Dövlətin dəstəyi sayəsində turizm özəl sektorun inkişaf edən sahəsinə çevrilib
25 Aprel - Azərbaycan
Sahibkarlar Günüdür
Özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-dək iqtisadi, sosialyönümlü assosiasiya və ittifaqı birləşdirmiş Azərbaycan Sahibkarlar Konfederasiyası ölkəmizdə iş adamlarının maraqlarını müdafiə edən və sahibkarlığın inkişafına dəstək verən əsas ictimai təşkilatlardandır. Ölkəmizin iqtisadi inkişafında onun özünəməxsus mövqeyi vardır.
Dövlət tərəfindən ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarlığın fəaliyyətinə verilən yüksək qiymət və Prezident İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi böyük diqqət və qayğıkeşlik biz sahibkarları daha əzmlə fəaliyyət göstərməyə sövq edir. Məlum olduğu kimi, dünya iqtisadiyyatını təhdid altında saxlayan COVID-19 pandemiyası Azərbaycandan da yan keçmədi. Lakin bu sınaqdan da alnıaçıq çıxdıq. 200 illik ruhumuzu birləşdirən 44 günlük Qarabağ savaşından qalib çıxmış millət və bu millətin sahibkarları olaraq Qarabağın əvvəlki şöhrətinin qaytarılmasında da öz töhfəmizi verəcəyik. Qarabağı və Şərqi Zəngəzuru dünyanın turizm mərkəzinə çevirəcəyik.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi taleyüklü qərarlar özəl sektorun formalaşmasında mühüm rol oynamışdır. Məhz Heydər Əliyevin 2002-ci il aprelin 25-də sahibkarlarla keçirdiyi görüş özəl sektorun inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. Yeri gəlmişkən, bildirək ki, "Sahibkarlar Günü" də bu səbəbdən məhz aprelin 25-də qeyd edilir.
Dünyanın bir çox ölkələrində ümumi daxili məhsulun formalaşmasında, yeni iş yerlərinin yaradılmasında və əhalinin məşğulluğunun təmin edilməsində, xarici ticarət balansının aktivləşdirilməsində əhəmiyyətli rol oynayan turizmin ölkəmizdə inkişafı da Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet dövründə Heydər Əliyev Azərbaycana rəhbər seçildikdən sonra qəbul etdiyi bir çox qərarlarla respublikamızda turizmin əsasını qoymuşdur. Ulu Öndərin tapşırığı ilə 70-ci illərdə Zaqatala və Şuşa şəhərlərinin turizm bazalarında yenidənqurma işləri başa çatdırılmış, Xankəndidə, Mingəçevirdə ekskursiya büroları açılmış, Qəbələdə "Qafqaz" və Nabranda "Dostluq" Turizm bazaları, Bakıda "Qarabağ" Turist Mehmanxanası fəaliyyətə başlamışdır.
1970-ci illərdən başlayaraq daxili turizmlə yanaşı, xarici turizmin inkişafına da diqqət artırılmışdır. 1973-cü ildə Bakıda ən böyük mehmanxana kompleksi olan 1042 yerlik "Azərbaycan", 1978-ci ildə isə 200 yerlik "Moskva" mehmanxanaları tikilib istifadəyə verilmişdir. O dövrdə həmçinin Zağulba qəsəbəsində "Sputnik" Gənclər Düşərgəsi yaradılmış və sonradan modernləşdirilərək Beynəlxalq Gənclər Turizm Mərkəzinə çevrilmişdir.
1978-ci ildə isə Respublika Nazirlər Sovetinin nəzdində Xarici Turizm İdarəsi yaradılmışdır. Həmin il "İnturist"in Bakı bölməsinin tabeliyində yerlərin ümumi sayı 1500 olan mehmanxanalar mövcud idi. Bu mehmanxanalarda SSRİ-nin digər respublikalarından Azərbaycana gələn nümayəndə heyətləri, mədəniyyət və idman tədbirlərinin iştirakçıları ilə yanaşı, turist qrupları da yerləşdirilirdi. Bu isə öz növbəsində Azərbaycanda beynəlxalq turizmin inkişafına təkan verirdi.
Bunlardan başqa, 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyən Heydər Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi ilə Xəzərin Azərbaycan sahillərində ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması barədə qərar qəbul edilmiş və Nazirlər Sovetinin 1984-cü il 2 oktyabr tarixli qərarına əsasən, Azərbaycan Respublikasında 2000-ci ilə qədərki dövrü əhatə edən turizmin inkişafı sxemi qəbul olunmuşdur.
Müstəqilliyin ilk illərində Azərbaycandan turist kimi xaricə gedənlərin sayı çox idi. Sərhədlərin açılması, gediş-gəlişin liberallaşdırılması, ölkədəki dükan-bazarların boşluğu əhalinin xaricə, xüsusən qonşu ölkələrə üz tutmasını şərtləndirirdi. Belə vəziyyəti görən və turizmdən uzaq olan bəzi "işbazlar" vətəndaşların əmlakını talamaqla, xarici tərəfdaşlarını aldatmaqla məşğul olmağa başlamışdılar.
Bunun qarşısının alınması üçün turizm sahəsinin dövlət tərəfindən tənzimlənməsinə ehtiyac var idi. Turizmin dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi turizm fəaliyyətinin məqsəd, prinsip və vəzifələrinə tam cavab verən yeni yanaşma tələb edirdi. Odur ki, Heydər Əliyevin tapşırığı ilə "Turizm haqqında" Azərbaycan Respublikasının Qanunu hazırlandı və 1999-cu ildə Milli Məclis tərəfindən qəbul edildi.
Azərbaycanda turizmin potensial imkanlarını yüksək qiymətləndirən və bu sahənin inkişafı üçün yollar arayan Heydər Əliyevin 18 aprel 2001-ci il tarixli Sərəncamı ilə Gənclər, İdman və Turizm Nazirliyi yaradılandan sonra bu sahədə geniş işlər görülməyə başlandı. Həmin ilin sentyabrında Ümummilli Liderin xeyir-duası ilə ölkəmiz Ümumdünya Turizm Təşkilatının üzvlüyünə qəbul olundu.
Heydər Əliyevin Sərəncamı ilə "2002-2005-ci illər üçün turizmin inkişafının Dövlət Proqramı" təsdiq edilmişdir. Proqramda turizmin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, turizm sahəsində çalışan sahibkarların dəstəklənməsi, bu sahədə kiçik və orta sahibkarlığın inkişafı, mövcud turizm obyektlərinin yenidən qurulması ilə yanaşı, yenilərinin yaradılması, turizmin maddi-texniki bazasının möhkəmləndirilməsi və digər tədbirlər müəyyənləşdirilmişdir.
Beləliklə, tam məsuliyyətlə demək olar ki, Azərbaycan turizmi bu gün əldə etdiyi nailiyyətlərə görə dahi şəxsiyyətə - Heydər Əliyevə borcludur. Turizm sektoru bu gün Ümummilli Liderin uzaqgörənliklə müəyyən etdiyi yolla inkişaf zirvəsinə doğru inamlı addımlarla irəliləyir. Təsadüfi deyil ki, 2003-cü ildən Ümummilli Liderin yolunu inamla davam etdirən Prezident İlham Əliyevin xüsusi diqqət göstərdiyi prioritet istiqamətlərdən biri də məhz Azərbaycanda turizmin inkişafıdır. Turizm sektoru daim dövlət başçısının diqqət mərkəzindədir.
Ruslan QULİYEV,
Azərbaycan Sahibkarlar
Konfederasiyasının
Rəyasət Heyətinin üzvü,
"Millenium Turizm"
şirkətinin rəhbəri
Azərbaycan.-
2022.-19 aprel.- S.5.