Ərzaq təhlükəsizliyinin
vacibliyi gündəmdədir
Ölkəmizdə bu istiqamətdə ciddi tədbirlər
görülür
Məlum olduğu kimi, Rusiya-Ukrayna silahlı qarşıdurması dünyada ərzaq təhlükəsizliyi problemini bir daha aktuallaşdırıb.
Hətta bəzi ölkələrdə artıq ərzaq məhsulları çatışmazlığı yaranıb, bəzilərində isə bahalaşma baş verib ki, bu da təbiidir. Çünki bir tərəfdən hər iki ölkənin bir çox strateji kənd təsərrüfatı məhsullarının böyük ixracatçısı olması, digər tərəfdən də neft və təbii qazın sürətlə bahalaşması ərzaq məhsullarının qiymətinə təsirsiz ötüşməyə bilməzdi.
Ümumiyyətlə, BMT-nin
Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının
hesablamalarına görə, son iki ildə bütün kənd
təsərrüfatı məhsullarının qiyməti
yüksək sürətlə bahalaşıb. Bu, əhalinin
artması və qeyri-sabit hava şəraiti ilə izah edilir. Eyni zamanda
dünya miqyasında enerji daşıyıcıları
ilə bərabər,
ərzaq məhsulları
da artıq siyasi oyunların alətinə çevrilir.
Bütün bunlar, o cümlədən
dünyada baş verən son hadisələr
isə dövlətləri
ərzaq təhlükəsizliyi
barədə daha ciddi düşünməyə
vadar edir.
Azərbaycanda bu sahədə vacib addımlar atılır. Aqrar sahədə islahatlar aparılır, kənd təsərrüfatında çalışan
fermer və sahibkarlara hər cür dəstək verilir. Bunun sayəsində aqrar
sektorda məhsul istehsalını iki dəfədən çox
artırmaq mümkün
olub. Hazırda biz qoyun ətinə
olan tələbatın
100, mal ətinə olan
tələbatın isə
80 faizini yerli istehsal hesabına ödəmək imkanına
malikik. Bununla yanaşı, toyuq
əti və yumurta, həmçinin süd və süd məhsulları ilə özümüzü
80 faiz təmin etmək iqtidarındayıq.
Meyvəçilikdə və
üzümçülükdə isə məhsul istehsalının iki dəfə artırılmasına
nail olmuşuq.
Lakin məlumdur
ki, Azərbaycan əsas ərzaq məsulu olan buğda ilə hələ ki, özünü tam təmin
edə bilmir. Buna görə
də hər il təxminən 1 milyon 200 min - 1 milyon 300 min
ton buğda idxal etməyə məcburuq. Doğrudur,
son dövrlər istehsalı
artırmaqla idxalı
azaltmaq üçün
təsirli tədbirlər
görülür. Əkin
sahələrinin suvarılması
üçün yeni su kanalları çəkilir, yeraltı
sulardan istifadəni genişləndirməkdən ötrü
subartezian quyularının
sayı artırılır,
şum çıxarılması
və taxılın biçilməsi üçün
müasir kənd təsərrüfatı texnikaları
alınır. Həmçinin fermerlərin gübrə təminatı yaxşılaşdırılır
ki, məhsuldarlıq yüksək olsun. Əlbəttə, icra edilən
intensiv tədbirlər
nəticəsiz qalmır.
Belə ki, son dövrlər hər hektardan əldə edilən məhsul əvvəlki illərə nisbətən
artaraq 32 sentnerdən çoxdur. İri fermer təsərrüfatlarında
və aqroparklarda bu rəqəm hətta 50-60 sentnerə çatır. İşğaldan azad edilən bərəkətli torpaqların
da əkin dövriyyəsinə daxil
edilməsi məhsul istehsalını artıracaq
ki, bu da
idxaldan asılılığı
xeyli azaltmağa imkan verəcək.
Ölkəmizdə taxıl istehsalını artırmaq məqsədilə
bu sahə ilə məşğul olan fermerlərə hər cür dəstək göstərilir. Kənd Təsərrüfatı
Nazirliyinin məsul işçiləri və
mütəxəssisləri bu məqsədlə bölgələrə səfər
edib müxtəlif görüşlər keçirirlər.
Görüşlərdə taxıl əkini
sahələrinin mövcud
vəziyyəti, payızlıq
əkinlərinə görə
subsidiyaların verilməsi,
suvarma məsələləri,
gübrə ilə təminat, əkin sahələrində alaq otlarına və zərəvericilərə qarşı
mübarizənin təşkili,
yazlıq əkinlərinə
hazırlıq və onu vaxtında başa çatdırmaq məsələləri müzakirə
olunur.
Məlumdur ki, taxıl sahələrində aqrotexniki qulluq tədbirlərinin düzgün aparılması məhsuldarlığın artmasına müsbət təsir göstərən əsas faktorlardandır. Odur ki, fermerlər sahələrə gübrə verərkən normativlərə düzgün əməl etməlidirlər. Hazırda ölkəmizdə taxıl sahələrində karbamid gübrəsindən geniş istifadə olunur. Bu gübrə növünün əvvəllər istifadə olunan ammonium şorasından bir sıra üstünlükləri var. Karbamid gübrəsi bitkinin kollanma əmsalını artırır ki, bu da bitkinin yaşılqalma müddətini uzadır. Belə hal taxıl sahələrində dənin daha yaxşı dolmasına, sünbülün yaxşı inkişaf etməsinə, həmçinin keyfiyyət göstəricilərinin yüksəlməsinə səbəb olur.
Yüksək məhsul istehsalı üçün keyfiyyətli toxumlardan istifadə də çox önəmlidir. Dünya təcrübəsi göstərir ki, toxum nə qədər keyfiyyətli olsa, məhsuldarlıq da o qədər yüksək olar. Hazırda ölkəmizdə heç də bütün fermerlər yüksək məhsuldar toxumlardan istifadə edə bilmir. Bunun əsas səbəbi belə toxumların qiymətinin yüksək olmasıdır. Ancaq tədricən onlar bu toxumlardan istifadəyə üstünlük verirlər. Çünki belə toxumlardan istifadənin müsbət nəticəsi göz qabağındadır.
Fermerlərə dövlət tərəfindən subsidiyaların ilin əvvəlindən ödənilməsi də müsbət haldır. Taxılçılar dövlətin bu qərarından razıdırlar. Belə ki, onlara ayrılan həmin vəsaitdən vaxtında gübrə, pestisid, toxum kimi kənd təsərrüfatı istehsalı vasitələrini almaq mümkündür.
Son vaxtlar havaların yağmurlu keçməsi də taxılçılıqda məhsuldarlığın yüksək olmasına imkan yaradacaq. Bu, xüsusilə məhsuldarlığın aşağı olduğu dəmiyə əkin sahələrində yüksək nəticəni təmin edəcək. Çaylarda suyun səviyyəsinin qalxması da anbarlarda su ehtiyatını artırır. Bu, havalar isti olan vaxtda geniş şəkildə suvarmanın həyata keçirilməsinə imkan yaradacaq.
Rüstəm KAMAL,
Azərbaycan.-2022.- 2 aprel.- S.8.