Ədəbiyyat
İnstitutu Şuşada
Azərbaycan Milli Elmlər
Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun 50-yə yaxın əməkdaşı Azərbaycanın
mədəniyyət paytaxtı olan Şuşa şəhərinə
səfər edib.
İnstitutun baş direktoru akademik
İsa Həbibbəylinin təşəbbüsü ilə həyata
keçirilən bu səfərin əsas məqsədi 44
günlük Vətən savaşında Ali Baş Komandan
İlham Əliyevin başçılığı ilə
Müzəffər Azərbaycan Ordusunun qazandığı
şanlı zəfər nəticəsində işğaldan
azad olunan doğma Şuşa şəhərini görmək
arzusunu institut əməkdaşları üçün
gerçəkləşdirməkdir.
Təsadüfi deyil ki, Şuşa
Azərbaycan ədəbiyyatının yarandığı ən
mühüm mərkəzlərdən biridir. Burada görkəmli
şair və yazıçılarımızdan Molla Pənah
Vaqif, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf
bəy Vəzirov, Süleyman Sani Axundov, Üzeyir bəy
Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Ceyhun bəy
Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli və
adlarını sadalamaqla bitməyən neçə-neçə
dahilərimiz yaşayıb yaratmışlar. Hər bir Azərbaycan
vətəndaşının, o cümlədən ədəbiyyatşünasların
otuz il arzusunda olduğu Şuşanı gedib görmək istəyini
nəzərə alaraq Ədəbiyyat İnstitutu qurumun həmkarlar
təşkilatının dəstəyi ilə mədəniyyət
paytaxtına səfər təşkil edib.
Şuşa ziyarəti dövlətimizin
Şuşaya vətəndaş səfərləri çərçivəsində
yaratdığı imkanlardan faydalanmaqla həyata
keçirilib. Səfər zamanı institut əməkdaşları
proqram üzrə Xurşidbanu Natəvanın evi və
bulağı, Şuşa qalası, Mərkəzi meydandakı
Üzeyir bəy Hacıbəyli, Xurşidbanu Natəvan və
Bülbülün heykəlləri, Bülbülün
ev-muzeyi, Cıdır düzü və Molla Pənah Vaqifin
muzey-məqbərə kompleksini ziyarət ediblər.
Prezident İlham Əliyev görkəmli
şairimiz Xurşidbanu Natəvanın anadan olmasının
190 illik yubileyinin qeyd olunması məqsədilə 14 mart
2022-ci il tarixli sərəncam imzalayıb. Sərəncama
uyğun olaraq, səfər çərçivəsində
Şuşanın mərkəzində yerləşən
Xurşidbanu Natəvanın heykəli önündə
görkəmli şairə həsr olunmuş "Xan
qızı Xurşidbanu Natəvan" adlı elmi sessiya
keçirilib. Sessiyada institutun icraçı direktoru, filologiya
üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli,
Natəvan irsinin tədqiqatçısı, professor İslam Qəribli,
filologiya elmləri doktoru Mahirə Quliyeva, institutun elmi katibi,
filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün
Bağırlı, filologiya üzrə fəlsəfə
doktoru, dosent Fəridə Hicran çıxış edərək
Şuşa ziyarəti və Xurşidbanu Natəvanın həyatı
və yaradıcılığı haqqında
danışıblar.
Şuşa səfəri Ədəbiyyat
İnstitutunun əməkdaşlarında zəngin təəssürat
yaradıb. Bu təəssüratların gələcək elmi
tədqiqatlar üçün stimul verəcəyi şübhəsizdir.
Aydan
XƏLİLOVA
Azərbaycan.-
2022.- 20 aprel.- S.7.