Niderlandın Baş nazirinin müavini Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində görülən işlər barədə məlumatlandırılıb

 

Aprelin 19-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Niderland Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Vopke Hoekstra ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazirlər iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə qarşılıqlı təbriklərini və xoş arzularını ifadə ediblər.

Tərəflər ikitərəfli gündəliyin cari məsələləri, habelə əlaqələrin inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar. Bu ilin 15 mart tarixində iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi məmnunluqla vurğulanıb və bu təcrübənin gələcəkdə davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində görülən işlər, bu xüsusda liderlərin Brüssel görüşündə əldə edilmiş razılaşmaların icrasının vacibliyi, eləcə də bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafına dair Azərbaycanın baxışlarına dair məlumat verib.

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Ukraynadakı vəziyyət, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Azərbaycan.- 2022.- 20 aprel.- S.5.