Başlıbel qətliamı qurbanlarının xatirəsi anılıb – faciə şahidləri danışır

 

İyirmi doqquz il əvvəl Başlıbel faciəsində şəhid olan dinc sakinlərin bir neçəsinin ailə üzvləri hadisə şahidləri Kəlbəcərdə qətliamın törədildiyi yerə baş çəkiblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Başlıbel sakinləri dədə-baba yurdlarına gələrək, yaxınlarının əziz xatirələrini yad ediblər.

Qeyd edək ki, 1993-cü il aprelin 3-də Ermənistan silahlı qüvvələri Kəlbəcərin Başlıbel kəndinə silahlı hücum edərək kənd sakinlərinə məxsus evləri kütləvi surətdə qarət edib və tamamilə yandırıb. Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 kilometr aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portdaadlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. Ermənistan hərbçiləri aprelin 18-də silahsız mülki şəxslərin doğma kəndlərində qayalara sığındığı yerləri taparaq, onların gizləndiyi mağaraları atəşə tutublar. Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1-i 12 yaşlı uşaq, 1-i 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın və 6 kişi olmaqla) sığındıqları yerdə öldürülüb. İstintaq materialları ilə həmçinin müəyyən olunub ki, cinayətkar qruplaşmanın üzvlərinin əlindən digər mağaralara qaçaraq gizlənən və vəhşilərdən canını qurtarmağa çalışan 36 şəxsdən 7 nəfəri mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişiblər.

Ermənilərin kəndə hücumu zamanı yaxında yerləşən kahalarda 13 gün mühasirədə qalan Başlıbel kənd sakini İsmət Əzizov həmin günləri həyəcan və göz yaşları ilə xatırlayıb: “1993-cü il aprelin 5-dən 18-dək dağlardakı kahalarda erməni quldurlarından gizlənə bildik. Ermənilər dağlarda gizləndiyimizi biləndə bizi atəşə tutdular. Atəş nəticəsində bizim yanımızda 12 dinc sakin şəhid oldu, 14 nəfər isə girov götürüldü. Sonra kənddən aralıda yerləşən Nəbi kahasına sığındıq. Bir aya yaxın orada gizləndik, çox çətinliklərlə sağ qaldıq”.

Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənib, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq, 1993-cü il mayın 12-də gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyidinin paltarlı vəziyyətdə iki cərgə qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar.

“Həmin dövrdə mən əsgər kimi Başlıbel hadisələrinin şahidi olmuşam. Ermənilər kəndə daxil olan zaman biz, yəni burada qalan 9 əsgər kahalarda gizlənən əhalini qorumağa çalışmışıq. Hiyləgər ermənilər dağlarda gizlənən mülki insanların olduğunu biləndən sonra onları aldadaraqanalar, bacılar qorxmayın, çıxın” deyərək, gizləndiyi yerdən çıxan əhalini yerindəcə atəşə tuturdular. Erməni vandallarının nəinki insanlara, kənddəki mal-qaraya işgəncə etməsinin də şahidi olmuşam,” - deyə faciənin canlı şahidi Səlim Mehdiyev bildirib.

Qeyd edək ki, keçən il aprelin 24-də Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək, torpağa basdırılmış 12 nəfərin meyidinin qalıqları aşkar edilib.

 

Azərbaycan.- 2022.- 19 aprel.- S. 6.