Azərbaycanla Kuba beynəlxalq miqyasda bir-birini tam dəstəkləyir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev aprelin 19-da Kuba Respublikasının
ölkəmizdə yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la
Konsepsyonun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir
etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Dövlətimizin
başçısı ikitərəfli münasibətlərimizin
uğurla inkişaf etdiyini vurğulayaraq Kuba Prezidentinin
Qoşulmama Hərəkatının Bakıda keçirilən
Zirvə Görüşündə iştirak etmək
üçün Azərbaycana səfərini və onunla
görüşünü məmnunluqla xatırladı,
görüş zamanı əlaqələrimizin geniş
gündəliyi ilə bağlı məhsuldar
danışıqların aparıldığını bildirdi.
Prezident İlham Əliyev qeyd etdi
ki, Azərbaycanla Kubanın beynəlxalq təşkilatlarda, o
cümlədən BMT və Qoşulmama Hərəkatında əməkdaşlığı
ölkələrimizin bir-birini həmişə dəstəkləməsinin
yaxşı nümunəsidir.
Dövlətimizin
başçısı iqtisadi, mədəni, tibb, idman və
digər sahələrdə ikitərəfli münasibətlərimizin
inkişafı üçün yaxşı perspektivlərin
olduğunu vurğuladı və ənənəvi sahələrdən
başqa, yeni sahələrin, investisiya imkanlarının
müəyyənləşdirilməsinin də önəmini
qeyd etdi. Prezident İlham Əliyev səfirə fəaliyyətində
uğurlar arzuladı.
Xoş sözlərə görə
minnətdarlığını bildirən Karlos Enrike Valdes de
la Konsepsyon, ilk növbədə, Kuba Respublikasının
Prezidenti Migel Dias-Kanel Bermudesin salamlarını dövlətimizin
başçısına çatdırdı. Səfir qeyd etdi
ki, Kuba Prezidenti dövlətimizin başçısı ilə
Bakıda keçirdiyi görüşü və Azərbaycan
Prezidentinin sədrliyi ilə Qoşulmama Hərəkatının
Bakı sammitini məmnunluqla xatırlayır.
Dövlətimizin
başçısı salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını Kuba Prezidentinə
çatdırmağı xahiş etdi.
Səfir ölkələrimiz
arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələrə
əsaslanaraq iqtisadi, turizm və digər sahələrdə əməkdaşlığın
genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini
dedi.
Azərbaycan.-
2022.- 20 aprel.- S.2.