BDU-da görkəmli alim Təhsin Mütəllimovun
90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib
Bakı Dövlət Universitetində (BDU) görkəmli alim, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor, Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimovun 90 illik yubileyinə həsr olunmuş "Azərbaycan ədəbiyyatşünaslığının aktual problemləri" mövzusunda respublika elmi konfransı keçirilib.
Bu barədə
AZƏRTAC-a BDU-dan məlumat
verilib.
Tədbirdə çıxış edən
BDU-nun rektoru Elçin
Babayev bildirib ki, Təhsin Mütəllimov Azərbaycan
elminə və ədəbi fikir tarixinə misilsiz töhfələr verən
böyük mütəfəkkir
və əvəzolunmaz
şəxsiyyətlərdəndir. Onun 90 illik
ömrünün 70 ilə
yaxını BDU ilə
bağlıdır. Alimin
BDU-da yüksəkixtisaslı
kadrların hazırlanmasında
müstəsna xidmətləri
var. Təhsin Mütəllimov
Mir Cəlal, Abbas Zamanov, Əkbər Ağayev kimi böyük alimlərin çalışdığı akademik mühitdə peşəkar alim və tədqiqatçı
kimi formalaşıb. Alimin rəhbərliyi altında
20-dək fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları müdafiə
olunub. Təhsin Mütəllimovun səmərəli fəaliyyəti
dövlətimiz tərəfindən
yüksək qiymətləndirilib.
O, 1991-ci ildə "Əbdürrəhim
bəy Haqverdiyevin poetikası" kitabına
görə Azərbaycan
Respublikasının Dövlət
mükafatına, 2017-ci ildə
"Əməkdar elm xadimi"
fəxri adına
layiq görülüb.
2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı və "3-cü dərəcəli
Əmək ordeni"
ilə təltif edilib.
E.Babayev professor Təhsin Mütəllimovun
əsl elm fədaisi kimi çalışdığını,
elmə, təhsilə
töhfələr verdiyini
deyib.
ADA Universitetinin rektoru Hafiz Paşayev çıxışında Təhsin
Mütəllimovun Mir Cəlalın
ən sevimli tələbələrindən biri
olduğunu və onu öz övladı
kimi sevdiyini vurğulayıb: "Mir Cəlalın
bütün tələbələri
ona ailə başçısı kimi
yanaşırdılar, tez-tez
bizə gəlirdilər.
Bu, çox isti
və incə münasibət idi. Mən Təhsin Mütəllimovu Mir Cəlalın
təkcə tələbəsi
kimi deyil, oğlu kimi tanıyıram", - deyə
H.Paşayev bildirib.
Hafiz Paşayev qeyd edib ki,
Təhsin Mütəllimovun
Mir Cəlalın yadigarı
olan "Ədibin evi"nin formalaşmasında
da əməyi böyükdür: "Bura
bir ədəbiyyat ocağıdır. Mən ədəbiyyatşünasları
bu ocaqdan daha çox istifadə eləməyə
çağırıram. Biz Azərbaycan ədəbiyyatını
daha geniş təbliğ etməliyik.
Bu baxımdan Təhsin Mütəllimov təkcə tələbələrə,
ədəbiyyata, BDU-ya
deyil, bütün universitetlərə lazımdır".
Daha sonra çıxış edən
BDU-nun Rus ədəbiyyatı
tarixi kafedrasının
müdiri professor Ədibə
Paşayeva, akademiklər
Teymur Kərimli, Vasif Babazadə, BDU-nun Jurnalistika fakültəsinin
Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli, AMEA-nın
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Əlizadə Əsgərli
Mir Cəlal məktəbi
ilə bağlı xatirələrini bölüşüb,
bu məktəbin ən layiqli davamçılarından olan
Təhsin Mütəllimovun
elmi-pedaqoji fəaliyyəti
haqqında fikirlərini
bildiriblər.
Tədbirdə Təhsin
Mütəllimov 90 illik
ömrünü ləyaqətlə
yaşadığını deyib: "Bir dəfə tələbələrimdən
biri "Əsl müəllim necə olmalıdır?" deyə
soruşdu. Dedim ki, müəllim olmaq üçün əvvəlcə şəxsiyyət
və insan olmaq
lazımdır. Müəllim gərək öz
tələbələrinə balası kimi
baxsın. Ustadım Mir Cəlal vaxtilə
deyərdi: Bu universitetdə ən böyük adam tələbədir,
tələbəni incitmək olmaz.
Ustadımın bu sözü
həmişə yadımda qalıb. Müəllimlik fədakarlıqdır".
Azərbaycan.-
2022.- 21 aprel.- S.11.