Minsk qrupu heç kimə lazım deyil

 

Artıq həmsədr dövlətlər də bu missiyanın öz əhəmiyyətini itirdiyini qəbul edirlər

 

ATƏT-in Minsk qrupu öz fəaliyyətində beynəlxalq hüquqa əsaslanırdı. Lakin  bu missiya heç vaxt öz mandatına uyğun fəaliyyət göstərə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail ola bilmədi.

Minsk qrupunun həll etməli olduğu problemi isə 2020-ci ilin Vətən müharibəsində Azərbaycan hərbi yolla həll etdi.

Vətən müharibəsi günlərində də Minsk qrupunun həmsədrləri 28 ildə səsləndirdikləri kimi problemin sülh yolu ilə həllinin vacibliyini önə çəkirdilər. Hansı ki, o sülhü onlar heç vaxt təmin edə bilmədilər. Baxmayaraq ki, bunun üçün kifayət qədər aydın və konkret əsaslar var idi. Bu sülhün əldə edilməsinin yolları beynəlxalq hüquqla  dəqiq təsbit olunmuşdu. Elə buna görə də hələ 2020-ci ilin dekabrında Minsk qrupunun FransadanABŞ-dan olan həmsədrlərini qəbul edən Prezident İlham Əliyev Minsk qrupunun 28 il ərzində problemin həllində heç bir rol oynamadığını birbaşa onların özlərinin diqqətinə çatdırmışdı.

Cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev bir daha bu mövzuda danışaraq deyib: "Biz bu münaqişəni özümüz həll etdik. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur. Bu haqda çox danışmaq istəməzdim. Nəticə göz qabağındadır və bir daha demək istəyirəm ki, nəticə sıfır və Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib".

Bir neçə gün əvvəl isə Rusiya tərəfi xatırladıb ki, VaşinqtonParis ATƏT-in Minsk qrupu həmsədrlərinin "üçlüyü" çərçivəsində Moskva ilə bütün əlaqələri dayandırıblar. Bu barədə danışan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev yeni qisimdə - məhz Rusiya Federasiyası xarici işlər nazirinin Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılmasına kömək məsələləri üzrə xüsusi nümayəndəsi kimi öz işini davam etdirəcək.

Rusiyanın xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayevin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının təşviqi üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilməsi Kremlin Minsk qrupu formatından uzaqlaşaraq xüsusi nümayəndəlik institutuna üstünlük verdiyini göstərir. Xüsusi nümayəndəlik institutu isə sırf Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsi ilə məşğul olacaq.

Digər tərəfdən, bu yaxınlarda İrəvana səfər etmiş ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bris Rokfeylininregiona tamam başqa statusla gəlməsi artıq Minsk qrupunun keçmişdə qaldığını göstərir. Ermənistan rəsmiləri və KİV-i onu Minsk qrupunun  həmsədri kimi təqdim etsələr də, Rokfeylin İrəvana həmsədr kimi yox, Fransa Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı Proqramı üzrə nümayəndəsi kimi səfər etdiyi məlum olub.

Artıq üçtərəfli görüşlərdə, qəbul olunan bəyanatlarda Minsk qrupunun adı belə çəkilmir. Beləliklə, Minsk qrupu artıq proseslərdən kənardadır. Bütün bunlar isə Azərbaycan Prezidenti İlham Əliyevin Minsk qrupunun artıq mandatının de-fakto etibarsız olduğu haqda fikrini bir daha təsdiq edir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 16 aprel.- S.5.