Ağdamda erməni vəhşiliyinin şahidi oldular  

 

Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərindən ibarət nümayəndə heyəti Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti Ağdamda ermənilərin törətdikləri vəhşiliklərlə tanış olub, işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, həmçinin İmarət kompleksinə, Ağdam Cümə məscidinə, Dram teatrının qalıqlarına, Şəhidlər xiyabanına baxış keçiriblər. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qonaqlara Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi barədə də ətraflı məlumat verib.

Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən olub. Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahına gələn qonaqlara Ağdam şəhərinin Baş planı, burada həyata keçirilən bərpa-quruculuq işləri barədə də məlumat verilib.

 

Azərbaycan.- 2022.- 19 aprel.- S.7.