Böyük qayıdışa maneə yaradan yalnız minalardır

 

 

Qarabağ və Şərqi Zəngəzura Böyük qayıdışın başlanacağı günə çox az vaxt qalır. Hazırda işğaldan azad olunan torpaqlarımızda tikinti-quruculuq işləri ilə yanaşı, ərazilərin minalardan təmizlənmə prosesi davam etdirilir. Tikinti işlərinin sürətlə aparılmasına, həm də kommunikasiyaların çəkilməsinə maneə yaradan yalnız  minalardır. Hansı ki, düşmən o əraziləri 30 il ərzində mina və partlamamış sursat məzarlığına çevirib.

 

 

 

Bu problem qlobal səviyyədə səylərin birləşdirilməsini şərtləndirir

 

 

 

Azərbaycanın 2030-cu ilədək milli prioritetləri sırasında azad edilmiş ərazilərin bərpası və bu ərazilərə həyatın qaytarılması əsas strateji hədəflərdən biri kimi müəyyən edilib. Bu barədə aprelin 1-də Bakıda Azərbaycan Respublikası hökuməti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə “Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri” mövzusunda keçirilən konfransda məlumat verilib.

Məlum olub ki, 2020-ci il noyabrın 10-dan bu günədək 23 min hektardan çox ərazi təmizlənib, 55 mindən çox mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. Bunlardan 10 mini tank əleyhinə mina, 19 mini piyada əleyhinə mina, 26 mini isə partlamamış hərbi sursatlar olub. Azərbaycanda minatəmizləmə fəaliyyətinin məhz bərpa və quruculuq işləri ilə paralel, əlaqələndirilmiş aparılması özlüyündə bu fəaliyyətin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlılığının əyani göstəricisidir. Azərbaycanın təcrübəsi, həmçinin mina probleminin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində nə dərəcədə ciddi maneələr yaratdığının bariz nümunəsidir.

Dünyanın 34 ölkəsindən 150 iştirakçının qatıldığı toplantı mina probleminin, onun törətdiyi nəticələrin və fəsadların qlobal miqyasda işıqlandırılması və gündəmə gətirilməsi baxımından növbəti fürsət idi. Sirr deyil ki, bu günminalar və müharibələrin qalıqları dünyanın bir çox bölgəsində sülhə, insanların həyat və sağlamlığına, inkişafına və tərəqqisinə ən ciddi təhdid və maneələrdən biri olaraq qalır. Təbii ki, beynəlxalq miqyasda mövcud olan bu cür problem məhz qlobal səviyyədə səylərin birləşdirilməsini şərtləndirir.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, minalar, müharibənin partlamamış hərbi qalıqları münaqişələr bitdikdən sonra onilliklər boyu sülhə, inkişafa böyük əngəl törədir. Münaqişədən sonrakı dövrdə minaların təmizlənməsi önəmli problem olaraq qalır. Azərbaycan əraziləri işğaldan azad olunandan sonra minalardan və partlamamış hərbi sursatlardan çirklənmə baxımından dünyada ən yüksək yerlərdən birini tutur. Hazırda ərazilərimizdə ağaclar əvəzinə minalar var. Əlbəttə ki, Azərbaycan hökuməti bunun əksini edəcək.

 

 

 

Avropa İttifaqı ANAMA-ya 2,5 milyon avro məbləğində yardım göstərib

 

 

 

Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycan hökumətinin əsas məqsədi vətəndaşların öz doğma yurdlarına təhlükəsiz şəkildə qayıtmasıdır. Bu qayıdışın hansı müddətdə baş verməsi ərazilərin minalardan təmizlənməsindən asılıdır. İşğaldan azad olunmuş ərazilərdə indiyədək 30-dan çox şəxs minaya düşərək həlak olub. Ermənistan Azərbaycana minalanmış ərazilərin xəritələrini təqdim etsə də, onların dəqiqliyi 25 faiz təşkil edir.

Xatırladaq ki, Azərbaycanın ardıcıl tələblərindən və beynəlxalq təzyiqlərdən sonra Ermənistan işğaldan azad edilmiş ərazilərin minalanmış sahələrinin formulyarlarını ölkəmizə təqdim etdi. Ermənistan tərəfi müvafiq beynəlxalq məhkəmə işləri çərçivəsində məsuliyyətdən yayınmaq məqsədi ilə, guya, bütün mina sahələrini əhatə edən formulyarların verildiyini iddia etsə də, bu sənədlər işğaldan azad edilmiş əraziləri tam əhatə etmir və ciddi problemlər yaradır.

Ermənistanın daha öncə Ağdam, Füzuli və Zəngilan rayonları üzrə verdiyi mina sahələri üzrə məlumatların dəqiqliyi, ən yaxşı halda, 25 faiz təşkil etdi. Təqdim olunan formulyarlar hərtərəfli təhlil olunduqdan sonra onların nə dərəcədə dəqiq olmasını söyləyə bilərik. ANAMA və Müdafiə Nazirliyinin apardığı təhlil və emal işləri isə göstərir ki, verilmiş xəritələr yenə də minalanmış bütün əraziləri tam əhatə etmir və gerçək vəziyyəti düzgün əks etdirmir.

Tədbirdə o da bəlli olub ki, Avropa İttifaqı ANAMA-ya 2,5 milyon avro məbləğində yardım göstərib. Bunun 1,5 milyonu humanitar məqsəd - minalardan təmizlənmə üçün nəzərdə tutulub. Bundan əlavə, UNICEF vasitəsilə 500 min avro məbləğində vəsait ayrılıb. O deyib ki, Aİ minalardan təmizlənmə sahəsində ANAMA-nı dəstəkləyir, BMT-nin İnkişaf Proqramı ilə sıx əməkdaşlıq edir, öz təcrübələrini bölüşür. Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında ekoproqram çərçivəsində əməkdaşlıq mövcuddur.

Bu tədbir uzunmüddətli sülhsosial-iqtisadi inkişaf üçün humanitar minatəmizləmə fəaliyyətinin potensialı ilə 2030-cu ildə davamlı inkişaf gündəliyinin nailiyyəti arasındakı əlaqələri, hər yerdə zorakılığın və onunla bağlı ölüm hallarının bütün formalarını əhəmiyyətli dərəcədə azaltmağa çalışan 16-cı Dayanıqlı İnkişaf Məqsədini araşdırıb.

Bundan əlavə, məcburi köçkünlərin öz doğma yurdlarına Böyük qayıdış adı altında qaytarılması “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” proqramının mühüm tərkib hissəsidir ki, bu zaman Dayanıqlı İnkişaf Məqsədləri vətəndaşların Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərinə davamlı şəkildə köçürülməsində əsas sütuna çevrilir.

Azərbaycan bu gün öz daxili imkanlarına sığınıb problemlərini həll etməyə çalışır, amma heç kəs unutmalı deyil ki, bu, təkcə Azərbaycanın problemi deyil, bu həm də  ümumbəşəri qorxunc reallıqdır və problemin həllinə hər kəsin qatılması vacibdir.

İnanırıq ki, 44 günə düşməndən azad edilən torpaqlarımız elə qısa zamanda da gözəgörünməz düşməndən azad ediləcək və dövlətin Böyük qayıdış planı reallaşmağa başlayacaq.

 

 

Rəşad BAXŞƏLİYEV,

 Azərbaycan.-2022.- 3 aprel.- S.5.