Bakıda "Azərbaycan-İtaliya: Çoxölçülü strateji tərəfdaşlığa aparan yol” adlı konfrans keçirilib

 

 

Aprelin 2-də ADA Universitetində “Azərbaycan-İtaliya: Çoxölçülü strateji tərəfdaşlığa aparan yol” adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, təhsil naziri Emin Əmrullayev, energetika naziri, Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyanın həmsədri Pərviz Şahbazov, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio, Milli Məclisin deputatları, ADA universitetinin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak ediblər.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxışında İtaliya ilə Azərbaycan arasında münasibətlərin qədim tarixə söykəndiyini və hazırda yüksək səviyyədə inkişaf etdiyini qeyd edib. İki ölkənin strateji tərəfdaş olduğunu bildirən nazir Azərbaycan İlə İtaliya arasında siyasi, iqtisadi və mədəni sahələrdə geniş əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnunluqla ifadə edib. O, həmçinin bu münasibətlərin tarixində qarşılıqlı ali səfərlərin mühüm rol oynadığını ifadə edib.

Münaqişənin həlli istiqamətində İtaliyanın ədalətli yanaşma sərgilədiyini qeyd edən Ceyhun Bayramov İtaliya şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərində fəal rol oynadıqlarını bildirib.

Ceyhun Bayramov Azərbaycan ilə İtaliya arasında iqtisadi, humanitar sahələrdə geniş əməkdaşlıq gündəliyinin mövcudluğunu vurğulayıb. Nazir COVID-19 pandemiyası ilə mübarizədə iki ölkənin bir-birinə göstərdiyi dəstəyi məmnunluqla qeyd edib.

Azərbaycanın xarici işlər naziri təhsil sahəsində iki ölkə arasında mövcud əməkdaşlığın nümunəsi kimi aprelin 2-də ADA Universitetində İtaliya-Azərbaycan Universitetinin təməlinin qoyulmasını xüsusilə vurğulayıb. O, Azərbaycan ilə İtaliya arasında mövcud dinamik tərəfdaşlığın inkişafına töhfə verəcək bu ali təhsil ocağına fəaliyyətində uğurlar arzu edib.

Nazir Luici Di Maio Azərbaycan ilə İtaliya arasında əlaqələrin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edib. O, Azərbaycanın İtaliyanın mühüm ticarət tərəfdaşlarından biri olduğunu vurğulayıb. Cari səfərin iki ölkə arasında münasibətlərin daha da inkişafına və dərinləşməsinə ciddi təkan verəcəyini bildirib. Nazir təməli qoyulan İtaliya-Azərbaycan Universitetinin təhsil sahəsində və ümumiyyətlə, ikitərəfli münasibətlərdə inkişafa müsbət töhfə verəcəyini ifadə edib.

 

Azərbaycan.-2022.- 3 aprel.- S.4.