Fəxriyyə Xələfova: “Məqsədimiz
dünyaya “Qarabağ
kəlağayısı” brendini təqdim
etməkdir”
Beynəlxalq Muğam Mərkəzində Əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfovanın “Xarıbülbül-milli simvolumuz adlı kolleksiyasının təqdimatı keçirilib. Geyimlər sərgi formatında nümayiş olunub.
F.Xələfova AZƏRTAC-a müsahibəsində bildirib ki, müqəddəs savaşın möhtəşəm zəfərindən sonra incəsənətin bir çox istiqamətlərində “Qarabağ” mövzusu ən aktual mövzulardan biridir. Artıq “Qarabağ şahzadəsi” adlı bir geyim kolleksiyam nümayiş olunub. Kolleksiyada İbrahimxəlil xanın sevimli qızı Ağabəyim ağanın Fətəli şahın xanımının obrazı vəsf olunub. Ağabəyim ağa da ömrü boyu vətən həsrəti ilə yaşayıb. Könül dərdlərini bayatı, qoşma və qəzəllərlə dilə gətirib. Şuşadan uzaqda xarıbülbülün bitməməsindən məyus olaraq dərdini belə dilə gətirib:
"Vətən bağı” al-əlvandı,
Yox içində "Xarıbülbül”!
Ömür sürməli dövrandı,
Səsin gəlsin barı,
bülbül...
Sərgi vasitəsilə təqdim etdiyim kolleksiyamı isə “Xarıbülbül-Çiçəklənən arzularımız” adlandırmışam. Xarıbülbül çiçəklərin baş tacıdır!...Şuşa dağlarında yetişən qeyri-adi bir güldür.
Bu gözəl çiçək Vətənimiz Azərbaycanın, Qarabağın, Şuşanın rəmzidir.
“Xarıbülbül
artıq bizim libaslarımızda, ipək
şarflarımızda çiçək açıb. Xaribülbül gülü
planetin 10 nadir
çiçəkləri siyahısındadır. Təbii ki, Xarıbülbül çiçəyinin
müxtəlif versiyalarda təsviri müasir geyimlərdə böyük
maraq doğurur.
Müxtəlif parçaların üzərində təsvir
etmək üçün artıq
Xarıbülbül çiçəyinin ilk
tekstil nümunəsini yaratmışam. Həmçinin
kolleksiyamda təqdim etdiyim
əsas istiqamət “Qarabağ” kəlağayılarıdır.
Digər xanlıqlarda olduğu kimi, Qarabağda da kəlağayılar istehsal
olunurdu. Yaxın Şərq və Qafqaz xalqları arasında geniş
yayılmış kəlağayılar ölçü
və rəng cəhətdən müxtəlif olublar. Adətən yaşlı qadınlar tünd, geniş ölçülü, gənc qadınlar isə
ağ və əlvan rəngli kiçik ölçülü
kəlağayılara üstünlük
verərdilər. Qarabağ
xanlığında milli geyimlərimizdə
xüsusi sənətkarlıq nümayiş olunub.
İncəsənət, memarlıq, tətbiqi incəsənət
Qarabağda çox inkişaf etmişdir. Bu gün Qarabağ
kəlağayılarını müasir üslubda istehsal etmək,
qədim naxışları bərpa etmək lazımdır. Basma naxış üsulu
ilə naxışlanan Şərq motivli
haşiyəli kəlağayılar ölkəmizin sərhədlərindən
kənarda da şöhrət qazanıb. Məqsədimiz
dünyaya “Qarabağ
kəlağayısı” brendini təqdim
etməkdir. Sərgidə təqdim etdiyim kolleksiyamda mənim ilk
nümunələrim nümayiş olunur. Sərgi zamanı tamaşaçılar
Qarabağ kəlağayılarına çox maraqla diqqət
yetirdilər və artıq hər kəs onlardan
istifadə etmək istəyir. Həmçinin Azərbaycanda milli dəyərlərimizi yaşadan
zərif kəlağayı örtən qadınlarımız da çoxdur. Onlar bu örtüklərdə
daha cazibəli, daha füsunkar görünürlər. Kəlağayılarımız
hər zaman naz-qəmzəli, şux yerişli Azərbaycan
qadınlarının bənzərsiz gözəlliyinə xüsusi bir sirr, müəmma qatmışdır. Bu kəlağayılar “Qarabağ
kəlağayısı” brendi olaraq müxtəlif moda
festivallarında dünya ictimaiyyəti tərəfindən
də böyük maraqla
qarşılanacaq”,- deyə F.Xələfova qeyd
edib.
Azərbaycan.-
2022.- 19 aprel.- S.8.