Çörək təknəmizin boş qalmaması üçün

 

 

Tərtər taxılçıları bütün imkanlarını səfərbər ediblər

 

 

 

Çörək dünyada yaşayan bütün xalqlar üçün müqəddəs nemətdir. Azərbaycan xalqı da istisna deyil. Bizdə çörək müqəddəs əvəzsiz nemət sayılır. Yerə düşmüş çörəyi götürüb öpərək gözümüzün üstünə qoyan, ona and içən biz deyilikmi?!

30 ildən artıq bir müddətdə torpaqlarımızın 20 faizdən çoxu işğal altında olduğu bu gün onların minalardan təmizlənməsi işi davam etdiyinə görə ölkəmiz özünü tam şəkildə bu qiymətli ərzaq məhsulu ilə təmin edə bilmir. İndiyədək taxılı əsasən Rusiyadan Ukraynadan idxal etmişik. Hazırda bu ölkələr arasında baş verən məlum hadisələr üzündən biz öz ölkəmizdə taxıl istehsalına daha ciddi fikir verməli, mövcud əkin sahələrinin məhsuldarlığını artırmalıyıq.

Hazırda taxıl əkinlərinin becərilməsi davam edir. Tərtər Rayon Aqrar İnkişaf Mərkəzinin əməkdaşları vaxtaşırı fermerlərlə görüşür, onlara məsləhətlər verir, həmçinin mərkəzdə mütəxəssislərin iştirakı ilə seminarlar təşkil edirlər.

Keçən ilin məhsulu üçün rayonda 8800 hektar sahədə taxıl toxumu əkilmişdi. Bunun 5295 hektarı buğdanın, 3505 hektarı isə arpanın payına düşürdü. Ötən il rayon üzrə məhsuldarlıq 40,6 sentner olmaqla hər hektardan 42,9 sentner buğda, 37,9 sentner arpa götürülüb. Hektardan 40 sentnerdən artıq məhsul götürən fermerlərdən Emin Qurbanovun, Fazil Vəliyevin, Habil İbrahimovun təcrübəsi göstərir ki, tərtərlilər taxılın becərilməsində zəngin təcrübə toplayıblar bu işi daha da inkişaf etdirmək üçün potensial imkanlar var. Dövlət dəstəyi taxılçılığa marağı daha da artırır. Belə ki, ötən il hər hektar buğda sahəsinə görə 200, arpanın hər hektarına görə isə 160 manat subsidiya verilib.

Ötənilki uğurlardan danışarkən bir məsələni qeyd etmək lazımdır. Tərtərdə bu sahədə iriorta fermerlər olsa da, taxıl əsasən kiçik pay torpaqlarında, ailə təsərrüfatlarında əkilir. Hamının təknəsində çörək olması arzusundan onlar ildən-ilə növbəli əkinə fikir vermir, yalnız buğdaya arpa əkir, gübrələrdən, ziyanvericilərə qarşı dərman vasitələrindən istifadə etmirdilər ki, bu da nəticədə torpaqların məhsuldarlığının aşağı düşməsinə gətirib çıxarmışdı. Amma son illər aparılan maarifləndirmə tədbirləri öz nəticəsini verməkdədir. Artıq nəinki iri, eləcə də kiçik təsərrüfatlarda növbəli əkinə əməl olunur, eyni zamanda lazımi aqrotexniki tədbirlər vaxtında yerinə yetirilir.

Ötən ilin payızında Tərtərdə 2022-ci ilin məhsulu üçün 8706 hektarda taxıl toxumu əkilib ki, onun da 4276 hektarı buğda, 4430 hektarı isə arpadır. Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Arif Behbudov söhbət zamanı bildirdi ki, qış aylarında havalar o qədər əlverişli keçməsə də, bitiş suyunun verilməsində çətinliklər olmadı: “Taxıl sahələri həm subartezian quyularının vastəsilə, həm də son iki ildə Suqovuşan su anbarından arxlarımıza gələn su vastəsilə suvarıldı. Bu sudan xüsusilə Hüsənli, Azadqaraqoyunlu, Mamırlı, Yuxarı Qapanlı kəndlərinin fermerləri daha çox istifadə edirlər”.

Taxılçılıqda məhsuldarlığa təsir edən daha bir yenilik isə xaricdən gələn gübrələrdən asılılığın aradan qaldırılması ilə bağlıdır. Hazırda ölkəmizdə istehsal olunan karbomid gübrəsindən istifadə edilir ki, bunun da taxıl bitkisinin kollama fazasında verilməsi olduqca vacibdir. Gübrə verilməsindən sonra sahələrə ziq-zaq mala çəkilir. Bu da havalanma prosesini yaxşılaşdırır. Zərərvericilərə qarşı mübarizədə isə fermerlər özləri diqqətli olmalıdırlar. Taxıl zəmiləri vaxtaşırı yoxlanılıb, rast gəlinən zərərvericilərə qarşı vaxtında lazımi tədbirlər görülməlidir.

Arif Behbudov onu da bildirdi ki, cari ildə həm buğda, həm arpa əkinlərinin hər hektarı üçün 210 manat subsidiya veriləcək. Dövlət tərəfindən verilən subsidiyalar artıq fermerlərin kartlarına köçürülübbu davam edir.

Taxılçılıq hər zaman Tərtərin iqtisadiyyatının əsasını təşkil edib. Lakin bugünkü reallığın fonunda bu məsələ daha da aktuallaşıb. Odur ki, həm fermerlər, həm də bu sahənin mütəxəssisləri cari ilin məhsulu üçün sözün həqiqi mənasında inamlı mübarizə aparmalıdırlar.

 

 

 

Lazım QULİYEV,

Azərbaycan.-2022.- 3 aprel.- S.5.