Yaponiyanın ölkəmizdəki səfiri Şəmkirə səfər etmişdir

 

RİH-də keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev Azərbaycanla Yaponiya arasındakı strateji tərəfdaşlıqdan, yaxın dostluq əlaqələrindən və bu əlaqələrin getdikcə daha da dərinləşməsindən danışmış, Şəmkirin tarixi, mədəni abidələri, sosial-iqtisadi həyatı barədə qonağa məlumat vermişdir.

Diqqətə çatdırılmışdır ki, bu gün Şəmkirdə müasir texnoloji avadanlıqlarla təchiz olunmuş sənaye və kənd təsərrüfatı müəssisələri fəaliyyət göstərir. Son vaxtlar Yaponiya səfirliyinin dəstəyi ilə rayonda icra olunan layihələrdən danışan RİH-in başçısı bütün bunlara görə səfirə Şəmkir sakinləri adından təşəkkürünü bildirmişdir.

Şəmkir rayonuna səfərinin əsas məqsədinin rayonla tanışlıq olduğunu deyən səfir Vada Cuniçi səmimi görüşə görə təşəkkür etmiş və belə görüşlərin əhəmiyyətindən danışmışdır.

Yaponiya-Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini xüsusi qeyd edən səfir "Ot kökləri və insan təhlükəsizliyi" qrant yardım proqramı çərçivəsində Azərbaycanın rayonlarında həyata keçirilən  layihələrdən söz açmış və belə layihələrdən birini  Şəmkir rayonunda reallaşdırmaq  arzusunda olduğunu diqqətə çatdırmışdır.

Görüşdən sonra səfir Şəmkirdəki Heydər Əliyev Mərkəzinə, Tarix Diyarşünaslıq Muzeyinə, Alman Lüteran Kilsəsinə baş çəkmiş, Zəyəm Texnologiyalar Parkında, "AzAqro" MMC-də, Qapanlı kəndində istixana və bağçılıq təsərrüfatı ilə tanış olmuşdur.

 

Sabir ƏLİYEV

 

Azərbaycan. - 2022.-19 aprel.- S.5.