İlham Əliyev Qafqazın inkişaf
strategiyasını müəyyənləşdirir
Azərbaycan Prezidentinin təklifi ilə
reallaşan yeni əməkdaşlıq
platforması bölgənin rifahının və təhlükəsizliyinin
zəmanətidir
İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri və rolunun, iqtisadi-siyasi münasibətlərinin daha da şaxələnməsini şərtləndirib.
Həyata keçirdiyi tam müstəqil siyasət, həmçinin sözünə, vədinə, prinsiplərinə sadiqliyini yürütdüyü diplomatiya ilə dəfələrlə isbatlayan Prezident İlham Əliyev postmüharibə dövründən sonrakı mərhələ üçün regionun inkişafının yol xəritəsini də müəyynləşdirir. Reallıqları dəyərləndirən Azərbaycan Prezidentinin ötən il irəli sürdüyü yeni əməkdaşlıq platforması - "3+3" formatının yaradılması təklifi artıq reallığa çevrilir. Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan əməkdaşlığını nəzərdə tutan bu platforma ilk növbədə bölgənin təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.
Azərbaycanın "3+3" formatının gündəliyi
ilə bağlı yeni planları
hazırdır
Azərbaycan hər zaman qonşu olan və olmayan digər dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı əlaqələrin genişləndirilməsinə böyük önəm verir. Məhz İlham Əliyev tərəfindən milli mənafelərin qorunmasına xidmət edən xarici siyasət kursunun məqsədyönlü şəkildə həyata keçirilməsi bu əlaqələrin düzgün qurulmasına imkan yaradıb.
Aprelin 12-də ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə İlham Əliyev bir daha bəyan etdi ki, İkinci Qarabağ müharibəsindən sonra yürütdüyü siyasət, beynəlxalq təşkilatlardakı fəaliyyət, ikitərəfli formatda böyük dövlətlərlə əlaqələr, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda baş verən inkişaf və hadisələr bu reallıqlara gətirib çıxarıb. Artıq bütün qonşu ölkələr yeni, postmünaqişə reallıqlarını qəbul ediblər və bu da çox müsbət hal kimi qiymətləndirilməlidir. Çünki bu reallıqlar əsasında "3+3" əməkdaşlıq formatı artıq işə düşüb. Bu da əlbəttə ki, əməkdaşlıq formatının bütün üzvləri üçün təqdirəlayiq, sevincli haldır.
Formatın yaradılması istiqamətində görülən işlərdən danışan Prezident dedi ki, artıq bu istiqamətdə ilk görüş keçirilib, tərəflər formatın yaradılmasını dəstəkləyiblər. Artıq ikinci görüş üçün hazırlıqlar görülür. Bunun üçün isə ortaya təkliflər qoyulmalıdır.
Azərbaycanın planları artıq hazırdır. Prezident də bunu belə izah etdi: "İlk görüş keçirilib. Birinci görüşün gündəliyi yox idi. Bu, sadəcə olaraq, bu formatı yaratmaq üçün bir görüş idi. İkinci görüş üçün gündəliklə bağlı bizim planlarımız var, hansı məsələlər orada müzakirə olunmalıdır. Hesab edirəm ki, yaxın gələcəkdə ikinci görüş də keçirilməlidir. Yəni, vaxt itirmək lazım deyil. Bizə bu formatlar, sadəcə olaraq, görüntü naminə lazım deyildir. Bu formatlar əgər konkret nəticə verməsə, onda onun əhəmiyyəti də itəcəkdir".
Göründüyü kimi, Prezident İlham Əliyev hər zamankı kimi qərarında israrlıdır və əməkdaşlığın genişləndirilməsi, yeni kommunikasiyaların yaradılması, logistik imkanların daha da artırılması üçün özünün qlobal miqyaslı layihələrini reallaşdırmağa hazırdır.
Prezident deyir ki, "biz real işlərin tərəfdarıyıq və gələcəkdə bölgənin inkişafı ilə bağlı çox aydın təsəvvürümüz var, biz bilirik nə istəyirik və öz məqsədlərimizə bundan sonra da çatmaq üçün bütün imkanlardan istifadə edəcəyik".
Məhz bu fikirlərə əsasən deyə bilərik ki, İlham Əliyevin layihələri regionun beynəlxalq nəqliyyat-tranzit imkanlarını artıracaq, xüsusən də Azərbaycanın iqtisadi qüdrətinə güc qatacaq. Prezidentin də söylədiyi kimi, bu format reallaşacağı təqdirdə Cənubi Qafqazda sülh, əmin-amanlıq olacaq, müharibə riskləri böyük dərəcədə azalacaq və beləliklə, hər kəs üçün rahat həyat başlayacaq.
Bu format Avrasiyanın nəqliyyat
arxitekturasını dəyişmək gücündədir
Postmüharibə mərhələsi müharibə dövrü qədər çətin olmasa da, qeyri-müəyyən zaman sayılır. Ona görə ki, heç kim əvvəlcədən bu dövrdə proseslərin necə inkişaf edəcəyini müəyyənləşdirə bilməzdi.
Lakin bütün çətin mərhələlərdə verdiyi qərarlarla, həyata keçirdiyi islahatlarla Azərbaycanın uğurunu təmin edən İlham Əliyev bu dövr üçün də hədəflər müəyyənləşdirmişdi. İndi Azərbaycan öz iqtisadi qüdrətindən yararlanmaqla postmüharibə dövrünün reallıqları əsasında inkişafını davam etdirir. Yəni İlham Əliyevin müharibədən sonra gələcək addımlarla bağlı müəyyənləşdirdiyi "yol xəritəsi" ilə Azərbaycan Cənubi Qafqazdakı mövqeyini getdikcə daha da gücləndirir. Zəngəzur dəhlizinin açılması isə ölkəmizin iqtisadi qüdrətini daha da yüksəldəcək.
Yeni "3+3" formatı ölkələrinin kəsişmə coğrafiyası - özəyi Cənubi Qafqaz, kənar halqası isə Rusiya, Türkiyə və İrandır. Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi cəhətdən lideri olmaqla, bu formatın həm özəyində, həm də kənar halqasında həlledici mövqeyə malikdir. Azərbaycan Qarabağ münaqişəsini uğurla həll etməklə, Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün zəmin hazırlayıb və "3+3" formatına əsaslar yaradıb.
İlham Əliyevin təklif etdiyi yeni format iqtisadi baxımdan böyük potensial vəd edir. Xüsusən də qarşılıqlı sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda əməkdaşlıq imkanları genişdir. Bu format "Zəngəzur dəhlizi" də daxil olmaqla, nəqliyyat arxitekturasını dəyişmək gücündədir. Xüsusən də Azərbaycanın su, hava, avtomobil və dəmir yolu nəqliyyat infrastrukturu altılıq ölkələrinin inteqrasiyasında mərkəzi mövqeyə malik ola bilər. Çünki Azərbaycanın regionun cənub və şərq hissəsində mövqelənməsi nəqliyyat infrastrukturunun həm meridianlar, həm də en dairələri üzrə şaxələnməsini təmin edir.
Əminliklə deyə bilərik ki, İlham Əliyevin irəli sürdüyü və digər 5 ölkə tərəfindən təqdir edilən yeni əməkdaşlıq platforması regional iqtisadi əməkdaşlıq sisteminin daha da güclənməsini təmin edəcək. Bütün ölkələr iqtisadi dividendlərlə imkanlarını daha da genişləndirəcəklər.
Bir sözlə, Prezident İlham Əliyevin təklifi ilə reallaşacaq yeni platforma həm də Cənubi Qafqazın təhlükəsizlik zəmanəti olacaq. Azərbaycan isə bir daha Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş ölkə kimi böyük dəyərə malik olduğunu növbəti dəfə dünyaya nümayiş etdirəcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2022.- 20 aprel.- S.6.