həmin yüksəkliyi düşməndən təmizləyib Şuşanın azadlığına yol açacaqlar, qələbə sevinci yaşayacaqlar...
Sonra... Sonra isə gənc zabit fikrə dalıb buralardan sürətlə uzaqlaşmışdı... Ata yurdu Kəlbəcərə yol almışdı... Övladları Əli ilə Nigarın əlindən tutub qarış-qarış doğma yurdunu gəzdirmiş, göy aynabəndli evlərinə baş çəkmiş, nəğməli Tərtərin zümzüməsinə qulaq vermiş... Ömrünün ən uzaq illərinə qayıtmışdı...
Şərəfli zabit ömrü
Avqustun 28-i 1980-ci ildə Kəlbəcərdə ziyalı ailəsində dünyaya göz açıb Anar Əliyev. Kəlbəcərin ilk sakinlərindən olan “Kalvavəllər” Kərbəlayi Vəlinin nəslinin nümayəndəsi olan Anarın atası Vaqif Əliyev və anası Səkinə Bayramova müəllimdirlər. Buna görə də o kiçik olarkən valideynlərinin iş yeri ilə əlaqədar Ağdərə rayonunun Göyarx kəndinə köçüb, 1988-ci ilə qədər orada rusdilli kənd məktəbində təhsil alıb. Həmin il Qarabağda məlum hadisələr başlayanda ailəsi Tərtər rayonunun Bəyimsarov kəndinə köçüb və Anar təhsilini burada davam etdirib.
9-cu sinifdə oxuyarkən Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olunan Anar 1997-ci ildə liseyi bitirib və həmin il Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olub. 2001-ci ildə ali hərbi məktəbi “qoşun kəşfiyyatı” ixtisası üzrə bitirib, elə həmin il hərbi vəzifəsinə başladıqdan sonra Müdafiə Nazirliyinin əmrinə əsasən, xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisas kursunun dinləyicisi olub.
Anar Əliyev 2012-2014-cü illərdə Silahlı Qüvvələrin Ali Hərbi Akademiyasında təhsilini davam etdirib. 2014-cü ildə Ali Hərbi Akademiyanı bitirərək Müdafiə Nazirliyinin əmrinə əsasən, Naxçıvan Muxtar Respublikasının Hərbi Komandanlığına sərəncama göndərilib. 2018-ci ildə Naxçıvanda baş tutan Günnüt əməliyyatının ən fəal və cəsur iştirakçılarından olan Anar Əliyev döyüşlərdə xüsusi fərqləndiyinə görə “Şücaətə görə” medalı ilə təltif olunub.
Ümumiyyətlə, hərbi sahəyə yönəldiyi zamandan etibarən Anar Əliyev qüsursuz xidmətinə görə daim seçilməyi bacarıb və şərəfli hərbi xidmət yolu keçib. Hərbi məktəbi leytenant çini ilə bitirən Anar Əliyev hərbi xidmətə başlayandan az sonra qüsursuz xidmətinə görə vaxtından əvvəl, yəni 2003-cü ildə baş leytenant, 2007-ci ildə kapitan, 2012-ci ildə mayor, 2015-ci ildə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi alıb. 5 dil (Azərbaycan, türk, ingilis, rus, erməni) bilən Azərbaycan Ordusunun yüksək rütbəli zabiti 2003-2019-cu illər ərzində bir çox beynəlxalq təlim və kurslarda iştirak edib. 2019-cu ildə keçirilən Beynəlxalq Qars təlimində xüsusi təyinatlılara rəhbərliyi Anar Əliyev edib və həmin təlimdə Azərbaycan birincilik əldə edib. Sonuncu dəfə 2019-cu ilin iyulundan 2020-ci ilin yanvarınadək davam edən Pakistanda 5 aylıq kurs keçib.
Zəngilanın işğaldan azad edilməsini Ali Baş Komandana Anar Əliyev məruzə edib
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı Anar Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı briqada komandiri olub. O, müharibənin ilk 13 günü Naxçıvanda olub, 11 oktyabrdan isə İkinci Qarabağ müharibəsində iştirak etməyə başlayıb. Müharibənin Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd cəbhəsində fərqlənib. Anar Əliyevin rəhbərliyi altında gedən döyüşlər və komandirliyini etdiyi xüsusi təyinatlı briqadanın qəhrəmanlığı sayəsində 14 oktyabr tarixində Füzuli və Xocavəndin birlikdə 6 kəndi azad edilib. Anar Əliyevin qrupu Füzuli rayonunda yerləşən Məngələnata dağı və Qacar kəndində yerləşən Şaqriven dağı istiqamətlərində irəliləyərək polkovnik Tehran Mənsimovun qrupuna yol açıb. Anar Əliyevin rəhbərliyi altında Qubadlı istiqamətində üzərində xaç olan strateji yüksəklik də azad edilib.
20 oktyabrda Anar Əliyev Zəngilanın azad edilməsi üçün həyata keçirilən hərbi əməliyyatların rəhbərlərindən biri olaraq Zəngilan şəhərinin azad edilməsi barədə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bir qrup hərbi qulluqçusu ilə birlikdə Ali Baş Komandan İlham Əliyevə məruzə edib. Polkovnik-leytenant Anar Əliyevin komandirlik etdiyi briqadanın da iştirak etdiyi əməliyyatlar nəticəsində, 21 oktyabrda Füzulinin Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri işğaldan tam azad edilib. Həmin gün Xüsusi Təyinatlı Qüvvələrin Komandanlığı tərəfindən Anar Əliyevə Xocavənd-Şuşa istiqamətində Azərbaycan Ordusunun Şuşaya daxil olmasında böyük rol oynayacaq strateji yüksəkliklərin, xüsusilə, “772 metr” yüksəkliyinin, Xocavəndin Tuğ kəndinin azad edilməsi tapşırılıb...
Sonuncu döyüş - əbədi qəhrəmanlıq
...Həmin gün dörd yanları düşmənlə çevrəli olmalarına baxmayaraq, Anar Əliyevin rəhbərlik etdiyi dəstə məharətlə, gözə çarpmadan, həm da qarşıya çıxan düşmən qüvvələrini məhv edə-edə irəliləyib tapşırıq verilən yerin yaxınlığındakı üzüm bağına girirlər. Bu vaxt ətrafı diqqətlə nəzərdən keçirməyə başlayan peşəkar kəşfiyyatçı sövq-təbii ilə nə isə təhlükə olduğunu sezir və qarşıdakı “dot”dan gələn ani səs qulağından yayınmır. Cəsur komandir heyətdən 8-9 nəfər götürərək təhlükəli yeri yoxlamağa gedir. Səngərə ilk girən Anar Əliyev qəfil düşmən əsgəri ilə üz-üzə gəlir və onunla əlbəyaxa döyüşə çıxır. Bu zaman açılan atəş nəticəsində çiynindən ağır yaralanmasına baxmayaraq, düşmənə aman verməyib onu məhv edir...
Lakin bu, Kəlbəcər elinin şücaətli oğlu Anar Əliyevin Vətən müharibəsində sonuncu qəhrəmanlıq döyüşü olur... Döyüş yoldaşları danışırlar ki, Anar Əliyev, əvvəlcə, sağ qolundan, sonra isə gözündən yaralanır. Bu zaman leytenant Adil Əfəndiyev ona ilk tibbi yardım göstərir, lakin yaxınlıqda olan qarşı tərəfin açdığı intensiv atəş və atılan əl qumbarasından aldıqları ağır yaralar nəticəsində polkovnik-leytenant Anar Əliyev və leytenant Adil Əfəndiyev şəhid olurlar.
Cəsur komandir Anar Əliyev şəhadətə ucalsa da qanı, canı bahasına belə olsa, özünə verdiyi sözü yerinə yetirmiş, “Şuşanın açarı” sayılan yüksəkliyi azad etmişdi və şəhadətindən sonra iki gün ərzində də igid döyüş yoldaşları çarpışaraq həmin yüksəkliyi düşmənə verməmiş, əllərində saxlayaraq şanlı Azərbaycan Ordusunun Şuşaya Zəfər yolunu açmışdılar...
Həsrətini necə ovudum, Anar?!
2020-ci il oktyabrın 21-i idi. O gün səhəri
dirigözlü açmışdı Səkinə ana. Gecə
yuxusunu qarışdırmış, görmüşdü ki,
dağda yolu azıb itir, gah da çayda bulanıq sular
arasında qalır... “Ay Allah, sən özün xeyir et”, deyə əl açıb dualar etmiş,
dörd bir yandan beyninə hücum çəkən bəd
fikirlərdən uzaqlaşmağa
çalışmışdı, amma nədənsə ürəyi
heç sakitləşməmiş, nigaranlıqla
çırpınmışdı...
-
Müharibə idi, Anara görə hər an narahat idim, amma
heç zaman ağlıma gəlməzdi ki, bir gün Anar
olmaz, onu xatirələrlə anaram, bircə dəfə
üzünü görmək üçün yuxularıma gəlməsi
üçün yalvararam... O çox şirin, sağlam,
çevik, eyni zamanda da dəcəl uşaq idi. Amma
evdə, məktəbdə həddindən artıq səliqəli
olması, qoyulan qaydalara qarşı həssaslığı,
belə deyək, onun dəcəlliyini ört-basdır edirdi.
Anara nə iş tapşırardın, yarıdardı. O elə
uşaq, yeniyetməlik yaşlarından vətənpərvərliyi
ilə seçilərdi, həmişə qonşu
uşaqlarını yığar, onlar arasında oxumaları,
vətənpərvər olmaları ilə bağlı təbliğat
aparardı... İmanlı insan idi, oruc tutar,
namaz qılardı. Musiqi duyumu vardı,
yaxşı gitara çalardı. O, həyat dolu bir insan
idi... Müharibə dövründə
axırıncı dəfə Anarla danışanda istər-istəməz
səsini eşidəndə kövrəldim. “Anar, səsinə
qurban, necəsən?” deyəndə cavab verdi
ki, “narahat olma, ana, yaxşıyam, vəziyyət elə də
təhlükəli deyil”... Demə, həyatında ilk dəfə
mənə yalan danışırmış... Ömrü
baharında qırıldı Anarımın,
ata-anasının qəddini əydi, gənc həyat
yoldaşı, balaları gözüyaşlı
qaldı... Hər zaman arzu edirdim
ki, Anar qardaş-bacısı ilə birgə son mənzilə
yola salsın məni, amma nə acı taleyim varmış ki,
indi mən el-obadan Anarın başsağlığını
alıram...
Anarın
müqəddəs arzusu yerinə yetib
İllər əvvəl Anar hərbçi olmaq arzusunu
atasına söyləyəndə Vaqif müəllim öncə
buna etiraz etmişdi. O xəyalında Anarı müəllim, mühəndis,
həkim kimi canlandırardı, heç hərbçi
mundirində görməyi təsəvvür edə bilməzdi.
Amma Anarın elə hərbçilərə
xas möhkən inad və iradəsi sayəsində
arxasıyca gedib pillə-pillə qətiyyətlə irəlilədiyi
bu peşəni zamanla çox sevmiş, oğlu ilə
qürur duymağın fərəhindən daim köksü
qabarmışdı.
- Anar orta
məktəbdə oxuyan illərdə bir dəfə onunla
Göyarx kəndinə getmişdik. Anar vaxtilə
qaldığımız evin ermənilər tərəfindən
yandırıldığını görmüşdü.
Demə, o elə həmin gün qəti qərar
veribmiş ki, hərbçi olacaq, düşməndən
qisasını alacaq. Tezliklə o
seçdiyi bu sahədə özünü təsdiq etdi, daim
işində uğurla irəlilədi. 2011-ci
ildə xüsusi tapşırığı yerinə yetirdiyinə
görə Anara “Vətən uğrunda” medalı vermişdilər.
Düşündüm ki, axı müharibə
olmayan bir dövrdə bu medalı o necə alıb? Özündən soruşanda isə o sözü
yayındırdı. Sonradan bildim ki, o, həmin il Kəlbəcərə gedibmiş... Vətən
müharibəsi dövründə 17 oktyabrda
danışdıq Anarla, üstüörtülü dedi ki,
Füzuli tərəfdəyik. Üzərindən heç bir
həftə keçməmiş şəhidlik xəbərini
aldıq... İndi tək təsəllimiz odur ki,
torpaqlarımız işğaldan qurtulub və bu qələbədə
Anarın da böyük payı var. Döyüş
yoldaşları Şuşada bayrağı sancan zaman
Anarın da adını çəkdilər, bilirsiniz, bu necə
qürurverici hiss idi... Anar illərlə bu məqsədə
çatmaq üçün
çalışıb-vuruşmuş, igid əsgər, zabit
yetişdirmişdi ki, Vətəni azad etsinlər.
İndi onun müqəddəs arzusu həyata keçib və
bu bizim təskinliyimizdir...
Ötən
ilin sentyabrında, Anarın ad günündə isə,
hörmətli həmyerlimiz və ziyalımız Qurban Sadıqova müraciət
etdim, onunla birgə Kəlbəcərə səfər edərək
Anarın xatirə lövhəsini doğma yurdumuzda
quraşdırdıq. Düşünürəm ki, illərdir
ürəyində Kəlbəcərə bayraq sancmaq arzusunu
daşıyan Anarın ruhu şaddır, çünki ata
yurdu azaddır...
“Anar
Əliyevin xatirə lövhəsini Kəlbəcərdə
quraşdırdıq”
Kəlbəcərli
olaraq özü də uzun illər məcburi
köçkün həyatı yaşamış, Azərbaycan
Respublikası Nazirlər Kabineti Aparatının məsul
işçisi Qurban Sadıqov söylədi ki, hələ illər öncədən
Anar Əliyevi yaxından tanıyırdı və ondakı
yüksək vətənpərvərlik hisslərinə bələd
idi.
- Hələ
2014-cü ildə, Kəlbəcər rayonunun
işğalının ildönümü ilə əlaqədar
mənim təklifimlə keçirilən tədbirdə Anar
Əliyevin iştirakı və çıxışı barədə
təşəbbüs qaldırmışdım və Nazirlər
Kabinetindən Müdafiə Nazirliyinə məktub
ünvanlamışdıq. O zaman Anar Əliyev tədbirdə
iştirak və çıxış etmiş, vətənpərvərlik
hisslərini bölüşmüş, hərbçi qətiyyəti
ilə tezliklə bütün Qarabağı, o cümlədən
Kəlbəcəri azadlığa qovuşduracaqlarını
söyləmişdi.
2021-ci ilin sentyabrında isə qəhrəman şəhidimizin
atası Vaqif müəllimlə Kəlbəcərə
yollandıq. Şəhərin girəcəyində Böyük Vətən
müharibəsi iştirakçılarının xatirəsinə
ucaldılmış və ermənilər tərəfindən
viran qoyulmuş abidə ilə üzbəüz yerə (vaxtilə
burada erməni separatçıları tərəfindən
abidə kompleksi quraşdırılmışdı və igid
əsgərlərimiz bu qondarma abidəni layiq olduğu kimi
darmadağın ediblər) baxış keçirdik və qərara
gəldik ki, məhz burada bütün Azərbaycan şəhidlərinin
ruhuna gələcəkdə bir abidə ucaldılsın.
Məsləhətləşdikdən sonra Anarın hərbçi
yoldaşları, Xüsusi Təyinatlılar, Kəlbəcər
Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar
Nazirliyinin əməkdaşları ilə birgə qəhrəman
şəhidimiz Anar Əliyevin xatirə lövhəsini həmin
yerdə quraşdırdıq. Zənnimcə, həmin gün
şəhid Anar Əliyevin xatirə lövhəsini ucaltmaqla,
həm də rəmzi olaraq Birinci Qarabağ və Vətən
müharibəsində canlarından keçən bütün
şəhidlərimizi bir daha yad etdik, əziz ruhları
qarşısında baş əydik. Anım tədbirində mən,
Vaqif müəllim və döyüşçü dostu Eldəniz
çıxış edərək Vətən müharibəsində
Azərbaycan tarixinin ən şanlı səhifəsini yazan və
bizi bu torpağa qovuşduran, bu xoşbəxt hissləri
yaşadan Ali Baş Komandan İlham Əliyevə, rəhbərlik
etdiyi şanlı Azərbaycan Ordusunun hər bir
döyüşçüsünə bir daha sonsuz təşəkkürlərimizi
bildirdik.
Cəmi
14 ilə ailə dünyalarına böyük xoşbəxtlik
sığdırmışdılar
Anar
peşəkar hərbçi, cəsur
döyüşçü, amma hər şeydən əvvəl
mükəmməl ailə başçısı, əziz ata
idi... 2006-cı ilin yağışlı bir sentyabr
günündə Anarla Vüsalə
çal-çağırlı toyla ömürlərini birləşdirmiş,
həyat yolunda qoşa addımlamaq üçün birlikdə
yola çıxmışdılar. Düz 14 il,
əsrlərə bərabər xoşbəxt, dolu bir
ömür yaşamışdılar. Ata fərəhi,
ana sevinci duymuşdular. Hər iki gənc
daim bir-birinə dəstək olmuş, çətinlikləri
də birlikdə dəf etmişdilər. Hələ
nişanlı vaxtlarından Anar Vüsaləyə, necə deyərlər,
zabit xanımı olmağın təlimini keçmişdi.
Amma bircə dəfə də olsun ona deməmişdi ki, “hərbçiyəm,
hər şey ola bilər, bir gün gedib qayıtmamaq da var”...
Elə Vətən müharibəsinə yola düşəndə
də Anar Vüsaləyə ayrılıq haqqında bircə
kəlmə də söyləməmişdir...
-
Sentyabrın 27-si Əlinin ad günüdür. Bir gün əvvəl
Anar evə gəlib dedi ki, gedək Əlinin ad
gününü qeyd edək. Getdik, qeyd elədik,
səhər saat 5-də Anar evdən çıxdı. Sonra isə televiziyada müharibənin
başladığını eşitdim. O ilk günlər
müharibəyə yollanmasa da, Naxçıvanda sərhədboyu
xidmətdə idi. Həmin müddətdə evə
cəmi üç dəfə gəldi. Sonuncu dəfə
isə oktyabrın 11-i qəflətən gəldi və dedi ki, gedirəm,
maşın gözləyir məni. Nigarı öpdü, mənimlə
görüşdü, Əli həyətdə
oynayırdı, dedi onu da görüb gedəcəm işə.
Demə, vidalaşmağa gəlibmiş. O
həyətə düşdü, mən də eyvandan
soruşdum ki, “Əlini gördün?” Cavab vermədi,
üzünü çevirib baxmadan maşına oturub getdi.
İndi düşünürəm ki, Anar o anda kövrəlib,
mən görməyim deyə dönüb arxaya
baxmamışdı... O, oktyabrın 12-si axşam artıq
Füzuli istiqamətində döyüşdə idi. Dedi ki,
“sabahdan mənə zəng çatmayacaq, narahat olma,
özüm imkan olan kimi zəng edəcəyəm”. Xeyir-dua
verdim, dedim, “səni qələbə ilə gözləyirik”.
Onun peşəkarlığına, təcrübəli
zabit olmasına o qədər inanırdım ki,
ölümünü heç ağlımın ucundan belə
keçirmirdim. Biz telefonda halallaşdıq, amma yenə
də ağlıma əbədi ayrılıq gəlmədi...
Son dəfə oktyabrın 18-i danışdıq. Oktyabrın
21-də isə şəhid oldu. O gecə Anarı yuxuda
gördüm. Haradasa sahədə, suyun
içində idi. Oyandım, çox
narahat oldum. Anar həqiqətən də
üzümlük sahəsində döyüşdə şəhid
olub.
Ayrılığın
sonu yoxmuş...
Oktyabrın 22-də Vüsalə eşidir ki, Anar
yaralanıb və onu hospitalda görmək üçün
Naxçıvandan yola düşür. Ayın 25-də səhər
tezdən hospitalın həyətinə daxil olanda isə
gördüyü mənzərənin şokundan dünya
gözündə qaralır...
-
Baxdım ki, həyətin ortasına bir tabut qoyulub,
üstündə Anarın şəkli... Sonra nə
olduğunu xatırlamıram... Handan-hana özümə gələndə
düşündüm ki, yox, tabutun içərisindəki
Anar ola bilməz... İnanmasam
belə, ürəyimdə dəhşətli hiss var idi.
Həmin an bir anlıq arxaya çevrildim və
uşaqların necə hönkürtü ilə
ağladıqlarını gördüm. Sanki
onlar o tabutun içərisində ataları olduğunu bilirdilər
və qəbul etmiş bir şəkildə
ağlayırdılar. Mən isə çarəsizcə
onlara baxırdım və o anda onlara təsəlli verəcək
heç bir şey edə bilmədim...
Günlərlə inanmadım ki, Anar şəhid olub, elə
bilirdim ki, o gələcək. Amma zaman keçdi, o gəlmədi...
Deyirlər, zaman yaraları sağaldır, amma
bu belə deyil, sadəcə zamanla artıq onun gəlməyəcəyini
bilirsən və onun olmadığı bir həyata öyrəşməyə
çalışırsan. Mənim üçün zaman
keçməyib və elə yenə də Anarın şəhid
olduğu o anda qalmışam... O mənim həyat komandirim, həyat
müəllimim, həyat dostum, həyat yoldaşım idi. Mən onunla
böyüdüm, amma təəssüf ki, onunla qocalmadım.
İndi məni təsəlli edəcək
birinci Allahın verdiyi səbir, ikincisi övladlarımdır.
Bir də Anarın bu cür qəhrəman olmasının
qürurudur məni yaşadan, çünki qəhrəmanlığın,
şəhidliyin hansı uca zirvə olduğunu yaxşı
bilirəm... Onu da bilirəm ki, Anar cismən
olmasa da, ruhən hər zaman yanımızdadır. Onun mənə ilk hədiyyəsi bir ədəd
qızılgül idi, bu güllərlə mənə öz
ülvi hisslərini bildirmişdi. İndi onun məzarını
ziyarətə ancaq qızıl güllərlə gəlirəm...
Anarın məzarı başında ona
övladlarını görmək istədiyi kimi böyüdəcəyimə,
yarım qalmış arzularını həyata keçirəcəyimə
söz vermişəm. Özümlə bağlı isə
Allahdan tək bir diləyim var: vaxtı gələndə cənnətdə
məni Anara qovuşdursun...
“Anar qədər
tabeçiliyində olanlar tərəfindən sevilən ikinci
komandir görməmişəm”
Polkovnik-leytenant Anar Əliyevin şəhid olması Azərbaycan
Ordusu üçün ağır itki, döyüş
yoldaşları üçün böyük mənəvi
sarsıntı oldu.
“Etiraf edirəm ki, hərbi xidmətim boyu Anar qədər tabeçiliyində olanlar tərəfindən sevilən ikinci komandir görməmişəm” söyləyən Silahlı Qüvvələrin Əlahiddə Ümumqoşun Ordusunun ehtiyatda olan zabiti, polkovnik Etibar Məhərrəmov deyir: “Anar Əliyev işini elə qurar, elə qayda-qanun yaradardı ki, kimsə onda nöqsan tapmazdı. İşlərində həmişə məsuliyyətli olardı. Bu gün Anar özündən sonra özü xüsusiyyətli onlarca zabit yetişdirib. Onlar hansı vəzifələrdə olursa olsun, eyni Anarın dediyi kimi, etdiyi kimi edəcəklər. Çünki onların müəllimi Anar olub”.
25 oktyabr 2020-ci ildə II Fəxri xiyabanda torpağa tapşırılan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri şəhid Anar Əliyev ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Həmçinin “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Vətən müharibəsi başlayana qədər Anar Əliyev fərdi usta dərəcəsinə layiq görülüb və 11 medalla təltif olunub. Prezidentin sərəncamına əsasən, Gəncə şəhərinin Gülüstan qəsəbəsində yerləşən Kəlbəcər rayonu 2 nömrəli tam orta məktəbə Anar Əliyevin adı verilib.
“Atam
üçün burnumun ucu göynəyir”
Şəhadəti
ilə Kəlbəcər elini, bütün Azərbaycan
xalqını yasa boğan Anar Əliyev
ömrünün ən qaynar çağında həyatla
vidalaşsa da, bu qısa zaman səlnaməsinə qəhrəmanlıqlarla
dolu şanlı səhifələr həkk edib. Elə buna
görə də, Vətən uğrunda saysız
döyüşlərdə mərdliklə vuruşub şəhidlik
zirvəsinə ucalan Anar Əliyevin fəxarətli, eyni dərəcədə
də qüssəli ömür yolunu nə bir yazıya
sığdırmaq mümkündür, nə də
yazılacaq minlərlə yazı ilə Anarsızlıq
acısını yaşayan doğmalarının ürəyindən
o kədəri silmək...
Elə
biz də məzarın başında doğmalarınla
görüşəndə ürəyidağlı o insanlara
heç bir təsəlli verə bilmədik, qəhrəman
şəhid... Övladın Nigar dedi ki, “atam üçün
burnumun ucu göynəyir, mən atamın zəfərlə
qayıdışını gözləyirdim. Onu
qarşılamaq üçün o qədər fikirlərim,
planlarım var idi ki... Amma hamısı ürəyimdə
qaldı...” Əli isə
söylədi ki, “şahmat oynamağı atam öyrədib mənə,
onunla üzməyə gedərdik, birlikdə gəzərdik...
İndi isə, bəzən yuxuma gəlir atam,
qarşımda oturur. Amma mən ona söz deyirəm, o
sadəcə baxır, heç nə demir...” Susuruq, bu körpələrə
təskinlik verməyə sözlərin gücü yetmir... Amma elə sən özün fəxarətli
adınla, şərəfli həyatınla bir ömür təsəllisən
doğmalarına, əzizlərinə, el-obana. Hər
zaman səninlə qürur duyuruq, Kəlbəcər elinin cəsur
igidi, Vətənin qəhrəman oğlu Anar Əliyev, ruhun
şad olsun!
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2022.- 2 aprel.- S.7.