ABŞ
ATƏT-in Minsk qrupunda iştirakını dayandırdı
Rusiyadan sonra
rəsmi Vaşinqtonun da bu addımı atması Qarabağ
münaqişəsinin tam həll edildiyinin növbəti beynəlxalq
etirafı oldu
İkinci Qarabağ müharibəsinin
Azərbaycanın zəfəri ilə sona çatması
mühüm proseslərə də xitam verdi.
Onlardan biri "status-kvo" məsələsi,
digəri isə münaqişənin həlli
üçün yaradılmış ATƏT-in Minsk qrupu idi.
Artıq hər iki məsələ, demək olar ki, tarixin
arxivinə gömülüb.
Savaşın qalibi, Müzəffər
Komandan İlham Əliyevin böyük zəfərdən sonra
bəyan etdiyi kimi artıq Qarabağ münaqişəsi,
"status-kvo" yoxdur. Azərbaycan döyüş
meydanında güc göstərərək hərbi-siyasi qələbəsi
ilə "status-kvo"nu dəyişdirib.
Yaradıldığı vaxtdan
müharibəyədək regiona yalnız turist səfərləri
edən həmsədrlərin fəaliyyətini dəyərləndirməyə
də ehtiyac qalmayıb. Çünki İlham Əliyev aprelin
12-də ilin birinci rübünün yekunlarına həsr
olunmuş müşavirədə vasitəçilik
institutunun "fəaliyyətini" konkret olaraq belə qiymətləndirib:
3 diplomat + 28 il = 0.
Yəni, üç həmsədr
25 illik fəaliyyət döründə münaqişənin
nizamlanması istiqamətində ədalətli həll paketi təqdim
edə bilmədilər. Amma işğalçı Ermənistana
Qarabağda törətdiyi təxribatlara görə bir dəfə
də olsun sanksiya tətbiq edilmədiyi halda, Azərbaycana
qarşı illərlə ikili standartlar prinsipi
yürüdüldü, təzyiqlər edildi. Bunu görən
işğalçı dövlət də cəzasızlıq
mühitindən yararlandı. 44 günlük Vətən
müharibəsində isə Azərbaycan öz gücünə
bütün problemlərə son qoydu və bu gün diktəni
Qalib Komandan kimi İlham Əliyev edir. Azərbaycan Prezidenti qətiyyətlə
vurğulayır ki, artıq nə münaqişə var, nə
də onun "həlli" ilə məşğul olan
ATƏT-in Minsk qrupu.
Dünən isə İlham
Əliyevin fikirlərinə daha bir dəstək ABŞ-dan gəldi.
ABŞ keçmiş Dağlıq Qarabağ münaqişəsinin
ədalətli həlli məqsədi üçün
yaradılan ATƏT-in vasitəçilik institutu - Minsk qrupunun
tarixin arxivinə göndərilməsini təsdiqləyən
məlumat yaydı. Rusiyadan sonra ABŞ-ın da Minsk qrupunda fəaliyyətini
dayandıraraq özünün həmsədri Endru Şoferi
Qafqazda danışıqlar üzrə baş müşavir təyin
etdi. Endru Şoferin Ermənistana səfəri də məhz bu
vəzifədə reallaşıb, həmsədr kimi yox.
İlk olaraq bu addımı Rusiya
atmışdı. Bu barədə danışan Rusiya Xarici
İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya
Zaxarova bildirmişdi ki, sabiq həmsədr İqor Xovayev yeni
qisimdə - Rusiya Federasiyası xarici işlər nazirinin Azərbaycan
Respublikası və Ermənistan Respublikası arasında
münasibətlərin normallaşdırılmasına kömək
məsələləri üzrə xüsusi nümayəndəsi
kimi öz işini davam etdirəcək.
Beləliklə, Rusiyadan sonra Rəsmi
Vaşinqtonun da bu addımı atması Qarabağ
münaqişəsinin tam həll olunmasının növbəti
beynəlxalq etirafı oldu.
Xatirladaq ki, ötən həftə
ABŞ Dövlət Departamenti tərəfindən yayılan
hesabatda da Ermənistanın
insanlıq əleyhinə cinayətlər törətdiyi bəyan
edilmişdi. Departamentin Demokratiya, İnsan Hüquqları və
Əmək Bürosunun 2021-ci il dünya ölkələrində
insan hüquqlarının vəziyyətinə dair illik
hesabatının Ermənistan ilə bağlı hissəsində
İkinci Qarabağ müharibəsi zamanı
işğalçı ölkənin silahlı qüvvələri
tərəfindən beynəlxalq hüququn və Cenevrə
Konvensiyasının pozulması faktları öz əksini
tapmışdı.
R.BAXŞƏLİYEV
Azərbaycan. - 2022.- 20 aprel.- S.6.