Misir–Azərbaycan Dostluq Cəmiyyətinin
sədri: “Şuşa
dünya azərbaycanlılarının həmrəyliyinin
rəmzidir”
Dünya Azərbaycanlılarının V Qurultayının nümayəndəsi kimi vurğulamaq istəyirəm ki, bu mötəbər tədbirin keçiriləcəyi Şuşa şəhəri azərbaycanlıların həmrəyliyinin rəmzidir. Vətən müharibəsində dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir amal uğrunda Prezident İlham Əliyevin ətrafında birləşməsi və vahid yumruq kimi düşmənə qarşı açılan informasiya cəbhəsində iştirakı göstərdi ki, biz bir olanda hər şeyə qadirik.
Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri tədqiqatçı-alim Seymur Nəsirov söyləyib. O əlavə edib ki, rəhbərlik etdiyi diaspor təşkilatı hər zaman Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində səylər göstərib, Azərbaycan həqiqətlərini Misir və digər ərəb ölkələrinin ictimaiyyətinə çatdırıb. Diaspor sədri deyib: “Artıq ənənə halını almış Dünya Azərbaycanlılarının növbəti Qurultayının işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq dövrünə təsadüf etməsi və bu mötəbər tədbirin “Şuşa İli”ndə Azərbaycanın mədəniyyət paytaxtında keçirilməsi məhz həmrəyliyin rəmzidir. Qurultayın gündəliyinə daxil edilmiş “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr” və “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzuları da aktualdır. Düşünürəm ki, 65 ölkədən, o cümlədən Yaxın Şərqdən qurultayda iştirak edəcək nümayəndələr üçün Şuşanı görmək, onun havasını udmaq və suyunu içmək də bir xoşbəxtlik mənbəyi olacaq. Çalışacağıq ki, oradakı çıxışlarımızda və aparacağımız təcrübə mübadiləsində doğma Vətənimizin təbliği istiqamətində yeni təkliflər irəli sürək. Bu, hər birimiz üçün çox faydalı olacaq”.
S.Nəsirov daha sonra vurğulayıb:
“Diaspor təşkilatları, o cümlədən mənim rəhbərlik etdiyim Misir-Azərbaycan Dostluq
Cəmiyyəti xalqımızın ədalətli mövqeyinin dünyaya
çatdırılması işində iki
əsas istiqaməti rəhbər tutacaq. Bunlardan birincisi, elmi tədqiqatlar və tarixi
sənədlər əsasında ölkəmizin təbliğidir.
Digər mühüm məsələ isə
texnologiyanın son nailiyyətlərindən
daha çox istifadə
edilməsi və sosial mediada
xaricdə yaşayan alimlərimizin, tələbələrin
fəallığının artırılmasıdır. Zənnimcə,
qurultayda bu məsələlər
ətrafında faydalı fikir mübadiləsi
aparılacaq”.
Azərbaycan.-
2022.- 19 aprel.- S.8.