Kütləvi etirazlar və artan yoxsulluq
Ermənistanda iqtisadi-sosial vəziyyətlə
bağlı Dünya Bankının proqnozu bədbindir
Ermənistanda siyasi qarşıdurmanın daha da dərinləşməsi, müxalifətlə hakimiyyət arasında ziddiyyətlərin kəskinləşməsi müşahidə olunur. Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə İrəvanda müxalifət müddətsiz etiraz aksiyalarına başlayıb.
"Şərəfim var" fraksiyasının lideri və Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Artur Vanetsyan bildirib ki, polis etirazçıların çadır qurmaq cəhdinin qarşısını alıb və bir neçə nəfəri saxlayıb. Vanetsyan aksiyada "Mən buradan heç yerə getmirəm", "Qeyri-müəyyən etirazlara başlayırıq" kimi şüarlar səsləndirib.
Artur Vanetsyan Paşinyanın istefasına nail olmaq üçün "yol xəritəsi"nin tərtib olunacağını bildirib.
Siyasi proseslərin fonunda Paşinyanın reytinqinin sürətli şəkildə aşağı düşməsi hakimiyyət daxilində gərginlik yaradıb. İqtidar həm mitinqdəki izdihamdan, həm də müxalifət qruplarının birgə fəaliyyət göstərməsindən çox narahatdır. "İravunk" qəzeti yazır ki, hakimiyyət orqanları xüsusən sosial şəbəkələrdə müxalifətin artan hücumlarından qorxublar. Qeyd olunur ki, baş nazirin durmadan enən reytinqi qarşısında hamıya hazır olmaq və sosial meydanda heç kimə aman verməmək tapşırığı verilib. Əks təqdirdə hamını işdən qovulmaq təhlükəsi gözləyir: "Saxta istifadəçilər Paşinyanın atdığı addımları tərifləməyə başlamalıdır. Ən əsası mümkün variantlarla opponentləri neytrallaşdırmaq, onları gözdən salmaq, inqilaba qədər kim olduqlarını başa salmaq tələb olunur. Bütün bunlar da hökumət üzvlərini özlərindən çıxarır. Çünki onlardan "feyk fabriklər"i doldurmaq və Paşinyanla müxalifət arasında sipər rolunu oynamaq tələb olunur".
Bildirilir ki, sosial şəbəkələrdə mitinqlərə gətirmək üçün insanlara pul paylanıldığı, vilayətlərdən müxtəlif insanların toplandığı, mitinqin Rusiyanın Ermənistandakı səfirliyinin köməyi və hətta maliyyə dəstəyi ilə təşkil edildiyi barədə rəy formalaşdırılır.
Ölkənin sabiq polis rəisi Vladimir Qasparyan deyib ki, Ermənistan dövlətçiliyini itirir, başqa dövlətlərin nümayəndələri ilə söhbət edə biləcək bir kimsə yoxdur: "Ölkə daxilində anarxiya hökm sürür və bizim məsələlərimiz xaricdə bizsiz həll olunur. Əksəriyyət buna laqeyddir. Cəmiyyət ağ-qaralara bölünüb, hər kəs "mənimdir", "sənindir" söhbəti ilə məşğuldur. Bunun son olduğunu başa düşmürsüz? Ermənistan tezliklə yox olacaq".
Bütün bunların fonunda iqtisadiyyatı getdikcə daha sürətli tənəzzül mərhələsinə qədəm qoyan Ermənistanı böyük problemlər gözləyir. Ukraynadakı hərbi əməliyyatlar da Ermənistan iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərməkdədir. Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun iqtisadiyyatına həsr etdiyi məruzədə bildirilib ki, Ermənistan Rusiya ilə sıx iqtisadi əlaqələrə malikdir, 2018-2022-ci illərdə Ermənistanın ixracının 28 faizi, idxalının isə 30 faizi Rusiyanın payına düşüb. 2021-ci ildə Rusiyadan pul göndərişləri ÜDM-in 5 faizini təşkil edib, birbaşa xarici sərmayələrin xalis həcminin 41 faizi Rusiyanın hüquqi şəxslərinə aid olub. Ölkəyə gələn bütün turistlərin 40 faizi Rusiyanın payına düşür.
2022-ci il üçün Ermənistan iqtisadiyyatının hərbi əməliyyatlara qədər 5,3 faiz göstərilən artım proqnozu pul göndərişlərinin və real əməkhaqqı səviyyəsinin minimum səviyyəyə enməsi, investisiya qoyuluşuna təsir göstərən qeyri-müəyyənliyin artması, eləcə də Rusiyaya ixracın azalması, qlobal və regional iqtisadi artımın ləngiməsi nəzərə alınmaqla 1,2 faizə endirilib.
Dünya Bankının proqnozuna əsasən, 2022-ci ildə Ermənistanda əhalinin yoxsulluq səviyyəsi 39,6 faizə çata bilər ki, bu da müharibənin olmaması ssenarisi ilə müqayisədə 3 faiz bəndi yüksək göstəricidir. Qeyd edilib ki, iqtisadiyyatın kövrəkliyi pul göndərişlərinin azalmasına, kommunal xidmətlərin qiymətlərinin yüksəlməsinə və ərzaq məhsullarının bahalaşmasına görə arta bilər. Ölkə iqtisadiyyatı ilə bağlı proqnoz dəyişkən qlobal və regional şərtlərlə əlaqədar qeyri-müəyyəndir.
Ermənistanın sabiq maliyyə naziri, ictimai maliyyənin idarə edilməsi üzrə beynəlxalq mütəxəssis Vardan Aramyan 2022-ci il üçün proqnozları təhlil edərkən deyib ki, hökumətin cari il üzrə aparılan proqnozlaşdırmalarında ölkədəki mövcud iqtisadi potensialı düzgün qiymətləndirilmədiyi qənaətindədir. Sabiq nazir hökumətin mütəxəssislərin xəbərdarlıqlarına məhəl qoymamasından təəssüfləndiyini bildirir, əvəzində isə parlamentdəki çoxluğu və icra hakimiyyəti orqanlarını xalqın rəğbətini qazanmaq üçün populist addımları ilə ölkədə iqtisadi vəziyyəti daha da ağırlaşdırmaqda qınayır. Aramyanın fikrincə, 2022-ci il yanvarın 1-dən "artan" pensiya və müavinətlərlə bağlı verilən qərar da iqtisadi cəhətdən əsaslandırılmayıb. "Mən burada ciddi risklər görürəm. Belə bir öhdəlik götürəndə ixtisar demək olar qeyri-mümkün olur. Nənə və babalara sonradan deyə bilməzsən ki, iqtisadi vəziyyətin sənin pensiyanı artırmağa imkan vermədiyini qabaqcadan görməmişəm", - deyə bildirib.
O, qeyd edir ki, belə qərarlar inflyasiyanın ağrılarını azaltmaq məqsədilə qəbul olunur və bu zaman sosial məsuliyyət hissi unudulur. İlin əvvəlində ölkədə yalnız ərzaq məhsulları üzrə bahalaşmanın artıq 20 faizə çatdığını deyən sabiq nazir tendensiyanın geridönməz olduğuna əmindir. İqtisadiyyatın sütunlarını təmin etmədən sosial məsələləri həll etmək yanlışdır, çünki bu ilin problemi həll edilmirsə, gələn il daha böyük problem yaşanılacaq.
Bunlar Ermənistanın üzləşdiyi ümumi böhranın daha da dərinləşəcəyindən xəbər verir və ölkənin indi daha böyük sürətlə öz məhvinə doğru sürükləndiyini göstərir.
Elçin CƏFƏROV
Azərbaycan.-
2022.- 19 aprel.- S.9.