Britaniyalı parlamentarilər: Bölgədə dayanıqlı sülhün və əməkdaşlığın bərqərar olması vacibdir

 

Aprelin 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Səməd Seyidov regionda yaranmış reallıqlardan, dayanıqlı sülhün və əməkdaşlığın bərqərar olmasının vacibliyindən danışıb, azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işləri barədə məlumat verib.

Görüşdə iştirak edən deputatlar Nigar ArpadaraiErkin Qədirli Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğalda saxlamasının acı nəticələrindən bəhs ediblər. Deputatlar bu nəticələrin aradan qaldırılması istiqamətində görülən işlər, Azərbaycan ilə Ermənistan arasında aparılan sülh prosesinin inkişafı, perspektivləri barədə fikirlərini bölüşüblər.

Qonaqlar Baron Bryus Malkolm Qrey, Lord Donald Robin Alers XenkiFaultless Julian bölgədə dayanıqlı sülhün və əməkdaşlığın bərqərar olmasının vacibliyini vurğulayıb, Azərbaycanla Birləşmiş Krallıq arasında inkişaf etməkdə olan münasibətlər barədə fikirlərini səsləndiriblər.

Sonra görüşdə tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2022.-19 aprel.- S.2.