Gəncədə soyqırıma həsr olunmuş elmi-praktik konfrans keçirilib

 

Gəncədə Şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə bölməsinin birgə təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir.

Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztür, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, ADAU-nun rektoru İbrahim Cəfərov, GDU-nun rektoru Yusif Yusifov, idarə-müəssisə və təşkilat rəhbərləri, şəhər ziyalıları, tələbə-gənclər iştirak etmişlər.

Soyqırımı qurbanlarının və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edildikdən sonra konfrans öz işinə başlamışdır.

Çıxış edən Niyazi Bayramov diqqətə çatdırmışdır ki, qədim tarixə malik olan Azərbaycan xalqı müxtəlif zamanlarda böyük faciələr və soyqırımları ilə üzləşib: “Bu dəhşətli hadisələrdən biri də 1918-ci ilin mart-aprel aylarında yaşanıb. Ermənilərin azərbaycanlılara qarşı soyqırımları 20-ci əsrin sonlarında bir daha təkrarlanıb. 1992-ci ilin fevralında isə ermənilər Xocalıda yerli əhaliyə qarşı yenidən soyqırım törədiblər.

Natiq qeyd etmişdir ki, 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya çatdırılması işinə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla 1918-ci il 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Akademik Fuad Əliyev də çıxışında bildirmişdir ki, sözügedən fərman böyük tarixi əhəmiyyət daşıyır: “Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və onlar əcnəbi dillərə tərcümə olunmuşdur. Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılmışdır. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir”.

Baş konsul Zeki Öztürk isə söyləmişdir ki, xüsusi vəhşiliklə törədilən bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün türk dünyasına qarşı nifrətin təcəssümüdür: “Bu, bütün türk dünyasının problemidirbuna görə də Türkiyə azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması məsələsində həmişə Azərbaycanla eyni mövqedə dayanır”. Bir sıra tarixi faktlara da nəzər salan Zeki Öztürk faciə qurbanlarının xatirəsini ehtiramla yad etdiyini bildirmiş, bütün şəhidlərə Allahdan rəhmət diləmişdir.

Konfransın davamında “31 Mart soyqırımının Azərbaycan ədəbiyyatında əks sədası”, “31 Mart soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir”, “Ermənilərin soyqırım siyasətinin tarixi kökləri”, “Azərbaycanlıların soyqırımına hüquqi-siyasi qiymət verilməsi” və “31 mart soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir” mövzularında məruzələr dinlənilmişdir.

Yekunda konfrans iştirakçıları adından bəyanat səsləndirilmişdir.

 

 Sabir ƏLİYEV,

Azərbaycan.-2022.- 2 aprel.- S.10.