Gözəllik nümunəsi - Azərbaycan kəlağayıları
Dəyərlərdən
gələn zəriflik
Kəlağayı hazırlamaq xüsusi ustalıq tələb edir. Ancaq əvvəlcə material diqqətlə seçilməlidir. Kəlağayı ipək saplardan toxunur. Azərbaycan qədim zamanlardan ipəkçilik mərkəzlərindən biri sayılıb. Əlverişli iqlimi baramaçılığın inkişafına şərait yaradıb. Yüksək keyfiyyətli ipək saplar hazırlanıb. Onlardan toxunan parçalar zərifliyi ilə seçilib, bəyənilib.
Şamaxı Azərbaycanda ən qədim ipəkçilik mərkəzi sayılır. Şamaxı ilə yanaşı, Azərbyacanın digər bölgələrində, Gəncə, Şəki, Şuşa kimi şəhərlərində də yüksək keyfiyyətli ipək istehsal olunduğu barədə ayrı-ayrı əsrlərdə yaşamış səyyahların əsərlərində məlumatlar var. XIV əsrin ikinci yarısından Ordubad və Culfa ipək ticarətinin ən iri mərkəzləri kimi tanınıb.
Böyük İpək yolunun Azərbaycandan keçməsi, xarici ölkələrlə ticarət əlaqələrinin genişlənməsi bir sıra sahələr kimi ipəkçiliyin də inkişafına təkan verib. Böyük İpək yolunun yaranması Avropada da ipəyə tələbatı yüksəldib. Saf ipək çox bahalı olub, qiyməti qızılla dəyərləndirilib.
Georq Forster 1784-cü ildə Şirvandan 400 tonadək ipəyin Həştərxana aparıldığını qeyd edib. O zaman Gəncə, Şuşa, Şəki şəhərləri, eləcə də Basqal Azərbaycanın ən böyük ipəkçilik mərkəzlərindən sayılırdı.
Azərbaycanda əsrlərdir ki, kəlağayılar toxunur. Basqalda kəlağayılara bəzək vurmaq üçün istifadə edilən ornamental taxta qəliblər, əsasən qoz və palıd ağaclarından hazırlanıb. Tarixçi Mais Cəfərov kəlağayıların əvvəllər fərdi şəkildə, sonralar isə kəlağayı istehsal edən xüsusi müəssisələrdə hazırlandığını qeyd edib. Tədqiqatçılar orta əsrlərdə Azərbaycan ərazilərində kəlağayı istehsal edən kiçik müəssisələrin olduğunu bildiriblər. XVIII əsrdən dünya bazarlarında Basqal kəlağayılarının çox dəyərli olduğunu Qafqaza səfər edən səyyahlar da yazıblar. 1862-ci ildə Azərbaycanda olmuş rus səyyahı Pyotr Paşino "Kafkazskiy vestnik" qəzetində ucqar Basqal əyalətində kustar üsulla toxunan parçaların, həmçinin kəlağayıların bədii xüsusiyyətlərinə görə dövrün toxuculuq sənayesi nümunələri səviyyəsindən geri qalmadığını qeyd edib.
İlk dəfə 1862-ci ildə Azərbaycan Londonda keçirilən ümumdünya sərgisində iştirak edib. Sərgidə basqallı kəlağayı ustası Nəsir Abduləziz oğlu nümayiş etdirdiyi nəfis kəlağayı və zərif qanovuz parçaya görə gümüş medal və xüsusi diplomla mükafatlandırılıb. O, London təəssüratlarından bəhs edərkən deyib: "İngilis xanımları macal vermədilər ki, camaat bir kəlağayıya tamaşa etsin. Bir anın içində yarmarkada keçirilən satış sərgisində hamısını aldılar. Qaldım mat-məttəl baxa-baxa. Gərək çox aparaydım. Allah qoysa, bu səfər çox apararam".
1902-ci ildə Tiflisdə çağırılmış Qafqaz kustar sənayesi işçilərinin I qurultayına aid sənəddə qeyd olunub: "Ustaların hamısı savadsız olsalar belə, sənətkarlıqda öz avropalı həmkarlarını arxada qoyurlar. Onların hazırladıqları məmulat öz bədiiliyi və yaraşığı ilə adamı heyran edir. Avropada işlədilən maşınlar və başqa dəzgahlar burada yoxdur. Onların hazırladıqları məhsul gərgin işin və bacarıqlı əllərin bəhrəsidir".
Məlumata görə, Birinci Dünya müharibəsi ərəfəsində Basqalda 1500 dəzgaha malik 900 kustar şərbafxana olub. İl ərzində 1 milyon 800 min ədəd kəlağayı istehsal edilib. Onları boyamağa Basqal boyaqxanalarının gücü yetmədiyindən xeyli hissəsini Şamaxı, Gəncə və Bakıya göndəriblər.
Orta əsrlərdə kəlağayılara buta formasında naxışlar vurulub. Mütəxəssislərin qənaətincə bu, istehsalçının möhürü hesab edilib. Belə ki, istehsalçı yumruğunu boyaya salıb sonra kəlağayının üstünə vurub. Həmin yumruq izindən kəlağayının hansı ustaya məxsus olduğunu bilmək mükün olub. İllər keçdikcə kəlağayıların üzərinə yumruqla vurulan buta forması da təkmilləşdirilib və bu, ənənəyə çevrilib.
Kəlağayılar üzərindəki naxışlarla, haşiyələrlə, təsvirlərlə fərqlənib. Psixoloq Rəna İbrahimbəyova kələğayının insan həyatını təsvir etdiyini diqqətə çatdırıb: "Kələğayı naxışlarının müəyyən sistemi var və onu hazırlayan hər kəs o sistemə riayət etməlidir. Kələğayının üzərindəki naxışlar kainatın və dünyanın quruluşunu təsvir edir. Örpəyin kənarındakı haşiyə dağ anlamındadır, bu insanları qoruyur. Ortadakı haşiyə isə o biri dünyanı təsvir edir və naxışlardan göründüyü kimi, o dünya indikindən daha rəngli və mürəkkəbdir".
Azərbaycanın müxtəlif regionlarında ornamentlərinə görə fərqlənən kəlağayılar istehsal olunub. "Heyratı", "Soğanı", "İstiotu", "Albuxarı", "Abi", "Yeləni" adlı əlvan kəlağayılar böyük şöhrət qazanıb. Şəki və Basqal kəlağayıları sırasında "Şah buta", "Saya buta", "Xırda buta" çeşnilərindən daha çox istifadə edilib.
Kəlağayının yüksək keyfiyyətlə hazırlanması üçün hər zaman ipəklər qədər, müxtəlif rəng cövhərlərinin seçilməsi də əhəmiyyətli sayılıb. Boyaqlar müxtəlif bitki növlərindən - zirinc, sumaq, narınc, cır alma, zəfəran, qarağat və başqa bitkilərdən hazırlanıb.
Kəlağayılar Azərbacan xalqının yalnız məişətini, adət-ənənlərini deyil, həm də mədəniyyətini əks etdirir, yüksək mənəvi dəyərlərinin nümunəsi kimi qəbul olunur. Qədimdən ölkəmizdə bu baş örtüyünə xüsusi məna veriblər. Birinə kəlağayı bağışlamağın, qonaq getdiyin evə hədiyyə aparmağın keçmişdə mənəvi dəyəri çox böyük idi. Nişan üzüyü, adətən qırmızı kəlağayıya bükülür, gəlin gətirilərkən isə onun başına ağ örpək örtürdilər. Gənc qızın evlilik yaşında olan oğlana kəlağayı verməsi sevgisinin etirafı sayılırdı. Yaşlı qadınlar tünd, gənc qadınlar isə ağ və əlvan rəngli kəlağayılar örtürdülər. Bu baş örtüklərindən yalnız yaşa görə deyil, həm də ovqata görə istifadə edirdilər. Belə ki, qadınlar yas mərasimində qara, toy mərasimində isə əlvan naxışlı kəlağayılar örtürdülər.
Azərbaycanda qadınlar baş örtüyündən daha az istifadə etməyə başladıqdan sonra kəlağayılara da tələbat azaldı. Ancaq bu baş örtükləri mənəvi dəyərini heç zaman itirmədi. Kəlağayılar Azərbaycan xalqının mədəniyyətinin və mənəviyyatının ən gözəl nümunələrindən biridir. UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənətinin "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi də bunun təsdiqidir.
Zaman göstərir ki, əsrlər ötsə də, insanların həyata baxışı, düşüncələri və dəblər dəyişsə də, kəlağayılar heç vaxt köhnəlik nümunəsi sayılmayacaq, dəbdən düşməyəcək. Azərbaycan xalqı gözəlliyin, zərifliyin, nəcibliyin, yüksək mənəviyyatın əksi olan kəlağayıların istehsalı ənənələrini davam etdirəcək və dünyada tanıdacaq.
Z.FƏRƏCOVA
Azərbaycan.-
2022.- 19 aprel.- S.10.