Gədəbəyin balı da adı ilə tanınır

 

 

Təbii iqlimi, zəngin bitki örtüyü ilə seçilən Gədəbəydə arıçılığın inkişafı üçün hər cür şərait var. Bu şəraitdən istifadə edən rayon sakinləri son illər iqtisadi cəhətdən səmərəli olan arıçılığa daha çox maraq göstərir, məhsuldar arı ailələrinin artırılması üçün  tədbirlər görürlər. Arıçılığın inkişafı ilə əlaqədar dövlət tərəfindən verilən subsidiya da rayonda sahənin inkişafına əlavə stimul verir.

Gədəbəy Aqrar İnkişaf Mərkəzinin direktoru Asəf Nağıyevlə söhbət zamanı məlum oldu ki, rayonda 336 nəfər arıçılıqla məşğul oluronlar ümumilikdə 10 min 970 arı ailəsinə qulluq edirlər. Keçən il rayon arıçılarının zəhməti hədər getməmişdir. Onlar nəzərdə tutduqlarından çox - 70 tondan artıq bal istehsal etmişlər. Bu artımda  Prezidentin müvafiq sərəncamına uyğun olaraq arıçılığın inkişafının stimullaşdırılması məqsədilə saxladıqları hər arı ailəsinə görə təsərrüfat sahiblərinə verilən subsidiyanın rolu böyük olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, bu il də həmin sərəncama əsasən Gədəbəy arıçılarına 109 min 700 manat subsidiya verilmişdir.

Rayonda istehsal olunan balın satışında da problem yoxdur. Elə arıçılar var ki, öz məhsullarını Bakıda təşkil olunan yarmarkalarda satışa çıxarırlar. Keçən il rayon arıçılarından 4 nəfər demək olar ki, bütün məhsullarını yarmarkada satmışlar. Bəzilərinin isə istehsal etdikləri balı elə qapıdaca alırlar. Dəyirmandağ kəndinin sakini Rafiq Nağıyev kimi. Rayon mərkəzindən o qədər uzaq olmayan bu kənddə yaşayan Rafiqin qapısı daim müştəri ilə dolu olur. Çünki bilirlər ki, onun istehsal etdiyi bal olduqca keyfiyyətli təmizdir. Hazırda Rafiq Nağıyev 35 arı ailəsinə qulluq edir.

Rayonda bu gəlirli sahənin sirlərini dərindən bilən çoxlu arıçı var. Onlardan Slavyanka kəndinin sakinləri OrucArzu Rzayevləri, eləcə də İsaalı kəndinin sakini Əjdər İsmayılovu və Kiçik Qaramurad kəndinin sakini Arzu Tanarquliyevi misal göstərmək olar.

Qoşabulaq kəndinin sakini Hafiz Əhmədov da uzun illərdir arıçılıqla məşğul olur. O, keçən il 55 arı ailəsinə baxırdısa, bu il onların sayını 60-a çatdırıb. Ötən il 600 kiloqramdan çox bal əldə edən Hafiz cari ildə bu rəqəmi 700 kiloqrama çatdırmağı qarşısına məqsəd qoyub. Deyir ki, bunun üçün hər cür imkan və şəraiti var.

Dəyirmandağ kəndinin sakini Asəf Nağıyev arıçılıqla dədə-babadan məşğul olur. Hazırda 45 arı ailəsinə qulluq edir. Keçən il 400 kiloqramdan çox bal istehsal edən arıçı bu il məhsulunun daha çox olacağını deyir. İstehsal etdiyi balın keyfiyyəti yüksək olduğundan satışda da problemlə üzləşmir.

Rayonda arıçılardan söz düşəndə Arıqıran kəndinin sakini Yəhya İsgəndərovun da adını çəkirlər. Son bir neçə il ərzində arı ailələrinin sayını 102-yə çatdıran Yəhya İsgəndərov bal istehsalını ilbəil artırır.

Gədəbəy həm də qonaq-qaralı yerdir. Rayonun əsrarəngiz təbiətindən zövq almaq üçün hər il minlərlə turist istirahət günlərini burada keçirir. Xüsusilə yay aylarında Gədəbəydə dincələn istər yerli və istərsə də xarici turistlər evlərinə balsız qayıtmırlar. Onlar bəzən balın süzülməsini öz gözləri ilə görür, prosesdə iştirak edirlər. Bu isə o deməkdir ki, hər bir alıcıda balın təmizliyinə şübhə qalmır.

İndi Gədəbəy təbiətinin oyanan çağıdır. Qar altından boylanan al-əlvan çiçəklər insanın ruhunu oxşayır. Söz yox ki, bir azdan arılar bu çiçəklərə qonaraq min bir dərdin dərmanı olan bal toplamağa başlayacaqlar. Odur ki, arıçılar indidən geniş hazırlıq işlərinə başlamışlar. Arının dilini bilən arıçılar çalışırlar ki, mövsümə hazırlıq işlərini yüksək səviyyədə və vaxtında başa çatdırsınlar.

 

 

Sabir ƏLİYEV,

Azərbaycan.-2022.- 3 aprel.- S.5.