İbrət dərsləri

 

 

Nəriman NƏRİMANOV: “Bakı şəhəri üzrə üç gün vəhşiləşmiş daşnakların dəhşətli azğınlığı baş verdi

 

 

 

31 Mart soyqırımı ilə bağlı tarixi həqiqətlərin öyrənilməsi üçün hazırda ən mühüm mənbələrdən  biri Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən bu cinayətin araşdırılması məqsədilə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının sənədləridir. Həmin araşdırmalar 1918-ci ilin martında dinc azərbaycanlılara qarşı törədilən kütləvi qırğınlarda Bakı Sovetinin 6 min silahlı əsgərinin, eyni zamandaDaşnaksütyun” partiyasının 4 minlik silahlı dəstəsinin iştirak etdiyini göstərir. Bu halda o dövrdə bolşevik ideyalarına bağlı olan və Azərbaycanda bu ideyaları yayanlarla eyni cəbhədə qərar tutan tanınmış azərbaycanlıların bu hadisələrə münasibəti, xalqımıza qarşı soyqırımı ilə bağlı tutduqları mövqe, təbii ki, sual doğurmaya bilməz. Xüsusilə görkəmli ictimai-siyasi xadim, dövlət adamı Nəriman Nərimanovun bununla bağlı fəaliyyəti böyük maraq yaradır. Bu şəxsiyyət Azərbaycan tarixinin ən parlaq siyasi xadimlərindən biridir.

N.Nərimanovun siyasi əqidəsi və partiya mənsubiyyətindən asılı olmayaraq onun xalqımız, tariximiz üçün gördüyü işlər misilsizdir. Tarixi torpaqlarımıza haqsız erməni iddialarının irəli sürülməsi ilə əlaqədar Ermənistan-Azərbaycan qarşıdurmasının tənzimlənməsində Nərimanovun rolu xüsusi qiymətləndirilməlidir. Ona görə də bu suala cavab ardınca onun ömürlüyünə müraciət edərkən daim millətinin təəssübünü çəkən insanın o günlərin çox ağır şərtləri daxilində xalqımızın haqları uğrunda çalışdığını, şəxsi taleyini zamanın burulğanına ataraq həqiqətləri dilə gətirməkdən, lazımi ünvanlara çatdırmaqdan, yazaraq sənədləşdirməkdən çəkinmədiyini görürük.

Nəriman Nərimanov Şaumyanın başçılıq etdiyi Bakı Soveti tərəfindən bolşevik bayrağı altında azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətini yazılarında - “Ucqarlarda inqilabımızın tarixinə dair” əsərində, “Qafqazın işğalına baxış”, “Biz Qafqaza hansı şüarlarla gedirik”, “Necə etmək lazımdır ki, vətəndaş müharibəsi milli xarakter almasın”, “İnqilab və əksinqilab, inqilabçı və əksinqilabçılar”, “Şərq məsələsi”, “Azərbaycanda vəziyyət” və s. məqalə və məktublarında, çıxışlarında kəskin tənqid edir, sovetlərin müstəmləkə siyasətinə mənfi münasibət bildirirdi. Bolşevik siyasətinin onun düşüncələrindəkindən daha çox zora əsaslanaraq həyata keçirilməsinə qarşı çıxırdı. O, 1918-ci ilin martında baş verə biləcək faciələrin qarşısını almaqdan ötrü S.Şaumyanı və onun həmfikirlərini silaha əl atmaqdan çəkindirməyə çalışırdı. Şahid xatirələri onun mart hadisələrindən hələ 4 gün əvvəl Şaumyana müraciət edərək silahlı toqquşmaya yol verməməyi ondan xahiş etdiyini göstərir.

1919-cu ilin fevralında yazmış olduğuBiz Qafqaza hansı şüarlarla gedirik” məqaləsində Nəriman Nərimanov 1918-ci ilin əvvəllərində Bakıda birinci müsəlman atıcı alayının təşkil edilməsi üçün bura gəlmiş general-mayor Talışinskinin və onunla birgə bir neçə qərargah zabitinin həbsi faktına toxunurdu. Nərimanov milli zəmində qarşıdurmanın yaranmaması üçün onların dərhal azadlığa buraxılmasını tələb edirdi. Məqaləsindən oxuyuruq ki, bu tələbin qarşılığında İnqilabı Müdafiə Komitəsi rəhbərlərindən İ.Suxarsev Nərimanova özü kommunist ola-ola əksinqilabçı generalın azad edilməsini istəməsini irad tuturdu. “Mən ona cavab verdim: Mən generalı azad etmək istəmirəm, mən fəlakətdən xilas olmaq istəyirəm”, - deyə doktor Nərimanov yazır.

N.Nərimanova bəlli idi ki, əgər general Talışinski azad olunmasa, vətəndaş müharibəsi başlanacaq. Yenə həmin məqaləsində o, soyqırımından saatlar əvvəl - birinci atışmaya beş saat qalmış öz mənzilində bir neçə kəndli partiyasının nümayəndələri və “Hümmət” Partiyasının fəal üzvləri ilə birgə yığıncaq keçirdiklərini yazır. Həmin yığıncağa Şaumyan da dəvət olunmuşdu. N.Nərimanov burada da S.Şaumyana silahlı mübarizəyə başlamamaq barədə fikirlərini israrlı şəkildə çatdırır. Bildirirdi ki, belə bir mübarizə başlasa, bu, milli xarakter alacaq. Müzakirələr zamanı Nərimanov müsəlman əsgər və zabitlərdən təşkil olunanDikaya diviziyadan bolşeviklərin aldıqları silahların “Hümmət” Partiyasının nəzarətinə verilməsini təklif etmişdi. S.Şaumyan da üzdə guya bununla razılaşmışdı. Amma sonra erməni silahlı dəstələrinə azərbaycanlılara qarşı atəş açmaq əmrini vermişdi. A.CaparidzeS.Şaumyan riyakarlıqlarını sonralar da davam etdirərək soyqırımının günahını azərbaycanlıların üzərinə atmışdılar.

 

 

 

Daşnak- bolşeviklərin “qara oyunları”

 

 

 

Azərbaycanlılara qarşı nifrət hissi ilə gözlərini qan örtmüş daşnaklar mart qırğını günlərində N.Nərimanovu və ailə üzvlərini qətlə yetirmək üçün onun evinə də basqın etmişdilər. Qardaşı həbs olunmuş, özü isə təsadüf nəticəsində, gizlənərək quldur daşnaklardan qurtulmuşdu. N.Nərimanov yazır: “Bir saatdan sonra Şaumyan məni ailəmlə birlikdə “Sovet hakimiyyətinin müdafiəçiləri” olan daşnaklardan xilas edir”. Bunun özü də maraqlı fakt idi ki, qırğına əksinqilaba qarşı mübarizə adı qoyan daşnak-bolşeviklər həmin günlərdə azərbaycanlıları qətlə yetirərkən onların siyasi mənsubiyyətinə məhəl qoymurdular. Milli mənsubiyyət amili onların qətli üçün kifayət edirdi. 1918-ci il aprelin 1-də Bakı Xalq Komissarları Sovetinin Zaqafqaziya kəndli və fəhlələrini mübarizəyə çağıran müraciətində göstərilirdi ki, düzdür, Bakıda müsəlman yoxsullarından ölənlər var idi, lakin onlar bəyxanlar tərəfindən aldadılaraq, sovet hakimiyyətinə qarşı çıxış edən qara kütlələr idi. Göründüyü kimi, S.Şaumyan öz cinayətkar əməllərini ört-basdır etmək üçün günahı dinc insanların boynuna qoyurdu. 1918-ci ilin martında Bakı şəhərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlarda ölən minlərlə insan S.Şaumyan üçünqara kütlə” idi. N.Nərimanov dolayısı ilə rus və erməni burjuaziyasının bu hadisələrə münasibətdəki riyakarlığına da toxunur. Yazır ki, onlar guya bu müharibəyə qarışmırdılar və özlərini bitərəf elan etmişdilər. Onu da xüsusi qeyd edirdi ki, “bütün bunlar məni ilk vaxtlar erməni yoldaşları yüksək vəzifələrə təyin etməmək barəsində danışmağa məcbur edirdi. Bununla belə lap əvvəldən bu günə kimi BK elə bil qəsdən Mikoyan, Sərkis və Mirzoyan tərəfindən tutulur. Axırıncı, yəni Mirzoyan, artıq daha cəsarətlə fəaliyyət göstərir”.

Nəriman Nərimanov və başqa “hümmət”çilər öz məqalə və çıxışlarında, müraciətlərində mart hadisələrini daim milli qırğın kimi səciyyələndirirdilər. “Hümmət” Partiyasının mətbuat orqanı olan “Hümmət” qəzeti 1918-ci ildə çıxmış 37-ci nömrəsində mart hadisələri ilə bağlı bir məktub dərc etmişdi. Məktubda əvvəlcə siyasi xarakter daşıyan mübarizənin sonradan milli xarakter aldığı deyilirdi: “Biz bolşevik kimi imkan vermərik ki, müsəlman yoxsullarının günahsız axan qanları nəticəsiz qalsın. Biz var qüvvəmizlə çalışacağıq ki, müsəlmanlara qarşı törədilən bütün bu nanəcibliyi aşkar edək”.

Nəriman Nərimanov 1923-cü ildə yazdığı məktubda mart qırğınlarının təhlilini verirçox təəssüflə bildirirdi: “...Mən sübut etməyə çalışırdım ki, vətəndaş müharibəsini indiki vaxtda başlamaq təhlükəlidir, belə ki, o, milli qırğına çevrilə bilər. Mən bunu ona görə deyirdim ki, o zaman Bakıda ancaq daşnaklardan ibarət olan çoxsaylı erməni hərbi hissəsi yerləşirdi. Bakı şəhəri üzrə üç gün vəhşiləşmiş daşnakların dəhşətli azğınlığı baş verir. Nəticədə daşnaklar, yəni “Sovet hakimiyyətinin müdafiəçiləri” əliuşaqlı müsəlman qadınlarını əsir götürürlər... Burada bizim müdafiəçilərimiz haqqında susmaq lazım gəlir”.

 

 

 

“Qafqazın işğalına baxış”

 

 

 

N.Nərimanovun 1918-ci il aprelin 3-də Şaumyana və Caparidzeyə göndərdiyi daha bir məktubu mart qırğınları zamanı Bakıdakı sovet hakimiyyətinin yürütdüyü siyasətə qarşı kəskin tənqid ruhundadır. O, məktubda mart qırğınlarının sovet hakimiyyətinə böyük bir ləkə olduğunu və tezliklə bu qara pərdəni götürmək mümkün olmasa, onda bolşevik şüarı ilə sovet hakimiyyətini burada saxlamağın mümkünsüzlüyünü göstərmişdir:Siz müsəlman əhalisinə sübut etməlisiniz ki, mart qırğınları sizin Sovet hakimiyyəti istəyinin əleyhinə olaraq baş vermişdir. Bu işi satqınlar və sovet quruluşunun düşmənləri təşkil etmişdir. Bununla Qafqaz və Bakının müsəlmanlarına sübut etmiş olarsınız ki, Sovet hakimiyyəti qaniçən daşnakların əlində deyil. Əks təqdirdə Bakıda və Qafqazda Sovet hakimiyyətinə dərin quyu qazmış olacaqdır”.

Həmçinin Bakı qırğınından sonra Azərbaycanın başqa qəzalarında buna bənzər qırğınların qarşısının alınmaması üçün Nəriman Nərimanov yazırdı ki, sovet hakimiyyəti üçün müsəlman əhalisi tərəfindən heç bir təhlükə yoxdur. Müsəlmanlar hakimiyyəti səmimi-qəlbdən qəbul ediblər, onlar sülh tərəfdarıdırlar. Buna rəğmən S.ŞaumyanA.Caparidze Azərbaycanın regionlarında da sülhpərvər azərbaycanlıların üzərinə Lalayev, Əmirov, Hamazasp kimi qaniçənlərin başçılığı ilə cəza dəstələri göndərmiş, bölgələrdə də on minlərlə soydaşımızı qətlə yetirmişdilər.

Nəriman Nərimanov hiddət içində yazırdı: “Lakin belə bir dəhşətli hadisədən sonra onun qəzalar üzrə həyata keçirilməsini davam etdirmək nəyə lazım idi? Bax, suala 1918-ci ildə Bakıdakı Sovet hakimiyyəti cavab verməlidir”. Mart soyqırımına münasibətini o, “Qafqazın işğalına baxış” adlı məqaləsində də şərh etmişdir: “Tutaq ki, Bakıdakı mart hadisələrini vətəndaş müharibəsi kimi təsəvvür edək. Onda daşnak Əmirov və Styopa Lalayevin Şamaxıda törətdikləri əməlləri necə adlandırmaq olar? Vicdansız, mənfur Lalayevin Şamaxıdakı hərəkətlərini vətəndaş müharibəsi hesab etmək olarmı? O, müsəlman qadın və uşaqları məscidə yığıb ... sonra isə məscidi yandırmışdı”.

 

 

 

Daşnak xisləti: xəyanət və satqınlıq

 

 

“Qafqazın işğalına baxış” məqaləsində N.Nərimanov ermənilərin Şamaxı qəzasında azərbaycanlılara qarşı həyata keçirdikləri dəhşətli qırğınla bağlı yazırdı: “Şamaxıdan qayıdan Məşədi Əzizbəyov gözlərindən yaş axa-axa şahidi olduğu faciə haqqında danışanda mənim üçün aydın oldu ki, Bakıda Sovet hakimiyyəti daşnakların əlindədir. Bizim cəza dəstələrimizin adı altında erməni soyğunçu dəstələri müsəlman əhalisinə qarşı o cür qəddarlıqlardan sonra təbiidir ki, müsəlman proletariatı Sovet hakimiyyətindən üz döndərməkdə tamamilə haqlı idi”.

İctimai-siyasi xadim daşnakların məkrli siyasətini həmin məqalədə bu cümlələrlə xüsusi vurğulayırdı: “...Daşnaklar özlərinin otuz illik siyasi həyatları ərzində göstərdilər ki, onlarböyük Ermənistan” haqqındakı arzularını həyata keçirmək üçün istənilən halda sifətlərini dəyişə bilərlər. Daşnaklar Qolitsinin dövründə (Rusiya imperiyasında Nazirlər Sovetinin sədri olmuşdur) inqilabi partiya hesab olunurdular, Vorontsov-Daşkovun dövründə onun ayaqlarını öpürdülər və ən qatı əksinqilabçı idilər. Bunun səbəbi onda ki, Vorontsov müharibədən sonraböyük Ermənistan” yaratmağa söz vermişdi. Əgər indi Qafqazda sovet hakimiyyəti qurularsa, onda daşnaklar o saat sifətlərini dəyişib, bu dəfə kommunist olacaqlar. Yenidən Azərbaycanda və Gürcüstanda başında duracaqlar... Daşnaklar əllərində “böyük Ermənistan” xəritəsi və dəqiq proqramla Peterburqda oturmuşdular. Onlarböyük Ermənistan” yaratmaqla məşğul idilər. Hətta gürcü millətçiləri daşnakların bu həyasız və utanmaz hərəkətlərindən həyəcanlanmışdılar. Tam əminliklə elan edirəm ki, o vaxtlar Rusiyada mövcud olan heç bir milli partiya daşnaklar kimi bu qədər xəyanət və satqınlıq etməmişdir”.

Tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov Nərimanovun siyasi irsini araşdıraraq yazırdı ki, sonrakı illərdə ermənilərin dünya dövlətlərini, xüsusən xristian dünyasını özlərinin yalan üzərində qurulmuş planlarına inandıra bilməsi, nəticədə, Azərbaycan torpaqlarının bir hissəsini ələ keçirərək orada yaşayan minlərlə azərbaycanlını qətlə yetirməsi, sağ qalanları yurd-yuvasından didərgin salması, soydaşlarımızın əmlakını qarət etməsi, ata-baba torpaqlarımızdakı tarixi abidələri məhv etməsi vaxtilə N.Nərimanovun uzaqgörənliklə yazdığı bu fikirlərin isbatıdır.

 

 

 

N.Nərimanovun nümayiş etdirdiyi mövqe böyük cəsarət idi

 

 

Əlbəttə, mart soyqırımının dəhşətli miqyası ilə müqayisədə Nəriman Nərimanovun bu cinayəti törədənlərə qarşı fəaliyyəti az görünə bilər. Amma tarixi proseslərə hər zaman bu günün baxış bucağından deyil, öz dövrünün reallıqlarından baxmaq lazım gəlir. Elə gərgin zamanlarda Nəriman Nərimanovun nümayiş etdirdiyi mövqe böyük cəsarət və fədakarlıq tələb edirdi. O, bu qırğınları dayandırmaq imkanına malik deyildi.  Bütün güc S.Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin əlində olduğundan N.Nərimanov bolşevik hakimiyyətində bu səlahiyyətlərdən uzaqda saxlanılırdı. Onun əsas gücü ancaq əlindəki qələmi idi ki, onunla ardıcıl mübarizəsini aparırdı. Bu mübarizədə doktor Nərimanov vətənpərvər ziyalı olmaqla yanaşı, həm də əqidə adamı kimi çıxış edirdi. Bolşevik cildinə girmiş, sinfi mübarizəni öz cinayətləri üçün əldə şüar etmiş cəlladlardan fərqli olaraq Nəriman Nərimanov üçün bu mübarizə xalqların yaxşı yaşaması, ali dəyərlər uğrunda bir araya gəlməsi üçün idi, daha on minlərlə insanın milli mənsubiyyətinə görə qətlə yetirilməsi deyildi.

Nəriman Nərimanov görkəmli dövlət xadimi kimi siyasi fəaliyyətində daim milli ideallara yüksək sədaqət  nümayiş etdirmiş, haqqın, ədalətin tərəfdarı olmuşdur. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bolşevik-daşnak rejiminin xalqın nüfuzlu ziyalılarına, o cümlədən burjuaziyanın nümayəndələrinə qarşı törədilən repressiv tədbirlərə, ədalətsizliklərə qarşı çıxmış, xalqın mənafeyinin nəzərə alınmasını mərkəzdən israrla tələb etmişdir.

Elə bu kimi işlərə görə Moskvada keçirilən iclasların birində Mikoyan Nəriman Nərimanovu millətçi adlandırır. Cavabında Nərimanov deyir: “18-20-ci illərdə günahsız müsəlman uşaqlarını, qoca və qadınlarını qıran və hələ də daşnak şinelini əynindən çıxartmamış adamdan belə söz eşitməyim təəccüblü deyil”. O keşməkeşli dövrdə Nəriman Nərimanov öz vicdanına ağır yük götürməmiş, bir azərbaycanlının belə ölümünə fərman verməmişdir. Əksinə bir çoxlarını zamanın sərt küləklərindən qorumuş, nahaq ölümlərdən xilas etmişdir.

Tədqiqatçıların araşdırmalarına görə, Nərimanov Məmməd Əmin Rəsulzadənin, Üzeyir bəy Hacıbəylinin həyatlarını xilas etmiş, neçə generalımızı ölümün pəncəsindən qurtarmışdır. O, Firudin bəy Köçərlini də xilas etmək məramında olub. Amma Gəncəyə vaxtında çata bilməyib və bunun üçün həmişə təəssüf edib.

“Millətçi” Nərimanov varlı təbəqəyə, yəni milli burjuaziyaya münasibətdə Şərq adətləri ilə hesablaşmağı mütləq saydığını bildirib, bolşevik-daşnak ideoloqlarının qisasqan üzərində köklənmiş çıxışlarının düzgün olmadığını söyləyib. Azərbaycanın sovetləşməsindən sonra Kommunist Partiyasının 1920-ci il oktyabrın 16-da keçirilmiş partiya qurultayında müəyyən qaragüruhçu çıxışlara etiraz edən Nəriman Nərimanov demişdir: “Biz bu sahibkarların mədən və zavod, fabrik, banklarını əlindən aldıq. İstehsal müəssisələrini, məişət binalarını da götürdük. Amma bəzi yoldaşlar elə təkliflər edirlər ki... Tağıyevin, Nağıyevin kostyumunu, hətta onların qadınlarının bəzək və geyimlərini soyundurub almalıyıq. Çox təəssüf edirəm. Siz bunu burjuaziyadan intiqam almaq kimi qəbul etsəniz də, bura Şərqdir. Burada namus məsələsi var. Əgər belə etsək, nəinki burjuaziya nümayəndələri, elə o fəhlələrin də izzət-nəfsinə toxunmuş oluruq”.

Nəriman Nərimanov Azərbaycan SSR XKS-nin sədri seçildikdən sonra da Azərbaycan xalqının milli maraqlarını qorumaq üçün səylə çalışmışdır. Sovet hakimiyyətinin ilk illərində respublikamızın xarici siyasətdə müstəqilliyi, habelə nefti üzərində suveren hüquqlara malik olması üçün əzmlə mübarizə aparmış, lakin mərkəz buna imkan verməmişdir. V.İ.Leninə, İ.V.Stalinə yazdığı şikayət dolu məktublarda bütün bunları görmək mümkündür. Nəriman Nərimanov eyni zamanda Azərbaycanın bir çox ziyalı, elm xadimlərinin represiyaya uğramasının qarşısını almışdır. Bütün bunlara etiraz edən daşnak-bolşevik ideoloqları isə Moskvaya ünvanladıqları məktublarda bu şəxsiyyəti millətçi kimi təqdim edir, onun ciddi problemə çevrildiyini söyləyirdilər. Bu da təsadüfi deyildir ki, görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun 100 illik yubileyini qeyd etmək, onun heykəlini ucaltmaq üçün Ulu Öndər Heydər Əliyev sovet imperiyasının rəhbərliyi ilə mübarizəyə iki ilə yaxın vaxt sərf etmişdir. Sonda istəyinə nail olmuşdur.  

44 günlük Vətən müharibəsində “Dəmir yumruq”la erməni faşizminin bütün xam xəyalları yox edildi, Azərbaycan dövlətinin necə dəhşətli bir düşmənə qalib gəldiyini gördük. Ermənilər arasından növbəti Şaumyanların, Nijde Qaragenlərin, Köçəryanların, Sarkisyanların və daşnak əqidəsinə sadiq yeni cəlladların yetişməsinə imkan verməmək bu regionda sülh, əməkdaşlıq, davamlı inkişaf, fərqli mədəniyyətlərə hörmət ruhu arzulayan hər kəsin birgə missiyasıdır.

 

 

İradə ƏLİYEVA,

Azərbaycan .-2022.- 3 aprel.- S.6.