Səməd Seyidova “Qazaxıstan Respublikasının müstəqilliyinin 30 illiyi” medalı təqdim edilib

 

Aprelin 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə səfir iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfələrə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin adından Səməd Seyidova “Qazaxıstan Respublikasının müstəqilliyinin 30 illiyiyubiley medalını təqdim edib.

Komitə sədri Səməd Seyidov Qazaxıstan Prezidentinə və xalqına təşəkkürünü ifadə edib. O, Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini, iki dost ölkənin mühüm məsələlərdə bir-birini dəstəklədiyini qeyd edib. Bildirib ki, Azərbaycanla Qazaxıstanı tarixi dostluq-qardaşlıq telləri bağlayır. Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, humanitar, mədəni və digər sahələrdə əlaqələr uğurla inkişaf edir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən söz açan S.Seyidov məhz bu Zəfər sayəsində ölkəmizin işğala son qoyaraq öz ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb.

Söhbət zamanı hər iki ölkənin qanunverici orqanları arasında münasibətlərin səviyyəsindən, parlamentlərarası dostluq qruplarının fəaliyyətindən məmnunluq ifadə olunub.

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir Serjan Abdıkərimov ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini deyib. Brüssel anlaşmasından söhbət açan diplomat Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının uğurla nəticələnəcəyinə inamını bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

 

Azərbaycan.- 2022.-19 aprel.- S.2.