Milli Məclisin
sədri Sahibə Qafarova Gürcüstan
parlamentinin sədri Şalva
Papuaşvili ilə görüşüb
Milli Məclisin sədri Sahibə
Qafarova aprelin 19-da Gürcüstana rəsmi səfəri
çərçivəsində ölkə parlamentinin sədri
Şalva Papuaşvili ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Gürcüstan parlamentinin sədri azərbaycanlı həmkarını salamlayaraq qonşu və dost ölkə olan Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiklərini bildirib.
Şalva Papuaşvili iki ölkə arasında əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq müstəviyə yüksəldiyini, xüsusən siyasi, iqtisadi, nəqliyyat, ticarət, humanitar məsələlərdə möhkəm və uğurlu işbirliyi həyata keçirildiyini qeyd edib. O deyib ki, Gürcüstan və Azərbaycan bir-birini beynəlxalq təşkilatlar çərçivəsində hər zaman dəstəkləyir. Xalqlarımız arasında münasibətlərin tarixi köklərə əsaslandığını söyləyən spiker gələcəkdə bu əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib. Gürcüstan parlamentinin sədri ölkəsinin həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini qeyd edib.
Gürcüstan parlamentinin sədri Azərbaycanın işğaldan azad etdiyi ərazilərində həyata keçirdiyi bərpa-quruculuq işləri və bu işlərdə Azərbaycan rəhbərliyinin tətbiq etdiyi müasir yanaşmanı təqdirəlayiq hesab etdiklərini xüsusi vurğulayıb.
Azərbaycan və Gürcüstanın qanunverici orqanları arasında münasibətlərdən danışan Şalva Papuaşvili diqqətə çatdırıb ki, parlamentlərimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlıq mövcuddur. Bu baxımdan parlament rəhbərliyinin və deputatların qarşılıqlı səfərləri, mütəmadi görüşləri xalqlarımızın ümumi mənafelərinə xidmət edir.
Söhbət zamanı Gürcüstan parlamentinin sədri humanitar, mədəni, təhsil sahəsində əlaqələrimizin daha da inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Milli Məclisin sədri Sahibə Qafarova səmimi sözlərə və Gürcüstana rəsmi səfərə dəvətə görə həmkarına təşəkkürünü bildirib.
Sədr diqqətə çatdırıb ki, bu, onun Milli Məclisin sədri kimi Gürcüstana ilk rəsmi səfəridir. Qonşu və dost ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlərin çoxəsrlik tarixinə nəzər salan Milli Məclisin sədri deyib ki, xalqlarımız əsrlər boyu bir-birinə dəstək olub. Müstəqillik dövründə isə bir çox sahələrdə əlaqələrimiz daha da inkişaf edib və bu il ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyini qeyd edəcəyik.
Milli Məclisin sədri bildirib ki, Gürcüstan Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin fəal iştirakçısıdır. Birgə neft, qaz və nəqliyyat layihələri ölkələrimiz arasında güclü tərəfdaşlığın olduğunu göstərir. İki ölkənin parlamentləri arasında əməkdaşlıqdan danışan spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, qanunvericilik orqanlarımız arasında çox səmərəli əməkdaşlıq mövcuddur.
Azərbaycan və Gürcüstan münasibətlərinin inkişafında parlamentlərimiz özünəməxsus rola malikdirlər. Bu münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli formatda olan əməkdaşlıqda öz əksini tapır. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları var və milli nümayəndə heyətlərimiz beynəlxalq parlament təşkilatlarında qarşılıqlı təmas və sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. Parlament komitələrinin işi vasitəsilə ali qanunvericilik orqanları arasında münasibətləri daha da dərinləşdirmək üçün geniş imkanlar var. Komitələrimiz hüquqi, iqtisadi, humanitar və digər istiqamətlərdə qanunvericilik sahəsində təcrübə mübadiləsi apara bilərlər. Bu baxımdan, Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərinin beynəlxalq əlaqələr komitələrinin mövcud üçtərəfli əməkdaşlıq formatı çox faydalı ola bilər.
Söhbət zamanı Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə haqqında da danışıb. O, Vətən müharibəsi zamanı Gürcüstanın tutduğu ədalətli mövqeyə və dəstəyə görə təşəkkürünü ifadə edib. Bildirib ki, Azərbaycan Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan 20 faiz ərazisini azad edərək ərazi bütövlüyünü bərpa edib. Ölkəmiz bununla bir sıra beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin, həmçinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özü həyata keçirib. Spiker diqqətə çatdırıb ki, Ermənistan ərazilərimizi işğal altında saxladığı müddətdə oradakı bütün maddi-mədəni sərvətlərimizi talan edib, şəhərlərimizi və kəndlərimizi dağıdıb. Hazırda Azərbaycan məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün sürətli bərpa işləri aparır. Burada kommunikasiyaların bərpası, həyata keçiriləcək layihələr bütün regionun inkişafına təkan verəcəkdir.
Milli Məclisin sədri onu da deyib ki, biz müharibədən yox, sülhdən danışmaq istəyirik. Buna görə də Azərbaycan münasibətlərin normallaşdırılması üçün Ermənistana 5 maddədən ibarət təkliflər irəli sürüb. Ümid edirik ki, Ermənistan tərəfi öz üzərinə düşən öhdəliyi yerinə yetirəcək, tezliklə iki ölkə arasında sülh müqaviləsi imzalanacaq və regionda davamlı sülh, sabitlik təmin ediləcək.
Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Milli Məclisin sədri
“Fəxri qonaqlar kitabı”na ürək
sözlərini yazıb
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2022.-20 aprel.- S.4.