"Xarıbülbül" indi də
dünyanı Şuşada toplayacaq
Mədəniyyət paytaxtımızda keçiriləcək
"Xarıbülbül" Musiqi
Festivalında müxtəlif ölkələrin folklor kollektivləri də
çıxış edəcəklər
"...Gələn ay Şuşada "Xarıbülbül" festivalı yenidən keçiriləcək..."
Prezident İlham Əliyev bu müjdəni Azərbaycan xalqına aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə verdi. Ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu festivalda Azərbaycanda yaşayan xalqların öz istedadını nümayiş etdirdiyini vurğulayan dövlət başçısı bildirdi ki, biz festivalda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən folklor kollektivlərini də dəvət etmişik: "Artıq məndə ilkin məlumat var, vaxtından qabaq anons vermək istəmirəm, amma hesab edirəm ki, çox maraqlı festival olacaqdır. Artıq bu ənənəni də biz bərpa etmişik".
Bəli, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfər Qarabağda tarixi ənənələrimizin və mədəni tədbirlərimizin də bərpasına yol açıb. Bu gün işğaldan azad olunan torpaqlarımız quruculuq meydanına, Şuşa isə mədəniyyətimizin mərkəzinə, paytaxtına çevrilib. Şuşada gerçəkləşən mədəniyyət tədbirlərinin ilk carçısı isə ötən ilin 12-13 may tarixlərində Cıdır düzündə gerçəkləşən "Xarıbülbül" Musiqi Festivalı olub.
Uzun sürən nisgildən sonra mənəvi
qibləmizə qovuşduq
Şuşa xoşbəxt idi...
İllərdən sonra Qarabağın qızıl qəsri başına bağladığı dumandan çalmasını açıb Günəş kimi ətrafa fərəh saçırdı...
Dağlarının döşünü al qırmızı lalələrə bürüyüb, büllur bulaqları ilə çağlayır, azadlığının qüruru, doğma el-obasının hənirini duymağın bəxtəvərliyini yaşayırdı...
Biz isə İlahi sevinc içərisindəydik...
Uzun sürən həsrətdən, nisgildən sonra mənəvi qibləmizə qovuşmuşduq. Azərbaycanın sıldırımlar üzərində inşa edilmiş ən uca şəhərində, Cıdır düzündə dayanıb Topxananı, bütövlükdə Qarabağı seyr edirdik. Köksümüzdə qürur hissi, dilimizdə şükranlıq duası, qulaqlarımızda Azərbaycan muğamının dalğa-dalğa Tanrı dərgahına ucalan sədaları, gözlərimizdə sevinc gözyaşları...
Düz bir qərinədən sonra sevginin simvolu xarıbülbülün vətəninə, yenidən möhtəşəm "Xarıbülbül" Musiqi Festivalını keçirməyə yığışmışdıq...
Mədəniyyət paytaxtımızın mənəvi, mədəni ruhunun da özünə qayıtdığını qeyd etmək üçün...
Azərbaycanda yaşayan bütün xalqların birliyinin, bərabərliyinin Şuşa təntənəsini nümayiş etdirmək üçün...
Ən əsası, işğalçı, faşist xislətli erməni mənfurlarının rəzil ayaq səslərinin bir daha əzəli və əbədi yurdumuzda eşidilməyəcəyinin fəxarətli qürurunu yaşamaq üçün...
Möhtəşəm ənənə bərpa edildi
"...Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra "Xarıbülbül" Musiqi Festivalı Şuşada hər il keçiriləcək". Azərbaycan Prezidenti İlham Əliyev bu fikri ötən il Qarabağımızın baş tacında təşkil olunan möhtəşəm "Xarıbülbül" Musiqi Festivalının açılışındakı çıxışı zamanı səsləndirmiş və bu günü ölkəmizin tarixində əlamətdar gün kimi dəyərləndirərək vurğulamışdı ki, ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər: "Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi".
30 illik fasilədən sonra Şuşada Cıdır düzündə təşkil olunan "Xarıbülbül" Musiqi Festivalının ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı "Azərbaycan musiqisində multikulturalizm" mövzusunda təqdim edildi. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdılar. Bu sarsılmaz birliyin heç bir düşmənin gücü, xarici müdaxiləsi ilə pozulmayacağını bir daha bəyan etdilər.
Festivalın açılışındakı çıxışında bu birlik mesajının əhəmiyyətini xüsusi vurğulayan Prezident İlham Əliyev də söylədi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik var: "Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan - Şuşadan, qədim torpağımızdan mesaj veririk".
Hər bir azərbaycanlının iftixar mənbəyi
Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən "Xarıbülbül" Musiqi Festivalı mayın 13-də qala-konsertlə başa çatmışdı. Qala-konsertdə Üzeyir bəy Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası çıxış etmiş, Üzeyir bəy Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Ələkbər Tağıyevin, Müslüm Maqomayevin, Niyazinin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun və digər bəstəkarların əsərləri təqdim olunmuşdu.
Konsertdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir..." fikirlərini və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" sözlərini əks etdirən videoçarx da təqdim edilmişdi. Vətənin bütövlüyü ilə bağlı Ümummilli Liderin, Prezident İlham Əliyevin və onların timsalında bütövlükdə Azərbaycan xalqının illərdir arzuladığı xoşbəxt məqama çatdığının mesajı verilmişdi.
Şuşanı şanına, şöhrətinə yaraşan tarixi günlər
gözləyir
"Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı ilk dəfə Şuşa şəhərində məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Həmin ilin mayında, Şuşada xarıbülbülün çiçəklənmə dövründə Cıdır düzündə keçirilən festivalda yerli ifaçılarla yanaşı, Qırğızıstan, Qazaxıstan, Başqırdıstan, Litva və Belarusdan da musiqi qrupları iştirak edib.
Şuşada füsunkar gözəlliyi ilə seçilən Cıdır düzündə 1992-ci ilədək hər il may ayında keçirilən "Xarıbülbül" Musiqi Festivalı əhəmiyyətinə, səviyyəsinə, rəngarəngliyinə görə nəinki Azərbaycanda, bütün keçmiş sovet məkanında, hətta dünya miqyasında möhtəşəm mədəniyyət tədbirlərindən biri sayılıb.
İndi Şuşada başlayan yeni həyatla birgə bu tarixi festival da əvvəlki şöhrətinə qovuşub. İndi Şuşanın dağlarında, düzlərində düşmənin murdar ayaq səsi deyil, ruha məlhəm kimi yayılan Azərbaycan muğamının zəngulələri eşidilir. Necə ki, elə "Xarıbülbül" Musiqi Festivalının ilk günündə jurnalistlərlə söhbəti zamanı Prezident İlham Əliyev vurğulamışdı: "...Bir il bundan əvvəl burada başqa musiqi səslənirdi, başqa hərəkətlər edilirdi. O hərəkətlərə görə, bütün cinayətlərə görə düşmən öz layiqli payını aldı. Bundan sonra burada ancaq Azərbaycan musiqisi, Azərbaycanda yaşayan xalqların musiqisi səslənəcək. Doğrudan da, böyük tarixi nailiyyətdir".
Ümumiyyətlə, mədəniyyət paytaxtımız Şuşa adına, şanına, şöhrətinə yaraşan tarixi günlərə qanad açıb. Bu əsrarəngiz şəhər yaradılmasının 270 illiyini qeyd edəcək. 2023-cü ildə isə ümumilikdə türk dünyasının qürur mənbəyi olan Şuşa "Türk dünyasının mədəniyyət paytaxtı" kimi mədəni irsinin möhtəşəmliyini nümayiş etdirəcək.
Eləcə də gələn ay dünyanın müxtəlif ölkələrindən folklor kollektivləri Şuşaya gələrək "Xarıbülbül" Musiqi Festivalında öz çıxışlarını nümayiş etdirəcəklər. Bir daha Qarabağın qədim qalası, Azərbaycanın mədəniyyət paytaxtından bütün dünyaya dostluq, qardaşlıq və sülh mesajı verəcəklər...
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2022.- 16 aprel.-
S.7.