Azərbaycan, Gürcüstan və
Türkiyə parlament təmsilçiləri
Şuşada görüşəcəklər
Gürcüstan
parlamentinin spikeri Şalva Papuaşvili və Milli Məclisin sədri
birgə bəyanat veriblər
Gürcüstan Parlamentinin sədri
Şalva Papuaşvili və Milli Məclisin sədri Sahibə
Qafarovanın görüşündən sonra tərəflər
media nümayəndələri ilə görüşərək
birgə bəyanat veriblər.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri deyib ki, parlamentin sədri kimi Gürcüstana ilk rəsmi səfərini həyata keçirir. Dost Gürcüstana səfər etməyindən məmnunluq ifadə edən spiker Sahibə Qafarova Gürcüstan parlamentinin sədri Şalva Papuaşviliyə dəvətinə, nümayəndə heyətinə göstərdiyi qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Milli Məclisin sədri qeyd edib ki, bu səfər heç də təsadüfi xarakter daşımır. Azərbaycan və Gürcüstan iki mehriban qonşu və dost ölkələrdir. Xalqlarımız arasında dostluğun qədim tarixi var. Onlar əsrlər boyu bir yerdə olub, həmişə dostluq, mehriban qonşuluq şəraitində yaşayıblar, əməkdaşlığımız da məhz bu möhkəm təməl üzərində qurulub. Bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dövlətlərarası münasibətlərimiz ardıcıl şəkildə inkişaf edir.
Sahibə Qafarova vurğulayıb ki, ölkələrimiz arasındakı ikitərəfli əlaqələr çərçivəsində parlamentlərarası əməkdaşlıq xüsusi yerə malikdir və hazırda parlamentlərarası əlaqələrimiz çox yüksək səviyyədədir.
Biz Gürcüstan Parlamentinin sədri cənab Şalva Papuaşvili ilə parlamentlərimiz arasında mövcud olan münasibətlərin bugünkü vəziyyətini və inkişaf perspektivlərini nəzərdən keçirdik. Ötən dövr ərzində parlament sədrlərinin qarşılıqlı səfərləri əlaqələrimizin inkişafına öz töhfəsini verib. Hər iki ölkə parlamentində fəaliyyət göstərən dostluq qrupları qanunverici orqanlar arasında bir növ körpü rolunu oynayırlar.
Milli Məclisin sədri daha sonra deyib ki, görüş çərçivəsində gələcəkdə əməkdaşlığımızın daha da genişləndirilməsi yolları müzakirə olunub. Parlament komitələrimiz arasında qanunvericilik sahəsində təcrübə mübadiləsi mümkün istiqamətlərdən biri kimi nəzərdən keçirilə bilər. Bu baxımdan, Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərinin beynəlxalq əlaqələr komitələrinin mövcud üçtərəfli əməkdaşlıq formatı olduqca faydalıdır.
Sahibə Qafarova qeyd edib ki, görüşdə Azərbaycanın öz ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoymasından sonra görülən işlər haqda məlumat verib. Bildirib ki, hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərində öz imkanları hesabına geniş bərpa-quruculuq işləri həyata keçirir. Bütün infrastruktur yenidən bərpa olunur, yeni şəhərlər, kəndlər tikilir. Ermənistan bütün şəhər və kəndlərimizi qəsdən dağıdıb, bütün tarixi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub. İşğaldan azad edilmiş ərazilərdə görüləcək işlər çoxdur.
Milli Məclisin sədri gürcüstanlı həmkarı ilə görüşdə qeyd edib ki, postmünaqişə dövründə regionda artıq yeni reallıq və yeni əməkdaşlıq imkanları yaranıb. Bu imkanların reallaşdırılması regionda sülhə, sabitliyə və təhlükəsizliyə töhfə verəcəkdir. Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması üçün 5 prinsipdən ibarət təklif verib. Aprelin 6-da Brüsseldə keçirilmiş son görüş zamanı aparılan müzakirələr göstərdi ki, Ermənistan tərəfi bu təklifə müsbət yanaşır. Ümid edirik ki, Ermənistan vaxt itirmədən öz üzərinə düşəni edəcək. Regionda artıq müharibədən yox, sülh, sabitlik və əməkdaşlıqdan danışmağın vaxtıdır.
Media
nümayəndələri ilə görüşdə Sahibə
Qafarova dost Gürcüstana səfərinin faydalı olduğunu deyib. Spiker vurğulayıb ki, bu səfər zamanı aparılan
danışıqlar Azərbaycanla Gürcüstan
arasında əlaqələrin daha da inkişafına və möhkəmlənməsinə
öz töhfəsini verəcəkdir.
Aydan XƏLİLOVA
Azərbaycan.-
2022.-20 aprel.- S.4.