Gürcüstanlı ifaçılar Gəncənin mədəniyyət
xadimləri ilə birlikdə yeni teatr binasının səhnəsində
çıxış ediblər
Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərdən ibarət qrup Azərbaycanda səfərdədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində bu gün onlar Gəncə şəhərinə gəliblər. 21 nəfərlik qrupun üzvləri Ermənistan silahlı qüvvələrinin İkinci Qarabağ müharibəsi zamanı Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkiblər.
Qonaqları burada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatları Pərvin Kərimzadə və Müşfiq Cəfərov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov qarşılayıblar.
Niyazi Bayramov Ermənistanın Gəncə şəhərində törətdiyi terror barədə qonaqlara ətraflı məlumat verib. Bildirilib ki, Gəncə şəhərinin ardıcıl raket hücumlarına məruz qalması nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 130-dan çox dinc sakin isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Qonaqlar Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələri ilə yerində tanış olub, həlak olan mülki şəxslərin xatirəsinə ehtiram əlaməti olaraq əraziyə tər çiçəklər düzüblər.
Sonra gürcüstanlı qonaqlar Gəncə Dövlət Dram Teatrının yeni istifadəyə verilən binası və buradakı Gəncə Teatr Muzeyində sərgilənən eksponatlarla tanış olublar.
Gürcüstanlı
ifaçılar Gəncənin mədəniyyət xadimləri
ilə birlikdə yeni teatr
binasının səhnəsində konsert
proqramı ilə çıxış ediblər. Konsert zamanı Gürcüstanın xalq mahnı və rəqsləri ilə
yanaşı, qonaqlar tərəfindən
Azərbaycan xalq mahnısı “Sarı gəlin”
və bəstəkar Qəmbər Hüseynlinin
“Cücələrim” uşaq
mahnısı ifa olunub.
Azərbaycan.-
2022.- 19 aprel.- S.7.