BƏƏ Azərbaycana investisiya layihələrini daha da artıracaq

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşinin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Məhəmməd Əl Bluşi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə dinamik şəkildə uğurla inkişaf etdiyini bildirdi. Abu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl-Nəhyanla telefon söhbətini xatırladan Prezident İlham Əliyev həmin söhbət zamanı əlaqələrimizin daha da intensivləşdirilməsinin vacibliyini bildirdiyini vurğuladı. Dövlətimizin başçısı məmnunluqla qeyd etdi ki, bu telefon danışığından sonra Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Abu-Dabi Milli Neft Şirkətinin idarəedici direktoru, BƏƏ-nin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi, “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caber Azərbaycanda səfərdə oldu və səfər zamanı əməkdaşlığımızın strateji əhəmiyyəti qeyd edildi, həmçinin BƏƏ-nin ölkəmizdə konkret investisiya layihələri ilə bağlı səmərəli müzakirələr aparıldı. Prezident İlham Əliyev bu baxımdan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulmasının önəmini vurğuladı, hazırda ölkələrimiz arasında bərpaolunan enerji sahəsində çoxmilyardlı investisiya portfeli üzərində aparıldığını bildirdibunu iki ölkə arasında dostluq, qardaşlıq və böyük qarşılıqlı marağın göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanda çox əlverişli investisiya iqlimi, cəlbedici enerji sektoru mövcuddurbu, BƏƏ hökuməti tərəfindən də yüksək qiymətləndirilir. Prezident İlham Əliyev ölkələrimiz arasında möhkəm siyasi əlaqələrin olduğunu bildirdi, eyni zamanda, digər sahələrdə, o cümlədən nəqliyyat sahəsində də əməkdaşlığın genişlənməsi üçün böyük imkanların olduğunu dedi və artıq ölkəmizin nəqliyyat infrastrukturuna BƏƏ tərəfindən investisiya qoyulduğunu qeyd etdi. Azərbaycanın müxtəlif istiqamətlərə yönəlmiş çoxşaxəli mühüm regional nəqliyyat habına çevrildiyini vurğulayan dövlətimizin başçısı bu sahədə əməkdaşlığımızın genişləndirilməsi üçün çox yaxşı perspektivlərin olduğunu dedi.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir BƏƏ Prezidenti Şeyx Xəlifə bin Zayed Əl-Nəhyan, BƏƏ-nin vitse-prezidenti Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum və Abu-Dabi Əmirliyinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Xəlifə bin Zayed Əl-Nəhyan, Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum və Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyana çatdırmağı xahiş etdi.

Ölkələrimiz arasında güclü qardaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayan səfir BƏƏ-nin siyasi, iqtisadi, sosial, mədəni sahələrdə əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində böyük səylər göstərdiyini bildirdi.

 

Azərbaycan.- 2022.- 20 aprel.- S.2.