Azərbaycan qərarında qətidir

 

Prezident İlham Əliyev: "Ermənistan Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək"

 

Ermənistanın regionda həyata keçirilən qlobal layihələrin heç birinin iştirakçısı olmadığı hamıya yaxşı məlumdur. Neftqaz ixracı marşrutları, dəmir yolu xətləri, nəqliyyat dəhlizləri bu ölkədən yan keçir. Ermənistanı  bu layihələrin hamısından qıraqda qoyan, əlbəttə ki, özünün çox böyük səhvləri, işğalçılığı, yarıtmaz siyasəti, qonşuluq etməyi bacarmadığıdır.

Ən  təəccüb doğuran hal isə odur ki,  qarşı tərəf Azərbaycanın qələbəsi ilə 44 günə başa çatan müharibənin yaratdığı reallıqları da dərk etmək, ona təklif olunan əməkdaşlıq şanslarından istifadə etmək istəmir.

2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev Zəngəzur dəhlizindən bəhs edərkən məhz bu mövzuya toxunub: "Mən bir məsələyə də diqqət yetirmək istərdim. Ermənistan da görməlidir ki, o, bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Onlar bunu bilməlidirlər, vaxtı uzatmamalıdırlar. Onsuz da biz istədiyimizə gec-tez nail olacağıq. Daha yaxşı olar ki, onlar özləri də bir az cəld tərpənsinlər. Yoxsa yenə də dalan kimi qalacaqlar".

Bəli, ermənilər dərk etməlidirlər ki, ağılsız qərarları ilə  bu  əhəmiyyətli layihədən də  çıxdaş ola  bilərlər. Onlar xatırlamalıdırlar ki, Azərbaycan son onilliklərdə dünya əhəmiyyətli nəhəng layihələr həyata keçirdibu istiqamətdə işləri uğurla davam etdirir. Hələ keçən əsrin sonunda Bakı-Novorossiysk, Bakı-Supsa kimi neft kəmərlərini işə saldı. Ardınca üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərini çəkdi. Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisində 1768 kilometr məsafə boyu uzanan bu kəmər neçə illərdir Xəzərin ölkəmizə məxsus sektorundan çıxarılan nefti dünya bazarlarına çatdırır.

BTC bütün regiona xeyir-bərəkət gətirən kəmərdir və belə bir xəttin Ermənistandan yan keçməsi bu ölkənin həm siyasi imicinə, həm də əhalisinin güzəranına böyük zərbədir.

Ermənistan eləcə də Azərbaycandan  mavi yanacaq   ixrac edən  qaz kəmərləri layihələrindən kənarda qaldı. Təbii ki, bundan sonra çəkilən müxtəlif  təyinatlı xətlər də oradan yan keçdi.

Azərbaycan qonşu Gürcüstan və Türkiyə ilə  birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunu çəkdi. "Şərq-Qərb" nəqliyyat dəhlizinin tərkib hissəsi olan bu yolla daşımalar ildən-ilə artır. Ölkəmiz Rusiyaİranla "Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə uğurlu aparır. Bu dəhlizin fəaliyyətinin daha səmərəli olması üçün növbəti addımlar atılır.

Ermənistan isə illərdir  bu nəhəng işlərə kənardan, düşdüyü iqtisadi dalandan seyrçi kimi baxır.  Prezident İlham Əliyev bu barədə hələ Vətən müharibəsindən  əvvəl belə demişdir: "Ermənistanı bu enerji və nəqliyyat layihələrindən biz təcrid etmişikbunu heç vaxt gizlətməmişik. Mən hələ bir neçə il bundan əvvəl demişdim ki, biz Ermənistanı regionda bizim iştirakımızla reallaşdırılan bütün önəmli layihələrdən təcrid edəcəyik və biz buna nail olduq, həmişə olduğu kimi, sözümüzə sadiq qaldıq. Ermənistan bu gün bizim səylərimiz nəticəsində siyasi, iqtisadi, investisiya, enerji və nəqliyyat dalanıdır... İdman dili ilə desək, Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır və getdikcə bu fərq daha da böyüyəcək".

Belə  ki, Azərbaycan mükəmməl beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platforması yaradıb. Ölkəmiz bir çox qlobal layihələrin təşəbbüsçüsüdür və onları həmin əməkdaşlıq və tərəfdaşlıq şəraitində uğurla həyata keçirir. Ermənistan isə öz günahı ucbatından bu platformadan kənarda qalıb. Dövlət başçısının dediyi kimi: "Biz qonşularla dostluq, əməkdaşlıq, səmimiyyət əsasında münasibətləri qurmuşuq və məhz buna görə bu layihələrə nail olmuşuq. Ermənistan isə əsrlər boyu qonşulara xor gözlə baxır, qonşulardan nəsə qoparmaq istəyir, onların torpağına iddia edir, tarixi saxtalaşdırır və özününküləşdirməyə cəhd edir. Fərq bundan ibarətdir".

Regionalqlobal layihələrdən kənarda qalması indiyədək Ermənistanın iqtisadiyyatına böyük zərbə vurubo,  bundan ziyan çəkməkdə davam edir. İqtisadiyyatı gündən-günə çökən, əhalisi dolanışıq üçün bütün dünyaya səpələnən Ermənistan bunu dərk etmək, ağıla-kamala gəlmək, düzgün yola qayıtmaq istəmir. Azərbaycan isə sülhə, xalqının tərəqqisinə və regional inkişafa xidmət edən növbəti layihələrini gerçəkləşdirmək əzmindədir. Prezident İlham Əliyev cari ilin birinci rübünün   yekunlarına həsr olunan müşavirədə bunu bir daha vurğulayıb: "Zəngəzur dəhlizi açılmalıdır. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır. İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır. Ümid edirəm ki, yaxın gələcəkdə təməlqoyma mərasimi də keçirilə bilər və beləliklə, yeni beynəlxalq nəqliyyat dəhlizi açılacaqdır. Ümumiyyətlə, bizim nəqliyyat infrastrukturu ilə bağlı olan bütün planlarımız vaxtlı-vaxtında yerinə yetirildi. Əgər bu gün həm limana, həm dəmir yollarına, həm hava limanlarına, avtomobil yollarına və digər infrastruktura bu böyük investisiyalar qoyulmasaydı, Azərbaycan, əlbəttə ki, yeni yaranan bu imkanlardan məhrum ola bilərdi. Ancaq, əksinə, biz bu gün öz nəqliyyat infrastrukturumuzu maksimum işə sala bilərik".

 

Flora SADIQLI

 

Azərbaycan.- 2022.- 19 aprel.- S.4.