Böyük qayıdış ili
İlham Əliyevin yenidən qurduğu Qarabağ və Şərqi Zəngəzurda həyat
qaynamağa başlayacaq
Böyük quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda coşqunluq yaşanır, müxtəlif istiqamətli layihələrin sürətli icra prosesi gedir. Yeni avtomobil və dəmir yolları, hava limanları, körpülər, tunellər, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir.
Bütün layihələrin icra prosesi ilə mütəmadi olaraq yerində maraqlanan quruculuğun baş memarı İlham Əliyev həm də reallığa çevrilən yeniliklərlə bağlı xalqı məlumatlandırır. Ümumiyyətlə, Prezidentin hər çıxışı, müsahibəsi, müşavirəsi digər sahələr kimi, işğaldan azad edilən torpaqlarımızdakı bərpa və quruculuq istiqamətində də görülən işlərin təqdimatıdır. Bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə də İlham Əliyev həm reallığa çevrilən layihələrdən söz açdı, həm də hazırda həyata keçirilən proseslərin gedişatı ilə bağlı ətraflı məlumat verdi, eyni zamanda görülməsi nəzərdə tutulan işlərin əsas istiqamətlərini müəyyənləşdirdi.
Bu il Ağalı kəndinin
açılışı olacaq
Əgər İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi obyektlərin say tərkibinə diqqət yetirsək, hazırda bu işlərin yüksək səviyyədə olduğunu böyük əminliklə qeyd edə bilərik.
Prezidentin növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyənləşdirdiyi 5 milli prioritetin bir bəndi məhz işğaldan azad olunmuş ərazilərə Böyük qayıdış planının reallaşması prosesidir. Bu gün həmin ərazilərdə həyata keçirilən işlər deməyə əsas verir ki, 2022-ci il Azərbaycan tarixinə böyük qayıdış ili kimi düşə bilər. Çünki müşavirədə görülən işlərdən danışan Prezident xalqa müjdəli xəbər verərək bəyan etdi ki, Ağalı kəndinin sakinləri artıq bu il öz yurdlarında yerləşəcəklər, orada yaşayacaqlar. Bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir.
Qeyd edək ki, Ağalı kəndində reallaşdırılan layihənin icrası - yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı", alternativ enerji sahələri - yəni 5 komponent üzrə aparılıb. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. Bu il kənddə həmçinin DOST Agentliyinin "Şərqi Zəngəzur və Qarabağ" proqramı çərçivəsində "Smart DOST" xidmət məntəqəsi də fəaliyyətə başlayacaq.
Kənddə "Dost Aqropark" fəaliyyət göstərəcək. Ötən il Prezident layihənin təməlini qoyarkən məlumat verilmişdir ki, türk və azərbaycanlı sərmayədarlar tərəfindən həyata keçiriləcək "Dost Aqropark" layihəsi üç mərhələdə icra olunur. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.
İkinci Ağalı kəndi ərazisində də inşa edilən "ağıllı kənd"'də 200 fərdi ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird üçün nəzərədə tutulan məktəb və 60 yerlik uşaq bağçasının tikintisi demək olar ki, başa çatıb. Kənddə içməli su təminatı həll edilib, park meydanı inşa olunub, burada fəvvarələr, piyada və velosiped yolları qurulub. "Ağıllı kənd"də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması da nəzərdə tutulur.
İlham Əliyevin də söylədiyi kimi, bu layihə çox böyük rəmzi xarakter daşıyır. Müharibədən heç iki il keçməmiş Azərbaycan dövləti yalnız öz iqtisadi qüdrəti hesabına, heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur: "Biz haradasa, yaz-yay aylarında Ağalı kəndinin sakinlərini artıq orada yerləşdirmək istəyirik. İki il keçmədən artıq qayıdış başlayır. Bunun çox böyük rəmzi mənası var".
Miqyas baxımından tarix boyu ən genişmiqyaslı layihə
Prezident həmçinin bəyan etdi ki, Ağalı kəndindən daha böyük yaşayış yerləri tikiləcək. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və dövlət şəhərlərlə paralel olaraq kəndləri də bərpa edəcək.
Müşavirədə İlham Əliyev həm ilin sonuna qədər, həm də növbəti bir-iki il ərzində görüləcək işlərlə bağlı tapşırıqlarını verdi. Bəlli oldu ki, Ağdam və Füzulidən sonra digər şəhər və qəsəbələrin - Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı, Hadrut və Suqovuşanın Baş planları təsdiq edilməlidi. Bundan sonra Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramında əlavələr olunmalıdır.
Qeyd edək ki, bu işlərin reallaşması üçün dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Birinci rübdə isə həmin vəsaitdən cəmi 300 milyon manatdan bir qədər çox vəsait istifadə olunub. Baş planlar təsdiq olunandan sonra ancaq praktiki işlərə start veriləcək. Bu prosesdə əsas məsələ isə ərazilərin minalardan tam təmizlənməsidir. Bu məqsədlə də prosesi sürətləndirmək üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub və bu, dövlət üçün prioritet məsələdir. Çünki bu məsələ həll olunmadan vətəndaşların bölgələrə yerləşdirilməsi qorxuludur. Ərazilər minalardan tam təmizləndikdən sonra əhalinin yerləşdirilməsi prosesinə başlanılacaq.
Müharibədən çıxmış ölkələrin təcrübəsinə nəzər saldıqda bu, doğrudan da miqyas baxımından tarix boyu ən genişmiqyaslı layihədir. Bu proqramın özəlliyi ondadır ki, bütün layihələr dövlət büdcəsindən ayrılmış vəsait əsasında heç kimdən yardım almadan reallaşır.
Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzuru quruculuğun əsas meydanına çevirən İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə lazımi şəraitin yaradılması üçün bütün addımları atır. Tezliklə işlər sona çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar, Azərbaycanın həyatında, sözün əsl mənasında, yeni mərhələ başlayacaq.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2022.-19 aprel.- S.3.