"Azərbaycan"ın səhifələrində yaşayan müstəqillik tariximiz

 

Sovet hakimiyyətinin mövcud olduğu yetmiş il ərzində "Azərbaycan" qəzetinin Xalq Cümhuriyyəti dövründə çap olunmuş nömrələrini oxumaq hamıya qadağan edilmişdi!

Nəinki oxumaq, hətta onu kitabxanalarda alıb baxmaq, nəzərdən keçirmək belə mümkün deyildi!

Arxivlərin ən uzaq və qaranlıq küncündə "məxfi"lik qrifi altında saxlanılırdı.

"Azərbaycan"ı "Müsavat partiyasının ideyalarını yayan", qorxulu bir qəzet kimi damğalayan kommunistlər onu görmək belə istəmirdilər.

Halbuki bu qəzeti yaradanların və iyirmi ay yaşadanların özləri "Azərbaycan"ı Müsavat partiyasının orqanı, qəzeti saymırdılar.

Qəzetin ilk redaktoru Ceyhun bəy Hacıbəyli bu məqamı nəzərdə tutaraq yazırdı: "Azərbaycan" bir firqənin, bir sinfinya bir kastanın orqanı deyildi. "Azərbaycan" milli bir orqan idi və feilən rəsmi hökmət heyyətinin rəy və mülahizəsini izah edəcəyinə öz yolunu sərbəstcəsinə cızıb, öz qənaətini bəyan edirdi".

Bəli, həqiqətən də, "Azərbaycan" heç bir fərdə, siyasi partiyaya, qrupa məxsus olmayan, müstəqil dövlətə və onun maraqlarına xidmət edən yeni tipli qəzet idi.

Kommunistlərin qorxduğu, əslində, başqa məsələ idi:

Onlar istəmirdilər ki, "Azərbaycan" qəzetini oxuyanlar, xüsusən gənclər nə vaxtsa Azərbaycanın müstəqil dövlət olduğunu, 23 ay azad ömür sürdüyünü, bütövlükdə Azərbaycan xalqının öz dövlətini qurmağa, onu yaşatmağa qadir olduğunu bilsin!

Onlar elə hesab edirdilər ki, SSRİ əbədi yaşayacaqdır, Azərbaycan isə onun tərkibində daim asılı vəziyyətdə qalacaqdır.

Lakin, necə deyərlər, sən öz saydığını say...

Xalqımız dövlət müstəqilliyi qazandıqdan sonra bütün qadağalar aradan qaldırıldı, "Azərbaycan" qəzeti isə azadlığa çıxaraq işıq üzü gördü.

Təəssüf ki, yenə də bütün xalq üçün əlçatan olmadı.

Ondan yalnız məhdud sayda tarixçilər və mətbuat tədqiqatçıları istifadə edə bilirdilər.

Səbəb "Azərbaycan"ın ərəb əlifbası ilə çap olunması idi.

Dəfələrlə cəhdlər göstərilsə də, onun transliterasiya edilməsi, başqa sözlə, yenidən latın qrafikası ilə çapı mümkün olmadı.

Lakin gecolsa haqq-ədalət yerini tutdu!

 

***

 

 Bu xeyirxahçox gərəkli işi görkəmli ziyalımız, professor Hafiz Paşayevin rəhbərliyi ilə ADA Universiteti öz üzərinə götürərək reallaşdırmağa başladı.

 Artıq "Azərbaycan"ın 52 nömrəsi transliterasiya olunaraq hər biri beş yüz səhifədən çox olan ikicildlik kitab halında nəfis şəkildə çap edilmişdir.

Ümumilikdə isə "Azərbaycan" qəzetinin 1918-1920-ci illərdə nəşr olunmuş 443 nömrəsinin transliterasiya ilə 20 cilddə çapı nəzərdə tutulur.

Bu, Azərbaycan jurnalistikasına, Azərbaycan ictimai fikrinə və xalqımıza çox dəyərli hədiyyədir.

Onu da deyək ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verən hadisələrə maraq xeyli artmışdır. İnsanlarımız birinci müstəqillik dövründə cərəyan edən proseslərə, dövlətçiliyin qurulmasına və inkişafına, parlamentin fəaliyyətinə ciddi maraq göstərməyə başlamışlar. Sovet dövründə bu barədə doğru məlumat verilmir, hökumətin və Məclisi - Məbusanın üzvlərini "Müsavat ideyalarının daşıyıcıları", "pantürkist", "panislamist" kimi adlarla damğalayır, gözdən salmağa çalışır, ən yaxşı halda bu barədə danışmırdılar.

Əsl həqiqət isə başqadır.

Azərbaycan xalqı, onun vətənpərvər, ağıllı və savadlı övladları XX əsrin əvvəllərində yaranmış situasiyadan istifadə edərək dövlət müstəqilliyini bəyan etdilər, milli dövlətçilik yaratmaq, demokratik quruluş qurmaq üçün fəaliyyətə başladılar.

Hətta bu sahədə bir sıra mühüm uğurlara da nail oldular.

Əlbəttə, həmin dövrdə müxtəlif partiyalar fəaliyyət göstərirdi, dövlət quruluşu və dövləti idarə etmək məsələlərində fikir ayrılıqları da vardı.

Bu istiqamətdə parlamentdə açıq müzakirələr gedir, necə deyərlər, fikir çarpışmaları baş verir, hərə öz mövqeyini doğru sayaraq müdafiə edirdi.

Bütün bunların hamısı "Azərbaycan" qəzetində öz əksini tapmışdır. Əslində, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün "Azərbaycan"ını oxumaqla bütün bunlar barədə daha dürüst və dəqiq məlumatlar əldə etmək mümkündür.

Bu baxımdan eyni zamanda qəzetin "qadağası" götürüldükdən sonra mətbuat tədqiqatçılarının, tarixçilərin müstəqil dövlətin ilk rəsmi qəzetinə marağı da artmışdır. Nəticədə müxtəlif araşdırmalar aparılmış, elmi məqalələr yazılmış, dissertasiyalar müdafiə olunmuşdur.

Ötən dövrdə "Azərbaycan" qəzetinin fəaliyyəti ilə bağlı bir sıra kitablar da işıq üzü görmüşdür.

Onların sırasında professor, görkəmli mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovun rəhbərliyi ilə hazırlanmış üçcildlik "Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər" kitabı xüsusi yer tutur. Hesabatlar hər bir parlament iclasının gedişini (bütövlükdə 130 iclas keçirilmişdir) qələmə aldığından ilk mənbə sayılır və dəqiqlik baxımından daha etibarlıdır.

 

***

 

Ötən əsrin sonlarında Azərbaycan xalqı yenidən dövlət müstəqilliyi əldə edərək azadlığa qovuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributları olan bayraqhimnimiz də yenidən müstəqil dövlətin rəmzlərinə çevrildi. Sələf və xələf prinsiplərinə uyğun olaraq rəsmi dövlət qəzeti də 1991-ci ildən nəşrə başladı. Lakin həmin illərdə "Azərbaycan" adı ilə başqa qəzet çıxdığından və KİV haqqında qanuna əsasən, eyni adda iki qəzetin buraxılması mümkünsüz sayıldığından rəsmi dövlət qəzetimiz "Həyat" adı ilə fəaliyyətə başladı. 23 sentyabr 1992-ci ildən isə "Azərbaycan" adı əsl sahibinə qaytarılaraq bu məsələdə də tarixi ədalət öz yerini tutdu.

Beləliklə, "Azərbaycan" öz sələfi olan "Azərbaycan"ın ənənələrini yaşatmaqla, yeni dövrün yeni tələblərini nəzərə almaqla, milli dövlətçiliyimizə sədaqətlə xidmət etməkdədir.

Redaksiyamız Azərbaycan Xalq Cümhuriyyəti dövründə 443 nömrəsi buraxılmış "Azərbaycan"ın oxuculara tanıdılması missiyasına da öz töhfələrini vermişdir. Bununla bağlı 2008-ci ildə - qəzetin 90 illiyi ilə əlaqədar xüsusi rubrika açılmış, silsilə materiallar hazırlanaraq sistemli şəkildə dərc olunmuşdur. Mətbuat tarixinin araşdırıcıları, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqatçıları bu xeyirxah işə cəlb edilmiş, onlara müxtəlif məsələlər və mövzularla bağlı xüsusi tapşırıqlar verilmiş, yazılmış elmi məqalələr, tədqiqat işləri, araşdırmalar qəzet səhifələrinə çıxarılmış, geniş ictimaiyyətə təqdim olunmuşdur.

Sonradan bütün bu materiallar, habelə arxivlərdən çıxarılmış bəzi qəzet nüsxələrinin surətləri, fotoşəkillər bir yerə cəmlənərək "Azərbaycan"-90" adlı 30 çap vərəqi həcmində kitab şəklində nəşr edilmişdir.

"Azərbaycan" qəzetinin 100 illik yubileyinə hazırlıq da geniş şəkildə aparılmışdır. Bu məqsədlə redaksiyada işçi qrupu yaradılmış, AMEA-nın Tarix İnstitutu, BDU-nun Jurnalistika fakültəsi, habelə ayrı-ayrı ziyalılar, alimlər və mətbuat tədqiqatçıları ilə sıx əlaqə yaradılmış, son dövrlərdə baş verən tədqiqat və araşdırmalar nəticəsində aşkara çıxarılan yeniliklər əsasında hazırlanmış məqalələr oxuculara təqdim olunmuşdur.

"Azərbaycan" qəzetinin birinci dövr nəşri zamanı buraxılan 443 nömrənin hamısı bizə gəlib çatmamışdır. Onların qəzet variantı şəklində mümkün olmasa da, elektron versiyada əldə olunması və arxivlərdə cəm halında saxlanılması yönündə müəyyən addımlar da atılmışdır. Lakin kəm-kəsir hələ də qalmaqdadır.

 

***

 

"Azərbaycan"ın 100 illik yubileyi münasibətilə redaksiyamız tərəfindən hazırlanaraq nəşr olunan "100 yaşlı "Azərbaycan" kitabı təkcə nəfis çapı ilə deyil, elmi tədqiqat baxımından mükəmməlliyi ilə də fərqlənir. 50 çap vərəqi həcmində olan bu kitabda "Azərbaycan"ın nəşrinin bütün qaranlıq məqamlarına da işıq salınmış, habelə müasir "Azərbaycan"ın fəaliyyəti barədə mütəxəssis rəyləri, tədqiqat və araşdırmaların nəticələri verilmişdir.

Kitaba müxtəlif dövrlərdə qəzetə redaktorluq etmiş Ceyhun bəy Hacıbəyli, Üzeyir bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim, habelə qəzetin cümhuriyyət dövrü yazarları barədə oçerklər də daxil edilmişdir.

"Azərbaycan" qəzeti çox çətin bir dövrdə, böyük əngəllər və maneələr şəraitində meydana gəldi. Azərbaycan Xalq Cümhuriyyəti öz fəaliyyətinə Gəncədə başlamalı olmuşdu. Həmin dövrdə paytaxt Bakı bolşevik-daşnak işğalında olduğundan "Azərbaycan" qəzetinin ilk nömrəsi də, bütövlükdə isə dörd nömrəsi Gəncə şəhərində çıxmışdır. Qəzet ilk günlərdən 2 dildə - Azərbaycan və rus dillərində çap olunmuşdur. Sonrakı nömrələr isə redaksiya Bakıya köçdüyündən paytaxtda işıq üzü görmüşdür.

"Azərbaycan" qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət qəzeti olmaqla, həmin dövrü öyrənənlər üçün ən mötəbər mənbə sayılır. Əslində, müstəqillik tariximizin ensiklopediyasıdır.

Qəzet etibarlı arxiv funksiyasını bu güninamla daşıyır. Redaksiya olaraq bu işə daim yaxından kömək göstəririk. İkinci dövlət müstəqilliyi dövründə nəşr olunan "Azərbaycan"ın elektron versiyası küll halında redaksiyada, habelə digər arxivlərdə mühafizə olunur.

 

***

 

Daha bir sevindirici addım isə ADA Universiteti tərəfindən atılmışdır. Biz dəfələrlə təşəbbüs göstərərək müxtəlif ünvanlara müraciət etsək , "Azərbaycan" qəzetinin Azərbaycan Xalq Cümhuriyyəti dövrü nömrələrinin transliterasiya olunaraq kitab şəklində buraxılmasına nail ola bilməmişdik. Çox şadıq ki, vətənpərvər ziyalımız, ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin rəhbərliyi ilə bu işə başlanılmış ilkin uğurlar qazanılmışdır. Belə ki, "Azərbaycan" qəzetinin 52 nömrəsi transliterasiya olunmuş, çətin anlaşılan sözlərin mənası yazılmış, şərhlərlə birlikdə hər biri 500 səhifədən çox olmaqla, 2 kitab halında nəfis şəkildə nəşr edilmişdir. Növbəti dövrdə daha 18 cilddə bütün 443 nömrə oxucuların ixtiyarına veriləcək.

Kitabdakı ön sözdə Hafiz Paşayev yazır: "Qəzetin müasir oxucu üçün əlçatan olması tariximizin cümhuriyyət dövrü kimi zəngin səhifəsinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Azərbaycan xalqının tarixi mirasını qorumaq gələcək nəsillərə töhfə verməkdən ADA Universiteti qürur duyur".

Bu xeyirxah addımı biz minnətdarlıqla qarşılayır xüsusi təşəkkürümüzü bildiririk!

Onu da qeyd edək ki, "Azərbaycan" qəzetinin tarixi nömrələrinin transliterasiya edilərək kitab şəklində çapı əlamətdar hadisə olmaqla yanaşı, bir çox faydalı cəhətləri vardır.

Əvvəla, indiyədək arxivlərdə yaşayan qədim qəzet nömrələri hər kəs üçün əlçatan olacaqdır. Daha ərəb əlifbasını oxuya bilməmək kimsəyə maneə törətməyəcəkdir.

İkincisi, bu, mətbuat tədqiqatçılarımızın da işini xeyli asanlaşdıracaq, araşdırmaların keyfiyyətinə müsbət təsir göstərəcəkdir.

Üçüncüsü, Jurnalistika fakültəsinin tələbələri bu imkandan yetərincə bəhrələnəcək, "Azərbaycan"ı "ilkin mənbədən" oxuya biləcəklər.

Dördüncüsü, arxivdən çıxarılan qəzet nömrələri milli mətbuatımızın ənənələrinin öyrənilməsinə dövrün tələblərinə uyğun inkişafına daha bir təkan verəcəkdir.

Beşincisi, orijinalla tanışlıq Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verən hadisələrin, müxtəlif fikir cərəyanlarının, ayrı-ayrı məsələlərə o dövrdəki partiya qrupların münasibətləri barədə dolğun təsəvvürün yaranmasında yardımçı olacaqdır.

Bütün bunları nəzərə alaraq, bugünkü nömrəsindən etibarən ADA Universitetinin təşəbbüsü dəstəyi ilə "Azərbaycan" qəzetinin transliterasiya olunaraq şərhlərlə birlikdə işıq üzü görmüş nömrələrini yenidən qəzetimizdə dərc edirik.

 

Bəxtiyar SADIQOV,

"Azərbaycan" qəzetinin Baş  redaktoru

 

Azərbaycan.- 2022.- 21 aprel.- S.1; 8.