Qırğız Respublikası Prezidentinin
xanımı Azərbaycan Milli Xalça Muzeyində olub
Ölkəmizdə səfərdə olan Qırğız Respublikası
Prezidentinin xanımı
Ayqul Japarova aprelin 20-də Azərbaycan
Milli Xalça Muzeyində olub.
AZƏRTAC xəbər verir ki, burada qonağa
xalqımızın qədim
xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi
haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan
xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini
əks etdirən Muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə
olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını
nümayiş etdirir.
Diqqətə çatdırılıb ki,
“qızıl fondu”nu xovlu xalçalar təşkil edən Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri
saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq
məktəbinin - Quba,
Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin
xalça nümunələri
təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.
Diqqətə çatdırılıb
ki, Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti
sayəsində milli xalçaçılıq sənəti
2010-cu il noyabrın
16-da UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs Siyahısına
daxil edilib.
Maddi-mədəni irsimizlə yanaşı, Muzey binasının orijinal görünüşü,
qeyri-adi ekspozisiya zallarının quruluşu
qonaqda xoş təəssürat yaradıb.
Azərbaycan.- 2022.- 21 aprel.- S.5.